“...Unutma bizləri yad
et”
Məhəmməd
Hadi - 140
Qısa ömürlü böyük romantik... Həyatın iztirablarında qəhr olmuş şair... Ədəbiyyat aləmində onu Məhəmməd Hadi kimi tanıdılar. Əsl adı Ağaməhəmmədiydi. Dünyaya 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində göz açdı. Şamaxının sayılıb-seçilən tacirlərindən birinin - Hacı Əbdussəlimin oğluydu. Əvvəlcə məhəllə mədrəsəsində Molla Abbasdan dərs aldı, sonra təhsilini Abbas Səhhətin atası Hacı Əlabbasın məktəbində davam etdirdi...
Həyat yoluna qəm, qüssə qoşulanda o, hələ uşaq idi. Atası vəfat edəndə Ağaməhəmmədin doqquz yaşı vardı. Körpə bacıları Sahibə və Əsma ilə birlikdə anasına sığınacaqdı. Ancaq o da övladlarını taleyin ümidinə qoydu. Anaları İsmayıllının Sulut kəndindən olan varlı bir adama ərə gedəndən sonra üç uşağa nənələri Teyyibə xanım həyan oldu. Dindar, xeyirxah, cəfakeş, qayğıkeş nənə nəvələrinin yolunda hər əziyyətə razı idi. Ümid edirdi ki, yeganə oğlan nəvəsi Ağaməhəmməd oxuyub ruhani olacaq.
Üç uşaq valideyn sevgisini nənələrində tapmışdı. Amma 1894-cü ildə Teyyibə xanımın ölümü onları bu səadətdən də məhrum etdi. On beş yaşlı, azad ruhlu Ağaməhəmməd qohumu Mustafa Lütfinin himayəsində yaşamaq məcburiyyətində qaldı. Mustafa Lütfidən ərəb və fars dillərini öyrəndi. Mükəmməl təhsil almaq arzusu istedadlı, mütaliə sevdalı yeniyetmənin qəlbini çuğlamışdı. Kasıblıq, yetimlik qarşısını kəsdi. Varlı qohumlarının da heç biri bu zəkalı yeniyetməyə kömək əli uzatmadı.
Ard-arda gələn dərdlər, yaşından böyük qayğılar onu sarsıdırdı. Dalğın, kədərli düşüncələr ruhunu sarır, ümidlərini tükəndirirdi. Yaralı könlünə ilk məhəbbəti də məlhəm olmadı. Sevgilisini yetim oğlana yox, varlı bir tacirə ərə verdilər. Bu hicran qəlbini elə yandırıb qovurdu ki, ora bir daha sevgi yol tapa bilmədi. Hadi ömrünün sonunadək evlənmədi. Deyəsən, şair ruhu da məhəbbətdən həmişəlik küsdü. Ona görə sevgiyə, gözəllərə əsərlərində yer vermədi. Bəşəri məsələlər, ictimai-siyasi problemlər, vətən dərdi, xalqın taleyindən nigaranlıq onun yaradıcılığının başlıca istiqamətləri oldu. Gözündə qalan arzularını isə beləcə qəlbinin fəryadı kimi qələmə aldı:
Oxumaqçün nə qədər dadu-fəğan
etdim isə,
Olmadı zərrə əsərbəxş şu istimdadım.
Dağa dersəm
eşidir, sonra verir əks-səda,
Daşa dönmüşlərə əks
eyləmədi fəryadım.
Maddi sıxıntılar içərisində
çırpınan Hadi
əmisi oğlu ilə şərikli baqqal dükanı açaraq xırda alış-verişə başladı. Bacarmadığı işə girişmişdi.
Çox
keçmədi ki, böyük zərərlə
bu işdən ayrıldı.
