Sərbəst fəaliyyətin təmənnasız forması

 

5 dekabr Beynəlxalq Könüllülər Günüdür

 

Bu, həm də öz seçimi əsasında insanlara göstərilən diqqət və qayğıdır

 

Könüllülük prinsipi xalqımızın tarixində milli adət-ənənələr sırasında minilliklər boyu yol gələn bir norma və prinsipə çevrilən xidmətdir. Doğrudan da bu, xeyirxahlıq missiyası daşımaqla, hər kəsin öz iradəsinə, sərbəst seçiminə əsaslanır. Adından da göründüyü kimi, bu xeyirxahlıq, təmənnasız xidmət əxlaq kodeksinin bəndlərindən biri kimidaim diqqət mərkəzində olub. Lakin xalqımızın milli-mənəvi sərvətlərindən olanqorunub saxlanan bu xeyirxahlıq nümunəsi "Bakı-2015” I Avropa Oyunları dövründə könüllülərin fəaliyyətində özünü daha qabarıq formada göstərdi.

Beynəlxalq Könüllülər Gününün vacibliyi, səmərəsi dünyanın bir çox ölkələrində sanki yenidən canlanır. Bir daha təsdiqləndi ki, könüllülük insanların öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirməkdir.

Könüllülüyün məqsədi tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir. Əvəzi ödənilməyən bu fəaliyyət növü ilə hər kəs qarşılığını gözləmədən cəmiyyətə ("ASAN xidmət” könüllülüləri də məhz bu kateqoriyaya daxildirlər), təbiətə, insan haqlarının qorunmasına xidmət edə və ya öz peşəsi üzrə təcrübə, bilik, dostlar qazana bilər.

Hər il dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd edilir ki, bu da BMT Baş Məclisinin 1985-ci ildə hökumətlərə etdiyi müraciətə əsaslanır. Könüllülərin özlərinin də bildirdiyi kimi, bu, öz maraqları, şəxsi bacarıqları və öyrənmə vasitəsilə cəmiyyətə xidmət göstərilmədir ki, qarşılığında maddi vəsait əvəzinə mənəvi dəyər və hörmət qazanılır.

Könüllülük həm də bacarıqların inkişafı, sosiallaşma və əyləncə növü kimi də anlaşılır. O, həmçinin mümkün məşğulluq və digər başqa səbəblərə görə nəzərdə tutulan əlaqə vasitəsidir. BMT-nin Könüllülər Proqramı milli inkişaf cəhdlərini dəstəkləmək üçün hər il 7500-ə yaxın gəncin əməyindən təmənnasız istifadə edir. Ölkəmizdə də son zamanlar daha fəal və çevik fəaliyyət növünə çevrilən könüllü xidmətə qoşulanların sayı durmadan artmaqdadır. I Avropa Oyunlarında könüllülərin fəaliyyətini yüksək qiymətləndirən Gənclər və İdman naziri Azad Rəhimov onları "Bakı-2015”-in mühüm parçası olduqlarını bildirmişdi.

Azərbaycanda peşəkar könüllülərin qazandığı təcrübənin yeni nəslə bu işin sirlərini öyrətməkdə yardımçı olacaqlarını ifadə edən nazir onu da söyləmişdi ki, bizim könüllülərlə işbirliyimiz bundan sonra da davam edəcək.

Onu da qeyd edək ki, bu il martın 18-də Təhsil Nazirliyində "Bir” Tələbə-Könüllü proqramının 2018-ci il üzrə ən fəal 14 tələbə-könüllüsü mükafatlandırılıb. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Qərbi Kaspi Universiteti, Azərbaycan Texnologiya Universiteti və Sumqayıt Dövlət Texniki Kollecindən 2018-ci il üzrə ən fəal tələbə-könüllülər sertifikatla mükafatlandırılıb.

Xatırladaq ki, 7 şəhər, 37 təhsil müəssisəsindən 20 mindən çox tələbə-könüllünü birləşdirən proqram indiyədək "Formula-1” Azərbaycan Qran-prisi, IV İslam Həmrəyliyi Oyunları, "Nəsimi” - şeir, incəsənət və mənəviyyat festivalı, Bakı marafonları, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir, Bakı Şopinq Festivalı, Bakı Humanitar Forumu, ümumilikdə 6 istiqamət üzrə 400-dən çox tədbirdə uğurla fəaliyyət göstərib.

