Zəhmət uğur gətirir

 

Elm xadimləri

 

Onun fəaliyyətinin böyük bir hissəsi 100 yaşlı Bakı Dövlət Universiteti ilə bağlıdır. Bu təhsil ocağında tələbəlikdən başlayan yolunu İfrat Əliyeva indi Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, dosent, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim olaraq davam etdirir.

 

Arzulardan-arzulara...

 

Xatirələr həmsöhbətimi uzaqlara aparır: "Uşaqlıq illəri başqa aləmdir, - deyir. - O çağları yada salmaq gözəldir... Mən Bakı şəhərində dünyaya göz açmışam. Amma əslən şirvanlıyıq. Göyçay rayonunun Zərdab qəsəbəsindənik. Atamla anam əmioğlu-əmiqızı idlər. Babalarım xeyriyyəçi olublar. Böyüklərimizdən bu barədə çox eşitmişəm. Nənəm deyərdi ki, babanız çörək verən adam olub, kasıblara əl tutub. Nənəm, babam ali təhsil almayıblar. Amma təhsil tərəfdarı olublar. Həmişə deyirdilər ki, uşaqları oxudub bir günə çıxartmaq lazımdır. Onların bu tövsiyələri, istəkləri bizim ailə ənənəmizə çevrildi”.

Bakının şanlı-şöhrətli 132 saylı orta məktəbində oxuyub. Aradan çox illər keçsə də, xatirələrində o günlərin yeri bambaşqadır... Hər dəfə o məktəbin qarşısından keçəndə ayaq saxlayır. Unudulmaz müəllimləri, məktəb yoldaşları gözlərinin önündə canlanır. Deyir ki, bu məktəbin hələ də davam edən gözəl ənənəsi var: "Müəllimlərimiz savadlı və tələbkar olduqları qədər qayğıkeş idilər. Mülayim, sakit, alicənab, humanist idilər. Hətta ən zəif oxuyan şagirdi də danlamırdılar. Təhsilin əhəmiyyətini izah edir, tədris etdikləri fənni başa salırdılar”.

O vaxtlar bu təhsil ocağında ancaq qızlar oxuyurdu. Sinifdən-sinfə keçdikcə arzuları qol-qanad açırdı. İfrat Əliyeva həkim olmaq istəyirdi. Uşaqlıqda gəlinciklərini "müalicə edirdi”. Anasından xahiş edirdi ki, ona xalat, papaq alsın. Anası gülümsəyirdi: "Qızım, sən hələ Tibb İnstitutuna daxil ol, mən sənə bir deyil, iki xalat, iki papaq alaram”.

Həkimlik arzusuyla 8-ci sinifə çatdı. Və bir gün qapı açıldı, sinif otağına hündür boylu, yaraşıqlı, səliqəli, qəhvəyi paltar geyinmiş bir xanım daxil oldu. Salamlaşandan sonra: "Mən sizə Azərbaycan ədəbiyyatı fənnini tədris edəcəyəm” dedi. O günün təəssüratlarını İfrat Əliyeva belə xatırlayır: "Yeni müəllimimiz sakit, aramla şifahi xalq ədəbiyyatı haqda danışmağa başladı. İlk cümlələrindən bizi böyük bir aləmə apardı. Azərbaycan ədəbiyyatının zənginliyi, bayatıları, laylaları, sayaçı sözləri, qoşmaları, dastanları barədə söylədikləri hamımızı heyran etdi. Danışdıqları qulaqlarımızda nəğmə kimi səslənirdi. O gün mən öz-özümə dedim: "Əlvida, həkimlik!”. Müəllimin gücünə baxın. Birinci dərsi ilə arzularıma yeni, həm də ömürlük istiqamət verdi. Məni həmişəlik ədəbiyyata bağladı. Həmin müəllim respublikada ən tanınmış pedaqoqlardan biri - Bilqeyis Məmmədova idi...”.

 

Tələbəlikdən müəllimliyə...

 