1902-ci ildə Şamaxıda baş verən zəlzələ çoxu kimi onu da evindən, yurdundan uzaq saldı. Kürdəmirə getdi. Orada müəllim işlədi. Maddi vəziyyəti nisbətən yaxşılaşdı. Yenə böyük həvəslə mütaliə ilə məşğul olur, oxumaq üçün Bakıdan "Həyat”, Kəlküttədən "Həblül-mətin”, İstanbuldan "Sabah”, Bağçasaraydan "Tərcüman” qəzetlərini gətirdirdi. Sonralar da Quranı əzbərdən bilən, oxuya-oxuya mənasını söyləyən, tərcümə edən, Firdovsi, Nizami, Xəyyam, Hafiz, Sədi və başqa dahi şairlərin bir sıra şeirlərini dilimizə çevirən, Avropa alimlərinin, şairlərinin yaradıcılığına bələd olan Məhəmməd Hadi biliyi, geniş məlumatı ilə tanıyanları heyran qoyurdu.
1905-ci ilin ortalarından şeirləri mətbuatda dərc olunmağa, gənc şair kimi rəğbət qazanmağa başladı. Həmin il Həştərxanda "Bürhani-tərəqqi” qəzetini nəşr etdirən Mustafa Lütfi onu yanına çağırdı. Müəllimlik işi ilə vidalaşan Hadi Həştərxana getdi və "Bürhani-tərəqqi”nin səhifələrində onun da imzası göründü.
Bakıya 1906-cı ildə Əli bəy Hüseynzadənin dəvəti ilə gəldi. "Füyuzat” jurnalının redaksiyasında çalışdı. "Füyuzat” bağlandıqdan sonra o, "İrşad”, "Tazə həyat” və "İttifaq” qəzetlərində işlədi. Mətbuatda Məhəmməd Hadinin elmə, təhsilə səsləyən şeirləri, intibah məsələlərindən bəhs edən məqalələri dərc olundu.
1908-ci ildə milyonçu Hacı Zeynalabidin Tağıyevin dəstəyilə Məhəmməd Hadinin "Firdövsi-ilhamat” adlı ilk şeirlər kitabı çapdan çıxdı.
1910-cu ilin
yazında İstanbula
yollandı. Orada fəaliyyət göstərən
"Tənin” qəzetinin
redaksiyasında Şərq
dilləri mütərcimi
işlədi. "Rübab”, "Sərvəti-fünun”,
"Sabah” qəzetlərində fəal çıxış
etdi. 1913-cü ildə Türkiyənin hərbi naziri Mahmud Şövkət paşanın
qətlə yetirilməsi
ilə həbslər,
sürgünlər artdı.
Hadi də Rusiyadan göndərilmiş təxribatçı
adı ilə o zamanlar Osmanlı imperiyasının ucqarları
sayılan Salonikiyə
sürgün edildi.
Salonikidə məşəqqətlər çəkir, günlərlə
ac qalırdı. Bazarlıq etmiş
yerli qadınların ağır zənbillərini
evlərinə daşıyan
şair qazandığı
pulla ölüm-zülüm
dolanırdı.
Balkan müharibələri
(1912-1913) nəticəsində Saloniki şəhəri Yunanıstanın nəzarətinə
keçdi. Bu dəfə də Hadinin nəzakətli rəftarı,
incə və ağ əlləri
yunan polislərini şübhəyə saldı.
Onu Türkiyənin casusu saydılar və limandan yola düşən
ilk gəmiyə mindirib
Yunanıstandan çıxardılar.
Gəmidə də bəla
şairdən yan keçmədi. Hadini dənizə
atmaq istədilər.
Onu ölümün pəncəsindən
bir yunan keşişi aldı.
Çətinliklə İstanbula, oradan
Batuma yetişdi.
1914-cü ilin fevralında Bakıya gəldi. Mübtəla olduğu içki
düşkünlüyündən, ruhi sarsıntılardan xilas olmaq üçün
xəstəxanaya düşdü.
Müalicə olunub xəstəxanadan
çıxdığı vaxt Birinci Dünya
müharibəsi başladı.
Məhəmməd Hadi cənub-qərb
cəbhəsinə könüllü
xidmətə yollandı.
1915-ci ildə Qafqaz ordusunun feldşeri kimi Avstriya cəbhəsinə,
Karpata getdi. Müsəlman əsgərləri
arasında alay
mollası vəzifəsində
çalışdı. Müharibədə şahidi olduğu dəhşət hadisələr
onu heyrətə salırdı. Qələmdən əl çəkməyən
Hadi şeirlərini
"Meydani-hərb xatirələrindən”
başlığı ilə
Bakıya göndərirdi.
