Əlibaba Məmmədovun 90 illiyinin
qeyd edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2020-ci ilin fevral ayında Azərbaycan
muğam sənətinin görkəmli nümayəndəsi,
Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun
anadan olmasının 90 illiyi tamam olur.
Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Klassik muğam irsinin saflığının qorunub saxlanmasını yaradıcılığının başlıca qayəsinə çevirən ustad xanəndənin repertuarındakı muğamlar ifaçılıq sənətinin kamil nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırmışdır. Sənətkarın mahir ifaçısı olduğu rəngarəng muğam və təsniflərlə yanaşı, müəllifi olduğu mahnılar dinləyicilərin qəlbində silinməz izlər qoymuşdur. Muğamın tədrisi sahəsində uzun illər uğurla çalışan tanınmış pedaqoq Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir. Muğamla bağlı gerçəkləşdirilən müxtəlif layihələrdə daimi və səmərəli iştirakı onun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində fəaliyyətinin mühüm mərhələsi hesab edilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xüsusi xidmətlər göstərmiş Əlibaba Məmmədovun anadan olmasının 90-cı ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Xalq artisti Əlibaba Məmmədovun 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 dekabr 2019-cu il
Azərbaycan.- 2019.- 6 dekabr.-
S.4.