1956-cı ildə orta təhsilini əla qiymətlərlə başa vurdu. 132 saylı orta məktəbin 10b sinfinin məzunu İfrat Əliyeva arzularının ardınca yollandı: "Məktəbimiz də, universiteto zaman Kommunist (indi İstiqlaliyyət) küçəsində yerləşirdi. O səkidən bu səkiyə keçdim və sənədlərimi Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə verdim. İmtahanlarda ən yüksək bal toplayaraq tələbə adını qazandım. Yenə müəllimlər sarıdan bəxtim gətirdi. Məmməd Arif Dadaşzadə, Mir Cəlal Paşayev, Həmid Araslı, Cəfər Xəndan, Məmməd Cəfər Cəfərov, Cəfər Cəfərov, Feyzulla Qasımzadə, Hadı Mirzəzadə, Muxtar Hüseynzadə, Hidayət Əfəndiyev, Xalid Əlimirzəyev, Muxtar Qasımov kimi böyük alimlərdən dərs aldım. Sevimli müəllimlərimizdən biri də mənə ədəbiyyatı sevdirən Bilqeys Məmmədovanın həyat yoldaşı, filologiya elmləri doktoru, ilk folklorşünas alimlərdən biri Məmmədhüseyn Təhmasib oldu. Bizə dərs deyən bu müəllimlər filologiya elmimizin bayraqdarları idilər. Onlar respublikamızdan kənarda da tanınmış alimlər idi. Hər müəllimdən bir xüsusiyyət götürürdük. Onlar sankı dərs demirdilər, şam kimi əriyirdilər. Bədii ədəbiyyatla nəzəri ədəbiyyatı paralel şəkildə o qədər gözəl, aydın şəkildə təhlil edirdilər ki, söylədikləri beynimizə həkk olurdu. Müəllimlərimiz bizə yalnız elmi biliklər aşılamırdılar, həm də vətənimizi, xalqımızı sevməyi öyrədirdilər. Mən o müəllimlərə borcluyam...”.

Bakı Dövlət Universitetində də adı əlaçı tələbələrin sırasında çəkilib. Elə buna görə 1961-cı ildə ona məzunu olduğu ali məktəbdə qalıb işləməyi təklif ediblər. İfrat Əliyeva o günləri xatırlayır: "Filologiya fakültəsində adicə laborant kimi işə başladım. Xeyli müddət sonra baş laborant təyin edildim. Pillə-pillə qalxdım və heç zaman gileylənmədim ki, niyə belə gec oldu. Böyük şəxsiyyətlərlə bir yerdə çalışdım, onlardan öyrəndim. Cəfər Xəndan vəfat etdikdən sonra, 1962-ci ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri Mir Cəlal Paşayev oldu. O, humanist bir insan idi, hamıya xeyirxahlıq göstərirdi. Müəllimlərimizdən çox çəkinirdik. Mir Cəlal müəllimin yanında necə deyəydim ki, mənə mövzu verin?! Bir gün müəllimim bu məsələ ilə maraqlandı. Mən nəsri də sevirəm, amma uşaqlıqdan poeziyaya heyranlığım başqadır. Bunları Mir Cəlal müəllimə söylədim. O da Bəxtiyar Vahabzadənin yaradıcılığını tədqiq etməyi məsləhət gördü. "Bəxtiyar Vahabzadənin lirikası” mövzusunda elmi araşdırmalara başladım. Günlərimin çox hissəsi kitabxanalarda keçirdi. O vaxtlar indiki kimi kitab bolluğu, internet yox idi. Amma bütün çətinliklərin öhdəsindən gəlirdik. Çünki oxumağa, öyrənməyə həvəsimiz güclü, arzularımız sonsuz idi. Bəxtiyar Vahabzadənin yaradıcılığını təhlil etmək o qədər də asan deyildi. Əsərlərində sətiraltı ifadələr çox idi. Şairin yaradıcılığını tədqiq etdim. İlk dəfə mən Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında elmi əsər yazdım. Elmi rəhbərim filologiya elmləri doktoru, ədəbiyyatşünas, müəllimlər müəllimi professor Pənah Xəlilov idi. Onun xeyir-duası ilə 1971-ci ildə "Bəxtiyar Vahabzadənin lirikası” mövzusunda dissertasiya müdafiə etdim. O vaxtlar Ali Attestasiya Komissiyası Moskvada idi. Oradan adətən iki-üç ilə cavab verirdilər. Mənim elmi işimin təsdiqi barədə cavab üç aya gəldi. Filologiya elmləri namizədi alimlik dərəcəsi aldım. Yenə illər keçdi. Məndən soruşurdular ki, niyə doktorluq elmi dərəcəsi almaq üçün mövzu götürmürsən? Mövzu müəyyənləşdi və Məmməd Rahimin yaradıcılığını araşdırdım. 1988-ci ildə "Məmməd Rahimin yaradıcılıq yolu” mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsi aldım”.

Uzun illərdir Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin müəllimidir. Aradan xeyli vaxt keçsə , ilk dəfə tələbələrin qarşısına müəllim kimi çıxdığı o günün həyəcanını unutmadığını söyləyir: "Çox gənc idim. Auditoriyaya qorxa-qorxa getdim. Elə bildim sinif otağı başıma dolanır. Danışmağa başladım gördüm ki, tələbələr məni dinləyirlər...”

