Vacib
seçki sənədi
Seçici
siyahıları ilə iş seçki prosesinin mühüm mərhələsidir
Vətəndaşların
seçki hüquqlarının təmin olunması
üçün seçici siyahıları vacib əhəmiyyət
kəsb edən əsas sənədlərdəndir. Məlumdur
ki, istər Azərbaycan Respublikasının Konstitusiyası,
istərsə də seçki qanunvericiliyi ilə aktiv və
passiv seçki hüququ subyektlərinə münasibətdə
geniş hüquqlar nəzərdə tutulur. Bu
hüquqların reallaşdırılmasının ən ilkin
mərhələsi məhz seçici siyahılarının tərtib
olunması mərhələsidir. Seçki Məcəlləsində
seçici siyahılarının tərtibi və həmin
siyahılar üzərində müvafiq işlərin
aparılması ilə əlaqədar geniş normaların təsbit
edilməsi seçicilərin seçki qanunvericiliyi ilə nəzərdə
tutulmuş digər hüquqlarının həyata
keçirilməsində bir bünövrə rolunu oynayır
desək, yanılmarıq.
Beləliklə, biz bir daha
seçici siyahılarının nə qədər vacib
olduğunun fərqinə varırıq.
Seçici siyahıları
müvafiq seçki dairəsinin seçki məntəqəsi
ərazisində yaşayan və aktiv seçki hüququna
malik olan Azərbaycan Respublikası vətəndaşlarının
siyahılarıdır. Seçki komissiyaları tərəfindən
seçici siyahılarının tərtib edilməsi, dəqiqiləşdirilməsi
və ictimailəşdirilməsi Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 45 və 48-ci maddələri,
həmçinin Mərkəzi Seçki Komissiyasının qəbul
etdiyi "Seçki komissiyalarının seçici
siyahıları ilə iş qaydaları haqqında” Təlimatla
tənzimlənir. Seçici siyahıları rəsmi
seçki sənədlərindən biri sayılır, daimi və
müvəqqəti seçici siyahıları formasında tərtib
olunur.
Seçki Məcəlləsində
seçici siyahılarına məlumatların daxil edilməsi
ilə əlaqədar mənbələr çox dəqiqliklə
müəyyən edilib. Məhz bunun sayəsində ölkəmizdə
keçirilən seçkilərdə istər beynəlxalq,
istərsə də yerli müşahidəçilər və
mütəxəssislər tərəfindən seçici
siyahıları ilə bağlı çox müsbət rəylər
bildirilir.
Seçki Məcəlləsinin
46-cı maddəsində göstərilir ki, daimi seçici
siyahısına müvafiq icra hakimiyyəti orqanları və
bələdiyyə qurumları
başçılarının, hərbi hissələrin
komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər
haqqında təqdim etdikləri məlumatlar daxil edilir.
Seçicilərin daimi siyahısı seçki məntəqəsi
üzrə məntəqə seçki komissiyası tərəfindən
hər il mayın 30-dək təsdiq edilir və səsvermə
gününə azı 25 gün qalmış dəqiqləşdirilir.
Göründüyü kimi, qanunda seçici
siyahılarının tək tərtibindən söhbət
getmir, həmçinin dəqiqləşmənin
aparılması da müəyyən olunur. Məhz qanunun
verdiyi bu imkan sayəsində seçki komissiyaları tərəfindən
müəyyən olunmuş müddətdə belə dəqiqləşmələrin
aparılması seçicinin seçiçi
siyahısından kənarda qalması halını minimuma
endirir.
Seçki qanunvericiliyi səsvermə
günü bu və ya digər səbəblərdən daimi
seçici siyahıları üzrə səsvermə
imkanı olmayan seçicilərə münasibətdə
onların öz hüquqlarını reallaşdırmaları
üçün də imkanlar yaradır. Bu halda seçicilər
müvəqqəti seçici siyahıları vasitəsilə
səsvermə hüquqlarından istifadə edirlər. Müvəqqəti
seçici siyahısına konsul idarələri rəhbərlərinin
və ya diplomatik nümayəndəliklərin, habelə
seçicilərin müvəqqəti olduqları müəssisələrin
rəhbərlərinin aktiv seçki hüququna malik olan seçicilər
haqqında təqdim etdikləri məlumatlar daxil edilir. Vahid
seçicilər siyahısı seçki məntəqələri,
seçki dairələri və bütövlükdə Azərbaycan
Respublikası üzrə Mərkəzi Seçki
Komissiyası tərəfindən aparılır. Müvəqqəti
seçici siyahıları vahid seçicilər siyahısına
əlavə edilir.
