Sumqayıt təxribatında DTK izləri

 

Sumqayıt  təxribatı - erməni millətçilərinin çirkin əməli

 

1988-ci il fevralın 28-29-da Sumqayıtda erməni xüsusi xidməti və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən iğtişaşlar həyata keçirildi, talanlar edildi. İki gün davam edən ajiotajda erməni mənşəli Azərbaycan vətəndaşları ilə yanaşı, 6 nəfər azərbaycanlı həlak oldu.

Təəssüflər olsun ki, bu gün də erməni millətçiləri bu hadisələrlə bağlı Azərbaycana qara yaxmaqla məşğuldurlar.

Bu məsələyə Prezident İlham Əliyev Sumqayıtın 70 illiyi ilə bağlı tədbirdəki çıxışında da xüsusi toxundubir daha bəyan etdi ki, Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi: "Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryanonun quldur dəstəsi idi. Sonrabaş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir. Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi”.

 

Talanın arxa planda qalmış təşkilatçıları axtarılmayıb

 

O dövrdə hadisələrin nədən baş verdiyi, bunu planlaşdıranların, təşkilatçıların kim olması barədə dərin bir müəmma var idisanki gizli bir əl bütün bu izləri asanlıqla silirdi. Ən birinci müəmma talanların başlanmasının səbəbkarı və sübut olunmuş faktlara əsasən talan zamanı bilavasitə 6 nəfəri şəxsən öldürmüş "Paşa” ləqəbli Eduard Robertoviç Qriqoryan adlı erməni idi. Onun Dağlıq Qarabağdan gəlmə ermənilərlə əlaqələri, əlində ermənilərin yaşadığı evlərin siyahısının olması, talan üçün cinayətkarlardan ibarət qrupu təşkil etməsi, ajiotajı mümkün qədər nümayişkaranə həyata keçirməyə cəhd göstərməsi haqda cinayət materiallarında kifayət qədər faktların olmasına baxmayaraq, istintaq onları araşdırmayıb. İstintaq həm də talanın arxa planında qalmış, amma istintaq əlamətləri bəlli olan təşkilatçılarını axtarmağa cəhd göstərməyib, hətta onları ört basdır etməyə də çalışıb.

Bu da məlumdur ki, SSRİ DTK-sında Qriqoryan və digər təşkilatçılar haqda məlumatlı olublar...

 

Sumqayıt boru-prokat zavodunun DTK-dan olan erməni kuratorunun iğtişaşla birbaşa əlaqəsi vardı

 

İğtişaşlarda bir məqam xüsusi olaraq diqqəti cəlb edir: Eduard Qriqoryanın və eyni zamanda həyat yoldaşı Rita Qəhrəmanyanın işlədikləri Sumqayıt boru-prokat zavodunun DTK-dan olan kuratoru da Sergey Ohanesyan adlı erməni idi. O, 1986-cı ildə Moskvadan Sumqayıta təyinat almışdı. İstintaqa məlum idi ki, küçədə və avtovağzalın yanında cinayətkar qruplar üçün naməlum şəxslər tərəfindən müxtəlif nömrəsiz maşınlarda daş parçaları, eyni həcmdə kəsilmiş armaturlar gətirib və bunlar xeyli erməninin işlədiyi boru-prokat zavodunda kəsilib hazırlanaraq Qriqoryanın qardaşı Albertbaşqa bir yerli olmayan erməninin köməyi ilə adamlara paylanılıb.

Təsadüfi deyil ki, məhz Sergey Ohanesyan Sumqayıt boru-prokat zavodundan qaynaqlanan talana hazırlıq haqda məlumatların gizlədilməsində əsas rol oynayıb və buna görə məsuliyyət həm də onun üzərindədir. Bu məqam Sumqayıt hadisələrində erməni və DTK izlərinin bütün istiqamətlərdə kəsişdiyini göstərən çoxsaylı nümunələrdən yalnız biridir.

 

Sumqayıt iğtişaşlarında erməni Kamo müəmması...

 

Məsələ ilə bağlı əldə olunan arxiv sənədləri də sübut edir ki, Qriqoryanın şəxsiyyəti və hərəkətləri SSRİ DTK-sına tam məlum idi.

