Bakıda "Nəsimi 650: haqqın
carçısı" mövzusunda beynəlxalq
elmi-praktik konfrans keçirilib
Dekabrın 5-də Bakıda "Nəsimi 650: haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəylinin moderatorluğu ilə tədbir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə reallaşıb.
“Qurani-Kərim”in tilavəti ilə başlayan konfransda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi Prezident İlham Əliyevin milli mədəniyyətimizə, xalqımızın tarixi dəyərlərinə göstərdiyi böyük diqqətin təzahürüdür. Qeyd edib ki, ulu öndər Heydər Əliyev Suriyaya səfəri zamanı Nəsiminin qəbrini ziyarət etdi. Bununla da Nəsimiyə və onun yaradıcılığına baxış dəyişdi. Nəsimi haqqında çoxlu əsərlər yazılıb. Lakin onun yaradıcılığının tədqiqi istiqamətində hələ də böyük işlər görülməlidir.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar dahi şair İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, keçmiş Sovetlər İttifaqı dövründə Nəsiminin ateist kimi təqdim olunması tamamilə yanlış idi. Böyük şair öz əsərlərində dəfələrlə müsəlman olması ilə qürur duyduğunu dilə gətirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Prezident İlham Əliyevin 2019-cu ilin "Nəsimi ili" elan etməsi təkcə Nəsiminin deyil, eyni zamanda, digər böyük mütəfəkkirlərimizin də yaradıcılığının araşdırılması baxımından əhəmiyyətlidir. Bu gün biz tariximizə qayıdırıq. Bu, böyük bir qayıdışdır. Çünki uzun illər tariximizi araşdırmaq bizim öz əlimizdə olmayıb. Bu gün biz tariximizə yenidən baxır və böyük şəxsiyyətlərimizə lazım olan qiyməti veririk.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamının Nəsiminin yaradıcılığına yenidən baxılması istiqamətində böyük əhəmiyyət daşıdığını bildirib. V.Əliyev deyib ki, Nəsimi öz düşüncəsinə, əqidəsinə sadiq mütəfəkkir olub. Nəsimi gənclərimiz üçün böyük örnəkdir. Ulu öndər Heydər Əliyev də böyük şairin yaradıcılığının araşdırılmasına xüsusi diqqət yetirirdi.
Azərbaycan
Milli Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunun əməkdaşı, “Nəsiminin
şeirləri nə deyir?”
kitabının müəllifi Vüsal Hətəmov,
Tehran Ali məktəblərinin
türk və fars dilləri
üzrə müəllimi Hüseyn Məhəmmədzadə
Sədiğ, Azərbaycan Milli Elmlər
Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun
direktoru Möhsün
Nağısoylu, Yeni Azərbaycan qəzetinin
baş redaktoru Hikmət
Babaoğlu və digər
çıxış edənlər Şərqin zəngin mədəni-mənəvi
sərvətləri üzərində ucalan
və bədii söz sənətinin son dərəcə qiymətli incilərini
yaradan dahi mütəfəkkirin
yaradıcılığının müxtəlif məqamlarına
toxunublar. Bildirilib ki, Nəsimi sufilik cərəyanına
yaxın olsa da, sonradan hürufiliyin
aparıcı simalarından olub, hürufilik təlimini təbliğ etməkdən
dönməyib.
Azərbaycan.-
2019.- 6 dekabr.- S. 7.