1917-ci ildə
ruhani vəzifəsini
yerinə yetirdiyi ordu ilə cəbhədən
Sankt-Peterburqa getdi. 1918-ci ildə Gəncəyə gəldi. Bir müddət orada
qaldıqdan sonra Bakıya döndü.
Yenə mənəvi rahatlıq tapa bilmədi. Müharibə xatirələrinin bədbin əhvali-ruhiyyəsi
onu tərk etmirdi. Vətəninin
tərəqqi etməməsi,
soydaşları arasında
oxuyub-yazmağı, haqq
və hüququnu bilənlərin az
olması Məhəmməd
Hadini kədərləndirirdi.
Bir tərəfdən də maddi sıxıntılar içərisində çırpınırdı.
Mətbuatda çıxan şeirlərinin
qonorarı ilə dolanması mümkünsüz
idi. Şair öz əsərlərini
satırdı...
Dostu, görkəmli ədib Abdulla Şaiq Məhəmməd Hadinin o
ağır, böhranlı
günlərindən birini
xatirələrində belə
canlandırırdı: "Bir gün küçədə
sərxoş halda mənə təsadüf etdi. "Hərarətli
şeirlərim” sərlövhəli
mənzuməsini mənə
uzadaraq: "Al, beş manat ver!” dedi. Mən cibimdə
olan on manatımın
hamısını ona
verdim. O, diqqətlə
üzümə baxdıqda
məni tanıdı və pulu ovcuma
qoyub məni qucaqladı. Çox mütəəssir idi. "Şaiqciyim,
bağışla, tanımadım”
dedi. Nə qədər israr
etdim, pulu almadı”.
Rusiya imperiyasının
süqutu, Azərbaycan
Xalq Cümhuriyyətinin
qurulması şairin ürəyindən xəbər
verdi. Müstəqil Azərbaycan dövlətinə
şeirlər həsr
edir, cümhuriyyət
hökumətinin rəsmi
orqanında - "Azərbaycan”
qəzetində yazıları
dərc olunurdu. 1918-1919-cu illərdə "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması
kiçik kitablar halında Bakıda çapdan çıxdı.
...Son günləri
Gəncədə keçdi.
Şairin sonu da müəmmalı oldu.
Abdulla Şaiq xatirələrində
yazırdı: "Hadi
təxminən 1919-cu ilin
axırları, 20-ci illərin
əvvəllərində Gəncədə
birdən-birə qeyb oldu. Şairin "yox olmasını”
o zaman ancaq dostları, qələm yoldaşları hiss edə
bildi, onu çox axtardılar, gördüm deyən olmadı”.
Şairin 1920-ci il, Gəncə qiyamından bir neçə gün sonra kiçik bir xəstəxanada yatdığını, orada
dünyadan köçdüyünü,
"Səbzkar qəbiristanlığı”nda
dəfn edildiyini söyləyənlər oldu.
Uzun illər harada dəfn edildiyi bilinmədi. Şairin məzarı
1966-cı ilin aprel ayının sonlarında aşkar edildi. Həmin ilin yayında nəşinin qalıqları Gəncə
çayının sağ
sahilindəki bağa köçürüldü, məzarı
üzərində büstü
ucaldıldı...
Bu dünyada
ömür payının
bütün səhifələrinə
kədər qarışmış
şair Məhəmməd
Hadi Əbdülsəlimzadənin
140 illiyidir. Şair sanki uzun illərin
o üzündən məzhun-məzhun
deyir:
Ey ol vəqti görən məsud, unutma bizləri yad et!
Ey yoldu həsrət ilə can verən əhvalı tedad et!
Məzarım üsdə
gəl dur, qəmli-qəmli ağla, fəryad et!
Oxu bu şeiri qəbrimdə ələt təkrar evrad et:
Dur, ey zindani nisyanda yatan, azad olub
aləm!
Sürurabadi-hürriyyət gəlib,
dilşad olub aləm!
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2019.- 6 dekabr.- S.10.