17 oktyabr 1988-ci ildə Azərbaycan DTK-nın Sumqayıt şəhər şöbəsinin rəisi podpolkovnik V.N.Lebedev Eduard Qriqoryanın törətdiyi əməllər və Qarabağdan gəlmiş ermənilərlə görüşdüyü haqda Azərbaycan SSR DTK-nın ozamankı sədri İ.İ.Qorolevskiyə məxfi məktub göndərir. Məktubda deyilirdi: "Eduard Robertoviç Qriqoryan bu ilin fevralında Sumqayıt şəhərində baş vermiş kütləvi iğtişaşların təşkilatçılarından və fəal üzvlərindən biri olub. Dindirmə zamanı Qriqoryanın qrupunun üzvləri ifadə veriblər ki, talan və qətllər başlamazdan əvvəl o, erməni millətindən olan şəxslərlə görüşüb, onlardan narkotik təsirli həblər alıb və sonra bunları qrup üzvlərinə paylayıb. Həbsdə olan Qriqoryan belə bir fikirlə yaşayır ki, həyat yoldaşı vasitəsilə Dağlıq Qarabağdakı əlaqələrini fəallaşdırsın və özünün istintaqdakı davranışı ilə bağlı onlara məlumat versin. Odur ki, Qriqoryan haqda istintaqın materiallarını, o cümlədən onun təşkilatçı rolu haqda sübutları aşkarlamağı, eyni vaxtda Qarabağ komitəsinin Sumqayıt hadisələrində iştirakı məsələsini dərindən öyrənmək üçün Ermənistan SSR DTK-sı və DTK-nın Dağlıq Qarabağ Muxtar Vilayəti şöbəsi ilə koordinasiyada əməliyyat-istintaq qrupu yaratmağı məqsədəuyğun hesab edirəm”.

 

Bununla Lebedev də talanı məhz ermənilərin təşkil etdiyini təsdiqləyir.

 

Qriqoryan qrupunun üzvləri də onun tanımadıqları Kamo adlı erməni ilə görüşdüyünü hələ 1988-ci ildə bildirmişdilər. Qrup üzvü həbsxanada olan Nizami Səfərov deyib ki, fevralın 27-də kafedə yığışdıqları gün və fevralın 28-i talana başlamazdan əvvəl də Eduard Qriqoryan Kamo ilə görüşüb: "Biz yenə orada görüşdük. Mən Kamonu gördüm. Onlar yenə təkbətək danışdılar. Sonra Edik əlində kağızla qayıtdı. Orada familiyalar, ünvanlar var idi”.

Göründüyü kimi, SSRİ DTK-sı Eduard Qriqoryan və digər təşkilatçılar haqda hər şeyi bilirdi, amma bütün bu yazışmalar DTK-nın ən yuxarı eşelonlarında laqeydliklə qarşılanırdı. DTK təşkilatçıları axtarmaq niyyətindən uzaq idi. Halbuki talanın məhz təşkilatçılarının üzə çıxarılması bölgüsünə görə DTK-nın üzərinə düşürdü. Təşkilatçıların araşdırılması üçün Pavel Kondratyeviç XodenkovunAleksey Alekseyeviç Xripkovun rəhbərliyi ilə 16 nəfərdən ibarət qrup da yaradılır.

 

Təşkilatçılarla bağlı bütün sorğular cavabsız qalırdı...

 

SSRİ prokurorluğunun Sumqayıt hadisələrini araşdıran istintaq qrupunun üzvü Niyazi Vəlixanov məlumat verib ki, Eduard Qriqoryanın əlaqələrinin müəyyən edilməsi üçün o vaxt həm istintaq, həm də əməliyyat tapşırıqları verilirdi, istintaq hərəkətləri aparılırdı: "Yenə də bu əməliyyat tapşırıqları həmin o işlə məşğul olan qrupa göndərilirdi. Lakin DTK-nın Sumqayıta ezam etdiyi şəxslər təşkilatçılarla bağlı istintaqçıların qaldırdıqları məsələləri araşdırmırdılar. Və sorğular cavabsız qalırdı”. Həmin sorğulara təxminən belə cavablar alınırdı: "Tərəfimizdən aparılan çevik tədbirlər nəticəsində həmin kəslərin müəyyənləşdirilməsi mümkün olmadı”.