Hər bir vətəndaşın
sorğusuna əsasən müvafiq seçki komissiyası onun
seçicilər siyahısına daxil olub-olmaması
haqqında məlumat verməlidir.
Səsvermə gününə 25
gün qalmışdan səsvermə gününədək
seçici siyahısına seçici Mərkəzi Seçki
Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə
seçki komissiyası tərəfindən əlavə edilə
bilər. Səsvermə günü qeydiyyatdan çıxma vəsiqəsi
ilə səs verən seçicilərin vəsiqələri
seçicilər siyahısına əlavə edilir. Səsvermə
günü seçicilər siyahısına heç bir əlavə
və dəyişiklik edilə bilməz. Seçici
siyahıları mətbuatda dərc edilə bilməz. Mərkəzi
Seçki Komissiyasının müəyyən etdiyi qaydada
seçici siyahıları Mərkəzi Seçki
Komissiyasının internet saytında yerləşdirilir.
Seçici siyahıları 2
nüsxədə tərtib edilir. Seçici siyahısına
daxil edilmiş seçicilər haqqında məlumatlar
siyahıda əlifba qaydasında və ya yaşayış məntəqələri,
küçələr, evlər, mənzillər üzrə
yerləşdirilir. Siyahılarda seçicinin soyadı,
adı, atasının adı, doğulduğu il (18
yaşı tamam olmuşlar üçün ay və gün),
daimi yaşadığı yerin ünvanı və seçki
məntəqəsinin nömrəsi göstərilir.
Seçki məntəqəsi üzrə tərtib olunmuş
ilkin seçici siyahılarının birinci nüsxəsi
müvafiq akt tərtib edilməklə məntəqə
seçki komissiyasında saxlanılır, ikinci nüsxəsi
isə hər il fevralın 5-dən gec olmayaraq, lakin səsvermə
gününə azı 25 gün qalmış dairə
seçki komissiyasına verilir. Seçki məntəqələri
üzrə seçici siyahıları məntəqə
seçki komissiyasının sədri və katibləri tərəfindən
imzalanır və komissiyanın möhürü ilə təsdiq
edilir.
Seçki dairəsi üzrə tərtib
olunmuş ilkin seçici siyahıları hər il martın
5-dən gec olmayaraq iki nüsxədə tərtib edilir, dairə
seçki komissiyasının sədri və katibləri tərəfindən
imzalanır, komissiyanın möhürü ilə təsdiqlənir
və aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim
edilir. Mərkəzi Seçki Komissiyası seçici
siyahılarında uyğunsuzluqlar aşkar etdikdə, onlara
düzəlişlər olunur və sonradan mayın 25-dək məntəqə
və dairə seçki komissiyaları tərəfindən təsdiq
edilir.
Hərbi hissələrin, istintaq təcridxanalarının
və cəzaçəkmə müəssisələrinin ərazilərində
yaradılan seçki məntəqələri üzrə
seçicilərin siyahıları hərbi hissə komandirlərinin,
istintaq təcridxanaları və cəzaçəkmə
müəssisələri rəhbərlərinin seçicilər
haqqında məlumatı əsasında səsvermə
gününə azı 20 gün qalmış məntəqə
seçki komissiyaları tərəfindən dəqiqləşdirilir.
Hərbi hissədə seçki məntəqəsi
yaradılmayıbsa, hərbi hissənin komandiri, istintaq təcridxanalarının
rəhbərləri və müvafiq cəzaçəkmə
müəssisələrinin rəhbərləri Mərkəzi
Seçki Komissiyasının müəyyənləşdirdiyi
qaydada seçicilər haqqında məlumatları toplayıb
dəqiqləşdirir və səsvermə gününə
azı 35 gün qalmış müvafiq məntəqə
seçki komissiyalarına təqdim edirlər. İstintaq
zamanı barələrində həbs qəti imkan tədbiri
seçilən və inzibati qaydada saxlanılan vətəndaşlar
məntəqə seçki komissiyaları tərəfindən
ayrıca seçici siyahılarına daxil edilirlər. Bu
cür məlumatlar səsvermə gününə ən
azı 2 gün qalmış vətəndaşın həbsi
haqqında qərar çıxarmış müvafiq məhkəmələr
və ya vətəndaşın inzibati qaydada
saxlanılması haqqında qərar qəbul etmiş
müvafiq icra hakimiyyəti orqanı tərəfindən məntəqə
seçki komissiyalarına təqdim edilir. Həmin məlumatda
şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən
sənədin tam göstəriciləri əks edilməlidir.