Könüllülərin ölkəmizdə son illər keçirilən beynəlxalq kütləvi tədbirlərdəki fəaliyyətinin mühüm əhəmiyyət daşıması təhsil sahəsində də özünü göstərir. I Avropa Oyunlarında könüllülərin 14 min nəfərdən çoxu məhz təhsil sistemindən qoşulmuşdu. I Avropa Oyunlarında xidmət göstərən könüllülərin əksəriyyəti tələbə-gənclərdən ibarət idi. Onlar bu gün də fəxr və qürurla "biz həm tarix yazdıq, həm də tarixə yazıldıq” deyirlər. Bu fikirdə olan, əsasən gənclər kontingentində formalaşmış könüllülərin arasında Azərbaycan Texniki Universitetinin tələbələri də az deyildi. Bu təhsil müəssisəsinin də vətənpərvər və intellektual səviyyəli, bacarıqlı, müxtəlif kurs və ayrı-ayrı fakültələri təmsil edən tələbələrindən 700-dən artıq tələbəsi könüllülər sırasında təmənnasız xidmətlə şərəfli missiya daşıdıqlarını təsdiqlədilər.

Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman nazirlikləri və "ASAN xidmət”in birgə təşkilatçılığı ilə yüzlərlə gəncin və bütün könüllü təşkilatlarının iştirak etdiyi "Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı” çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllülük hərəkatlarının stendləri quraşdırılıb və ziyarətçilərə nümayiş olunub. Həmçinin, tədbir keçirilən məkanda gənclər üçün 70 şirkətin iştirak etdiyi xüsusi əmək yarmarkası təşkil edilib.

Gənclərin Dünya Assambleyası Beynəlxalq təşkilatının baş katibi Ediola Pashollari ilə Rusiya Federasiyasının Milli Gənclər Şurasının sədri Qriqoriy Petuşkov gənclərə öz tövsiyələrini və Beynəlxalq Könüllülər Gününün tarixi barədə məlumat çatdırıblar.

Tədbirin gedişatında ASAN Könüllülər, Heydər Əliyev Fondunun "Regional İnkişafİctimai Birliyinin, "Formula-1” könüllüləri rəhbərləri çıxış edərək bu hərəkatın uğur və fəaliyyəti barədə məlumat veriblər. Azərbaycan Respublikası Gənclər Fondunun "Gənc Könüllü” proqramının təqdimatı nümayiş olunub.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş respublika toplantısında söylədiyi "Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq bəzi qurumlar yeni proqramın icrasına başlayıblar.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "ASAN Könüllüləri” təşkilatı tərəfindən keçirilən "Tələbə Oskarı: Tələbələrarası qısametrajlı film festivalı” layihəsinin bağlanış mərasimində final mərhələsinə vəsiqə qazanmış 5 film nümayiş etdirilib. Filmlər münsiflər heyəti tərəfindən "çəkiliş”, "sosial mesaj-süjet xətti” və "kreativ yanaşma” meyarları üzrə qiymətləndirilib. Ən çox səs toplamış "Arzuların ardınca” filmi qalib elan olunub və müəllifi Orxan Babayev "Tələbə Oskarı”na layiq görülüb.

ASAN könüllüsü İbrahim Osmanovun ideya müəllifi olduğu bu layihə "Azərbaycan kinosu 2008-2018-ci illərdə” Dövlət Proqramı çərçivəsində kino sahəsində istedadlı və yaradıcı gənclərin fəaliyyətini stimullaşdırmaq məqsədilə həyata keçirilib.

Ümumiyyətlə, 19 min nəfər gənci birləşdirən "ASAN Könüllüləri”ndə 2500 təlim keçirilib. Könüllülük prinsipli 550 layihənin müəllifi olan "ASAN Könüllüləri” "Əsgərə məktub”a 2016-cı ildən start verib. "ASAN Könüllüləri”nin "ASAN məktub”, "Qarabağa doğru”, "Könüllülər Parlamenti”, "Birliyin səsi”, "Hərəyə bir kitab bölüşək”, "Yaradıcı könüllülər”, "Özünü tanı”, "Xəmsə”, "Könüllülər yurdu-Azərbaycan”, "Debat çempionatı”, "Yol layihəsi-nəqliyyat bələdçisi”, "Diplomatik psixologiya” və s. kimi layihələr cəmiyyət tərəfindən dərin rəğbətlə qarşılanıb.

Beynəlxalq Könüllülər Günü ölkəmizdə hər il yüksək səviyyədə qeyd edilir: müxtəlif aksiyalar keçirilir. Onu da deyək ki, könüllülərin əksəriyyəti həm də Qızıl Aypara Cəmiyyətinin üzvləridirlər. Məhz onların səyi nəticəsində hər gün yüzlərlə insan maarifləndirilir, pis vərdişlərdən uzaqlaşması naminə müxtəlif layihələr həyata keçirilir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 5 dekabr.- S.9.