Sumqayıt şəhərinin keçmiş güc strukturları əməkdaşlarının bir neçəsi faktiki olaraq 28 fevral hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsa da, müəyyən etmişlər ki, şəhərdə özlərini "Qafandan qovulmuş azərbaycanlılar” kimi təqdim edən 20-25 nəfərlik təxribat qrupu fəaliyyət göstərib. Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat veriblər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da, naməlum səbəblərdən yoxlanılması təşkil edilməmiş və nəticəsiz qalmışdır.

 

Bütün izlər Yerevana, Daşkəndə və Moskvaya qədər uzanaraq oralarda itir...

 

Bundan əlavə, DTK-nın Sumqayıt şəhər şöbəsi tərəfindən hadisələrin əsas təşkilatçılarından və icraçılarından biri olan Eduard Robertoviç Qriqoryan barəsində məlumat SSRİ DTK-nın Sumqayıt hadisələri üzrə əməliyyat sahəsinə rəhbərlik edən Yevgeni Popova çatdırılsa da, o buna şübhə ilə yanaşmış, milliyyətcə erməni olan şəxsin öz soydaşlarına qarşı cinayət törətdiyinə inanmadığını demişdir. Martın əvvəllərində DTK-nın Sumqayıt şöbəsinin rəisi Vladimir Lebedev onu çağıraraq Eduard Qriqoryan barədə məlumatın doğru çıxdığını və artıq həbs olunduğunu bildirmişdir. Eduard Qriqoryanın hadisələrdə iştirakı və onun əlaqələrinin müəyyən edilməsi üçün qeydiyyat-əməliyyat işi açılmış, əməliyyatın gedişində Qriqoryanın əslən qarabağlı, milliyyətcə erməni olan Osipovya Osipyan soyadlı bir "həmkarı” ilə söhbətlər aparılmışdır. Sonradan Osipovun (Osipyanın) Özbəkistan SSR ərazisində yerləşən islah-əmək müəssisəsində cəza çəkməsi barədə məlumat alınıb və bu ölkənin müvafiq orqanlarına sorğu göndərmək qərarına gəlinmişdir. Lakin SSRİ DTK-dan gəlmiş nümayəndələr həmin sorğunu müxtəlif bəhanələrlə imzalamaqdan və göndərməkdən imtina etmişlər.

Ümumiyyətlə, istintaq materiallarında təşkilatçılarla bağlı bütün izlər Yerevana, Stepanakertə (Xankəndi), Daşkəndə və Moskvaya qədər uzanaraq oralarda itir...

 

SSRİ DTK-nın sabiq sədr müavini Sumqayıtdakı iğtişaşların qarşısını almaqdan boyun qaçırır...

 

Sumqayıt hadisələrinin törədilməsində sovet rəhbərliyinin hansı dərəcədə maraqlı olduğu göz qabağındadır. Bu şəhərdə güc strukturlarının kifayət qədər hərbi və silahlı qüvvələri olduğu halda hadisələrin qarşısının alınması üçün də lazımi tədbirlər görülməmiş, bununla bağlı hətta SSRİ DTK-nın sabiq sədr müavini Filip Denisoviç Bobkov Sumqayıtda olarkən ona müraciət etdikdə bildirmişdir ki, hadisələrin qarşısını almaq barədə əmr verməyə yalnız SSRİ rəhbərliyinin səlahiyyəti var.

SSRİ Baş Prokurorluğunun istintaq qrupu isə yalnız iğtişaşların icraçıları ilə maraqlanmış, cinayətin təşkilatçılarının müəyyən edilməsi istiqamətində obyektiv aparmamış, çox vaxt təşkilatçılar qismində azərbaycanlıları məsuliyyətə cəlb etməyə çalışmış, beləliklə, əməliyyat tapşırıqlarının nəticələri, demək olar ki, kölgədə qalmışdır.

Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış beş cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edildi...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.-5 dekabr.- S.11.