200-dən
artıq saziş, 5 “yol xəritəsi”, 6,1 milyard dollarlıq sərmayə
Birinci
vitse-prezident Mehriban Əliyevanın Rusiyaya, bu ölkənin
Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri
çoxşaxəli münasibətlərin inkişafına
dinamizm verdi
Strateji tərəfdaşlıq səviyyəsində
inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya
münasibətləri mühüm mərhələyə qədəm
qoyub. Bunu şərtləndirən ilk amil hər iki ölkənin
dövlət başçıları arasındakı səmimi
dostluq münasibətləri, liderlərin mütəmadi
xarakter daşıyan qarşılıqlı səfərləri,
görüşləri, müxtəlif zirvə
toplantıları çərçivəsində təmasları,
intensiv dialoqlarıdır. Təkcə ötən ilin əvvəlindən
bugünədək cənab İlham Əliyevlə, cənab
Vladimir Putinin doqquz dəfə görüşməsi deyilənləri
təsdiq edir.
Birinci vitse-prezident Mehriban
Əliyevanın noyabrın 20-25-də Rusiyaya rəsmi səfəri,
keçirdiyi görüşlər və Rusiya
Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun
bugünlərdə Azərbaycana gəlişi də
çoxşaxəli münasibətlərin inkişafına
böyük töhfə verdi.
Rusiya
hökuməti Mehriban xanım Əliyevanın təşəbbüslərini
həyata keçirəcək
Bu səfərlər əlaqələrin
daha da dərinləşməsinə yeni dinamizm verdi, desək
yanılmarıq. Çünki Mehriban xanım
Əliyevanın Rusiya-Azərbaycan münasibətlərinin
inkişafında və möhkəmlənməsində xidmətlərinə
görə Prezident Putin tərəfindən "Dostluq” ordeni
ilə təltif olunması, Baş Nazir Medvedevlə, Federasiya
Şurasının sədri Matviyenko ilə görüşləri,
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində
"Azərbaycan” pavilyonunun çox mühüm
açılış mərasimi, Regionlararası Forumda
iştirakı yüksək qiymətləndirildi.
Rusiya Federasiyasının Xarici
İşlər naziri Sergey Lavrov Prezident İlham Əliyevlə
görüşü zamanı da bu səfərin əhəmiyyətini
dəyərləndirərkən dedi ki, Mehriban xanımın
Rusiyaya səfərinin gedişində müzakirə edilən
təşəbbüslər Rusiya hökuməti tərəfindən
hökmən həyata keçiriləcək: "Bu təşəbbüslər,
o cümlədən bizim hökumətlərarası iqtisadi əməkdaşlığımıza
yeni bir mövzu - innovasiyalar və yüksək texnologiyalar
mövzusu əlavə edilməsinə aiddir, xüsusi yol xəritəsi
yaradılacaq. Artıq bir neçə gündən sonra
Hökumətlərarası Komissiya bu sahədə işlərin
vəziyyətini nəzərdən keçirəcək”.
S.Lavrovun fikrincə, Birinci
vitse-prezidentin Rusiyaya səfərinin daha bir maraqlı və
çox vacib nəticəsi Rusiya-Azərbaycan Gənclər
Forumunun daha müntəzəm keçirilməsi barədə
razılaşma oldu. Bu, varislik baxımından, tarixi
yaddaşın qorunub saxlanması və həm Rusiyada, həm
də Azərbaycanda gənc nəslin münasibətlərə
həmişə xas olmuş dostluq, mehriban qonşuluq ruhunda tərbiyəsi
baxımından prinsipial əhəmiyyət kəsb edir.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə
gəlincə isə S.Lavrov dedi ki, ölkəsi bundan sonra da
ortaq mövqelərin dəstəklənməsinə, Azərbaycan
və Rusiya üçün xüsusi maraq doğuran
mühüm məsələlərin həllinə kömək
edəcək: "Bu, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasına aiddir. Biz həm Vyana sammitində, həm
sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri,
humanitar əlaqələrin, kütləvi informasiya vasitələri
xətti ilə əlaqələrin nizamlanması barədə
əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində
və həyata keçirilməsində maraqlıyıq. Onlar
tədricən reallaşır və ümidvaram ki, Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin bu həftə
keçiriləcək görüşü bu prosesləri əlaqələndirməyə
imkan verəcək”.
