Xarkovda ustad şairin qəzəllər toplusu çap olunub

 

Xarkov şəhərində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin İnformasiya və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şairin Ukraynada işıq üzü görmüş "Haqq yolu mən özüm oldum” kitabı ictimaiyyətə təqdim edilib. Tədbiri giriş sözü ilə açan Ukrayna "Dostluq” cəmiyyətinin rəhbəri Murad Ömərov böyük şairin yaradıcılığı barədə fikirlərini bölüşüb, Nəsimi poeziyasının dünya söz xəzinəsinə bəxş etdiyi əsərlərinin əhəmiyyətindən danışıb. Tədbirdə Q.Skovoroda adına Xarkov Pedaqoji Universitetinin "Dünya ədəbiyyatı” kafedrasının dosenti Antonina Yakovlevanın Nəsiminin həyatı və yaradıcılığı haqqında məruzəsi dinlənilib.

Məşhur heykəltəraş Seyfəddin Qurbanov səfirliyin dəstəyi ilə Nəsiminin Kiyev şəhərində ucaldılan büstünün açılış mərasimindən və Ukraynada "Nəsimi ili”ndə baş tutan digər tədbirlərdən bəhs edib. Tədbirin sonunda "Dostluq” cəmiyyətinin yetirmələri Nəsiminin qəzəlləri əsasında hazırlanmış musiqili kompozisiyaları iştirakçılara təqdim ediblər.

 

Azərbaycan.- 2019.- 6 dekabr.- S.10.