Xəstəxanalarda, sanatoriyalarda,
istirahət evlərində səsvermə günü üzən
gəmilərdə yaradılmış seçki məntəqələri
üzrə seçici siyahıları seçicinin müvəqqəti
olduğu müəssisənin rəhbərinin, gəmi
kapitanının seçicilər haqqında təqdim etdiyi və
məntəqə seçki komissiyasında
yoxlanılmış məlumatlar əsasında məntəqə
seçki komissiyası tərəfindən səsvermə
gününə azı 5 gün qalmış təsdiq edilir.
Yolu çətin və ya ucqar yerlərdə
yaradılan seçki məntəqələri üzrə
seçici siyahıları məntəqə seçki
komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti
orqanı və bələdiyyə qurumu
başçılarının seçicilər haqqında
verdikləri məlumatlar əsasında səsvermə
gününə ən azı 25 gün qalmış, müstəsna
hallarda isə məntəqə seçki komissiyasının
yaradılmasından 2 gün sonra dəqiqləşdirilir.
Vətəndaşların daimi
seçici siyahılarına daxil edilməsinin və
çıxarılmasının əsasları ilə
bağlı qeyd etmək lazımdır ki, aktiv seçki
hüququna malik olan Azərbaycan Respublikasının vətəndaşları
seçici siyahılarına qeydiyyatda olduğu yer üzrə
və ya müvafiq seçki məntəqəsi ərazisində
seçkilərin elan olunması günündən əvvəlki
12 ayın 6 ayı ərzində seçki məntəqəsinin
ərazisində yaşaması faktı əsasında daxil
edilir. Seçici yalnız bir seçki məntəqəsi
üzrə seçici siyahısına daxil edilə bilər.
Seçki komissiyası seçicinin birdən çox məntəqədə
seçici siyahısına daxil edilməsini aşkar etdikdə,
bunun səbəblərini araşdırıb seçicinin bir
siyahıda saxlanmasını təmin etməlidir.
Seçicinin bilərəkdən birdən çox seçici
siyahısına daxil edilməsi Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq
inzibati məsuliyyət doğurur.
Azərbaycan Respublikası
qanunvericiliyinə əsasən, vətəndaşların
seçici siyahılarından çıxarılması
üçün əsas kimi vətəndaşın daimi
yaşayış yerini dəyişməsi və vətəndaşın
müvəqqəti olduğu yer üzrə seçici
siyahılarına daxil olunması göstərilməlidir. Sadalanan
əsaslar istisna olmaqla vətəndaşların
adlarının qeydiyyatda olduqları yer üzrə seçici
siyahılarından çıxarılması yolverilməzdir.
Vətəndaş seçici siyahısından rəsmi sənədlər
əsasında çıxarılır və bu haqda
seçiciyə məktubla məlumat verilir, eyni zamanda
seçici siyahısında vətəndaşın
siyahıdan çıxarılmasının tarixi və səbəbi
göstərilir. Bu fakt məntəqə seçki
komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiq
edilir. Seçici siyahıları ümumi tanışlıq
üçün təqdim edildikdən sonra seçki məntəqəsinin
ərazisində məskunlaşmış və hər
hansı səbəbdən siyahıya daxil edilməmiş
seçici adının seçicilər siyahısına daxil
edilməsi barədə məntəqə seçki
komissiyasına müraciət edə bilər. Bu müraciət
ərizə ilə rəsmiləşdirilir, 3 gün müddətində
komissiyanın iclasında baxılır və onun təmin
edilib-edilməməsi barədə qərar qəbul olunur.
Müraciət təmin edildikdə seçicinin adı
seçicilər siyahısına daxil edilir.