S.Lavrov ölkəsinin
münaqişənin dinc yolla nizama salınması üzrə
vasitəçilik səylərinin davam etdirilməsini vacib
hesab etdiyini və bu istiqamətdə fəal olmaq niyyətində
olduğunu bildirdi.
200-dən
çox dövlətlərarası və hökumətlərarası
müqavilə
Rusiya ilə Azərbaycan
arasında münasibətlər strateji olmaqla yanaşı,
qarşılıqlı inama və etibara əsaslanır.
Göründüyü kimi, bütün sahələr üzrə
əlaqələr inkişaf etməkdədir. Son illər
iqtisadi-ticari, humanitar əlaqələrin dərinləşdirilməsi
üzrə çox böyük işlər
görülüb.
Hazırda iki dost ölkə
arasında 200-dən çox dövlətlərarası və
hökumətlərarası müqavilə və saziş
qüvvədədir. Ötən il isə 2024-cü ilədək
olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının
əsas istiqamətləri üzrə plan imzalanıb. Bu
proqram sənədi özündə 5 "yol xəritəsi”ni
ehtiva edir. Onlar ticarətin və qarşılıqlı sərmayələrin
həcminin artırılmasına, nəqliyyat
potensialının inkişafına, birgə müəssisələrin
yaradılmasına, rəqəmsallaşma sahəsində,
büdcə-vergi sektorunda təcrübə mübadiləsinə,
həmçinin humanitar əlaqələrə istiqamətlənib.
Noyabrın 23-də Birinci
vitse-prezident Mehriban Əliyeva Moskvada X Azərbaycan-Rusiya
Regionlararası Forumundakı çıxışında
regionlararası əməkdaşlığı ikitərəfli
münasibətlərin mühüm tərkib hissəsi
adlandıraraq Azərbaycanın Rusiya Federasiyasının 70-dən
çox subyekti ilə iqtisadi əlaqə
saxladığını vurğuladı.
Sevindirici haldır ki, son vaxtlar neft
sektorunda ənənəvi qarşılıqlı fəaliyyətlə
bərabər, qeyri-neft sektorunda, maşınqayırma, istehsal
avadanlığı, kimya sənayesi, əczaçılıq,
energetika, nəqliyyat kimi sahələrdə çoxsaylı
müştərək layihələr inkişaf etdirilir.
Mehriban xanım Əliyeva konkret
nümunələr kimi "SOCAR Polymer” müəssisəsinin,
"Azərikimya” müəssisələrinin modernləşdirilməsi,
"KamAZ” yük avtomobillərinin yığılması və
istehsalı, "P-Farm” dərman preparatları zavodunun birinci
növbəsinin tikintisini göstərdi.
Yeni magistral
yol, Samur çayı üzərindən birgə tikilən
körpü
Tranzit-nəqliyyat sistemi də
qarşılıqlı fəaliyyətdə çox
mühüm və perspektivli istiqamətdir. Burada Qərbi
Avropa bazarlarını asiyalı istehlakçılarla birləşdirəcək
"Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin
yaradılması ən mühüm müştərək
layihələrdən biridir.
Mehriban xanım vurğuladı:
"Nəqliyyat-tranzit sahəsi bizim əməkdaşlığımızın
mühüm istiqamətlərindən biridir. "Şimal-Cənub
beynəlxalq nəqliyyat dəhlizi” layihəsi bu sahədə
mühüm layihədir. Həmin layihənin həyata
keçirilməsi nəticəsində ötən il bu
marşrut üzrə tranzit daşımalarının həcmi
8 dəfə, bu ilin birinci yarısında isə 60 faizdən
çox artıb. 2020-ci ildə yeni Bakı-Rusiya
Federasiyası sərhədi avtomagistralının tikintisinin
başa çatdırılması, habelə Samur
çayı üzərindən avtomobil
körpüsünün birgə tikintisi
planlaşdırılır. "Şimal-Qərb beynəlxalq
nəqliyyat dəhlizi” də uğurla fəaliyyətə
başlayıb”.