 

Əməyin bəhrəsi şirin olur

 

Hərdən müəllimlər gileylənirlər ki, tələbələrin ixtisasa sevgisi, mütaliə səviyyəsi əvvəlki kimi qənaətbəxş deyil. İfrat Əliyeva deyir: "Mən bu fikirlə razı deyiləm ki, tələbələr mütaliə etmirlər. Oxuyan da var, oxumayan da. Mən humanist adamam. Eyni zamanda savadsızı sevmirəm. Hiss edəndə ki, dəryada damladır, onun əlini buraxmıram. Düşünürəm ki, yəqin o da sabah başqalarının əllərindən tutacaq. Tələbələrlə münasibətlərim həmişə qarşılıqlı olub. Hamısından mərifət, qanacaq, tərbiyə görmüşəm. Bəzən şuluq tələbə olur, qaşımı qaldırıram, qurtardı... Magistraturada dərs deyirəm. Mən cığır açıram, deyirəm ki, bu yolla gedək. Kimsəni məcbur etmərəm. Sadəcə, tövsiyə edə bilərəm. Tələbələri məcbur oxutmuram. Elə şərait yaradıram ki, özləri öyrənməyə həvəs göstərsinlər. Deyirəm ki, istəyirsən sənə 1 deyil, 10 dənə 5 verim. Ancaq bu qiymət sənə verəcək? Axı sən sabah kiməsə dərs deməlisən. Bu gün Bakı Dövlət Universitetində, Azərbaycan Milli Elmlər Akademiyasında elmi dərəcələri, titulları olan, özlərinə mövqe qazanmış neçə-neçə tələbəmiz var. Fəxr edirəm ki, onların formalaşmasında, yetişməsində dəryada damla qədər olsa, mənim xidmətim olub”.

Həyat hər insanı bir ömür içərisində çox sınaqlara çəkir. Gərək dözməyi bacarasan. İfrat xanım Bəxtiyar Vahabzadənin bu misralarını yada salır:

 

Həyat səni güldürəndə

gülmüsən.

Hünərin var ağlayanda

gül görüm.

 

yenə xatirələrin cığırıyla ötənlərə dönür: "Anam müəllim, atam aqronom idi. Onlar zəhmətkeş insanlardı. Bizim yolumuzda çox əziyyətlər çəkdilər. Atam əlli yaşında dünyadan köçdü. Anam mənim elmlər namizədi adını aldığım, iş-güc sahibi olduğum günləri gördü... Hərdən öz-özümə deyirəm ki, bir vaxtlar həkim olmaq istəyirdim, ədəbiyyat bu arzudan önə keçdi. Bunun üçün heç zaman peşman olmadım. Neçə-neçə tələbəyə dərs dedim. Bizim ailədə filoloq mənəm. Ancaq qardaşım qızı Jalə Əliyeva filologiya elmləri doktoru, universitetmizin aparıcı müəllimlərindən biridir, Türk xalqları ədəbiyyatı kafedrasının professorudur”.

Əməyin bəhrəsi şirin olur. Zəhmət uğur gətirir. Doğrudur, həmişə belə olmur. Bəzən əməyin müsbət nəticəsini görə bilmirsən. Amma bu, həmişəlik belə qalmır. Səbr etmək ruhdan düşməmək lazımdır: "Həmişə çalışmışam haqqı nahaqqa verməyim. On dörd il dekan müavini, iki il dekan əvəzi, altı il yarım da prorektor olmuşam. Hər zaman üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə səy göstərmişəm. Prorektor işləyəndə heç vaxt qapını bağlı saxlamırdım. Belə qayda qoymuşdum ki, qəbulumda gün ya saat yoxdur, kim gəlsə, içəri girsin. Ömrüm boyu çox çalışmışam. Ancaq heç vaxt özümdən razı qalmamışam. Bəxtiyar Vahabzadə demiş:

 

Bircə ondan razıyam ki,

Özümdən narazıyam”.

 

Deyir ki, yazacaqlarım hələ çoxdur: "Qələm sanki yetim uşaq kimi üzümə baxır. "Niyə dayanmısandeyə xəbər alır. Ədəbiyyatı çox sevirəm. Amma mən şair, nasir deyiləm. Elə qabiliyyətim yoxdur. Mən ədəbiyyatşünasam. Düşünürəm ki, hər kəs bacardığı işlə məşğul olmalıdır. Bir ... Həyatın öz qanunları var. Bir yandan boşalır, bir yandan dolur... Amma zəhmət, alicənablıq, nəzakətlilik humanistlik insanı həmişə yaddaşlarda saxlayır”.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.-5 dekabr.- S.9.