Səsvermə günü
adının siyahıya düşmədiyini müəyyən
edən seçici müvafiq məntəqə seçki
komissiyasına müraciət edə bilər. Müraciətdə
göstərilən əsaslar qanuni olduqda vətəndaşın
adının seçicilər siyahısına daxil edilməsi
barədə qərar qəbul olunur və səsvermə
günü şəxsin səsvermədə iştirakı təmin
olunur. Bu barədə isə müvafiq dairə seçki
komissiyasına məlumat verilir. Şəxsin adının
seçicilər siyahısına daxil edilməsi
üçün qanuni əsaslar olmadığı müəyyən
edildikdə, vətəndaşın müraciəti təmin
olunmur və ona yuxarı seçki komissiyasına şikayət
vermək hüququ izah edilir.
Hərəkət edə bilməyən
Azərbaycan Respublikası vətəndaşları yaxın
qohumlarının və ya onlarla əlaqəsi olan digər
şəxslərin məlumatları əsasında seçici
siyahılarına daxil edilə bilərlər. Bu halda hərəkət
edə bilməyən vətəndaşın şəxsiyyət
vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim
edilməlidir.
Xarici dövlətlərdə olan
aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları
seçki məntəqəsinə gəldikdə xarici pasport
və ya onu əvəz edən sənəd əsasında
seçici siyahılarına daxil edilirlər.
Seçicilərin seçici
siyahıları ilə tanış edilməsi qaydaları Mərkəzi
Seçki Komissiyasının müvafiq Təlimatında
öz əksini tapıb. Belə ki, məntəqə
seçki komissiyası seçicilərin tanış
olması və əlavə dəqiqləşdirmələr
aparılması üçün seçici
siyahılarını, seçicilərə bu barədə məlumat
verməklə, səsvermə gününə azı 35
gün qalmış təqdim edir və bunun üçün
müvafiq şərait yaradır. Seçici siyahıları
seçicilərin yaxşı görə biləcəyi və
gediş-gəliş üçün asan olan yerlərdə məlumat
lövhələrində yerləşdirilməlidir.
Seçicilər haqqında məlumatları
təqdim edən icra orqanlarının rəhbərləri məlumatların
düzgünlüyünə, tamlığına və
vaxtında verilməsinə görə qanunvericiliklə
müəyyənləşdirilmiş məsuliyyət
daşıyırlar.
Seçki prosesinin mühüm mərhələsi
kimi seçici siyahıları ilə işin aparılması
zamanı Dövlət Avtomatlaşdırılmış
İnformasiya Sistemindən (DAİS) istifadə olunur. DAİS-dən
istifadə qaydaları Seçki Məcəlləsinin 110-cu
maddəsi və Mərkəzi Seçki Komissiyasının
"Dövlət Avtomatlaşdırılmış
İnformasiya Sistemindən seçkilərdə (referendumda)
istifadə edilməsi qaydaları haqqında” Təlimatla tənzimlənir.
Azərbaycan Respublikası üzrə
seçicilərin vahid siyahısı Mərkəzi Seçki
Komissiyası tərəfindən DAİS-dən geniş
istifadə edilməklə tərtib olunaraq çap edilir.
Seçkilər Dövlət
Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni
şəbəkə variantının çoxsaylı
imkanları bu işi yüksək keyfiyyətlə, tez bir
zamanda görməyə imkan verir. Burada məlumatlar
avtomatlaşdırılmış qaydada yoxlanılır,
daxiledilmə anında təkrarçılığın
qarşısı alınır, məlumatlar operativ və təhlükəsiz
toplanır. DAİS-in seçici siyahılarının əhali
reyestrinin məlumatları ilə "üzləşdirilməsi”,
məlumatlarda olan subyektiv səhvlərin
avtomatlaşdırılmış qaydada yoxlanılması
imkanları da vardır.
DAİS-dən istifadə etməklə
Azərbaycan Respublikası üzrə seçici
siyahıları Mərkəzi Seçki Komissiyası tərəfindən
maksimum yüksək dəqiqliklə tərtib edilir, bu iş
Seçki Məcəlləsi və müvafiq Təlimatın
tələblərinə uyğun olaraq daimi aparılır.
Seçki qanunvericiliyində
seçici siyahıları ilə bağlı mühüm
normaların təsbit olunması və seçici
siyahıları ilə innovativ iş prinsipinin təmin edilməsi
seçki hüququ olan vətəndaşlarımızın
öz iradələrini azad, sərbəst və şəffaf
qaydada ifadə etmələrinə təminat verir.
Qabil ORUCOV,
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
üzvü
Azərbaycan.-
2019.- 6 dekabr.- S. 7.