Azərbaycanın Xarici İşlər naziri  Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

 

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bratislavada keçirilən 26-cı Nazirlər Şurası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşdü.

Gorüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair ətraflı fikir mübadiləsi apardı.

Nazir Elmar Məmmədyarov həmsöhbətini ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında baş tutmuş son görüş barəsində məlumatlandırdı. O, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsinin və bu xüsusda, Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxardılmasının və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının vacibliyini vurğuladı.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

 

Azərbaycan.- 2019.- 6 dekabr.- S. 6.