Bir ömrü naxışlayan “ilmələr”

 

Bahar Ələkbər qızı Şıxıyeva nənələrimizin sevə-sevə öz qızlarına, gəlinlərinə, qohum-qonşularına öyrətdiyi xalçaçılığa elə-belə meyil salmayıb. 1974-cü ildə Hacıqabul rayonunda dünyaya göz açanda ağlına haradan gələrdi ki, iki ayaq yox, "iki təkər üstündə gəzəcək”. Bu, həyatdır! Hər şey ola bilir. Kimsə qəzavü-qədərdən sığortalanmayıb...

O, buna alışdı, öyrəşdi və əlil arabası ilə doğmalaşdı, dostlaşdı. 2014-cü ildə Peşə Reabilitasiya Mərkəzində xalçaçılığın sirlərinə bələd olan Bahar Şıxıyeva görkəmli şəxsiyyətlərin portretini rənglərlə deyil, iplərlə işləmək həvəsinə düşdü. Keçirdiyi qəzadan sonra hərəkətdən qalan Bahar bununla sanki ilmələrlə, əriş-arğacla həmsöhbət olur, dərdini unudur, toxuduğu xalçalara gənclik duyğuları ilə döyünən qəlbinin hərarətini verirdi.

Bahar xanım milli-mədəni irsin nadir incilərinin qorunması və təbliğinə dair bir sıra nümunələr müəllifi kimi tanınır. Xalçaçı rəssam kimi artıq öz sözünü demiş B. Şıxıyeva "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası ilə 650 ildir ki, tanınan və sevilən, Şərqin poeziya kəhkəşanında daha çox bərq vuran İmadəddin Nəsiminin xalça üzərində portretini yaratmaqla, ölməz şairimizə sonsuz vurğunluğunu əks etdirib. Bununla o, həm də özünün daxili dünyasının istək və arzularını "dil açdırıb”.

Bir sıra sərgilərdə öz əsərləri ilə iştirak edən Bahar Şıxıyeva eyni zamanda respublikanın tədris mərkəzlərində sevimli sənətinin sirlərini digər əlil arabasına sığınanlara da öyrətməkdən yorulmur.

 

Azərbaycan.- 2019.- 6 dekabr.- S.11.