Birinci vitse-prezident diqqətə
çatdırdı ki, bu layihənin
reallaşdırılması başlayandan bəri ötən
il uzunluğu yeddi min kilometrdən çox olan bu marşrut
üzrə yükdaşımaların həcmi səkkiz dəfə,
bu ilin altı ayı ərzində isə 60 faiz artıb. Gələn
il həmin layihə çərçivəsində
Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər
yeni dördzolaqlı magistral yol istifadəyə veriləcək.
Bu ilin sonuna qədər sərhədyanı Samur çayı
üzərindən birgə tikilən körpünün
inşası başa çatacaq və o, istifadəyə veriləcək.
Rusiya
kapitallı 700-ə yaxın müəssisə, 3 milyard
dollarlıq ticarət dövriyyəsi
Göründüyü kimi, Azərbaycan
Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır.
Ölkəmizin Rusiyaya qoyduğu investisiya 1,2 milyard dolları
keçib, Rusiya isə Azərbaycana 4,9 milyard dollar investisiya
yatırıb.
Ticarət dövriyyəsinin həcmi
3 milyard dollara yaxındır. Rusiya Federasiyasının ölkəmizin
iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5
milyard dollar olub. Azərbaycanda Rusiya kapitallı 700-ə
yaxın müəssisə qeydə alınıb. Rusiyada da Azərbaycan
kapitalı öz mövqelərini getdikcə möhkəmlədir.
Rusiya Federasiyası ölkəmizdən
ixrac edilən kənd təsərrüfatı məhsullarının
əsas istehlakçısıdır. Azərbaycan da öz
növbəsində, Rusiyadan kənd təsərrüfatı
texnikası və mineral gübrələr alır. Yaxın gələcəkdə
2020-2022-ci illər üçün aqrar sənaye kompleksində
əməkdaşlıq proqramının imzalanması
planlaşdırılır.
Turizm sahəsində əməkdaşlıq
da dinamik şəkildə inkişaf edir. 2018-ci ildə Azərbaycana
səfər etmiş rusiyalıların sayı 900 minə
yaxın olub. Azərbaycana gələn turistlərin sayına
görə Rusiya birinci yeri tutur. Azərbaycan da öz növbəsində,
Rusiyanın Şimali Qafqaz regionunun turizm infrastrukturu
üçün əsas investorlardan biridir.
Son illərdə humanitar əməkdaşlıq
da əhəmiyyətli dərəcədə fəallaşıb.
Ölkəmizin 338 məktəbində tədris rus dilində
aparılır, 50 məktəbdə Təhsil Nazirliyinin rus
dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata
keçirilir, Azərbaycanın 14 dövlət ali məktəbində
rus bölmələri var. Rusiyada 11 mindən çox azərbaycanlı
tələbə təhsil alır.
Əməkdaşlığın
daha da genişləndirilməsi üçün potensial
imkanlar mövcuddur
Göründüyü kimi, iki
ölkə arasındakı çoxtərəfli əməkdaşlıq
getdikcə inkişaf edir, daha da dərinləşir. Mehriban
xanım Əliyeva da bu əməkdaşlığın daha
da genişləndirilməsi üçün potensial
imkanların olduğunu deyərək əminliklə
vurğuladı ki, birgə əməkdaşlıqla yeni
qarşılıqlı faydalı layihələr
reallaşacaq. Bu, iki ölkə arasında dostluq münasibətlərinin
və strateji tərəfdaşlığın ruhuna
uyğundur. Çünki münasibətlər əsl tərəfdaşlıq
və qarşılıqlı faydalı xarakter
daşıyır, mehriban qonşuluq, bir-birinin maraqlarına
hörmət prinsiplərinə əsaslanır.
Əminliklə demək olar ki, cənab
İlham Əliyevlə Vladimir Putinin siyasi iradəsi, liderlər
arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində
iki ölkə arasında əlaqələr durmadan inkişaf
edəcək.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-
2019.- 6 dekabr.- S. 1; 7.