“...Yaradan əllər”
El sənətkarlığı
Sənət dünyasında qurub-yaradan əllər öz bədii boyasını sözlə ala bilirmi görəsən? Zaman-zaman bu sual çoxlarını düşündürüb. Elə ona görə də "zər barmaqlar” haqqında kifayət qədər atalar sözü, zərb-məsəllər yaradılıb, aforizmə çevrilib: "Zər qədrini zərgər bilər”.
Qabar əllərin sığalı ilə neçə-neçə daş "canlanıb”, ağac "dil açıb”- musiqi ifa edilib, ilmələr xalı-xalçada zər barmaqlı sənətkarların sənət əsərlərinə çevrilib. Dilindən, dinindən, irqindən, mənşəyindən, yaşından asılı olmayaraq sənət inciləri yaradanların bir adı var: sənətkar...
Adicə qamışdan yaradılan neçə-neçə sənətkarlıq nümunəsi xalqımızın mədəniyyət tarixinə yazılıb. Dulusçunun palçıqlı əllərindən "cana gələn” kuzələr, badyalar, çini qablar dünyanın ən məşhur incəsənət muzeylərinin sərgi salonlarını bəzəyir. Minillik yaşıdı olan sənət nümunələri yaradan əllərin məhsuludur. Məhz buna görə də söz qoşub, saz çalan sənətkarlarımız onların qabarlı əllərini vəsf ediblər. Nəğməkar şair Ramiz Heydərin sözlərinə Oqtay Kazıminin bəstələdiyi "Qoy var olsun yaradan əllər...” mahnısı da illərdir ki, dilləri və elləri dolaşır...
M.NƏRİMANOĞLU
Azərbaycan.-
2019.- 6 dekabr.- S.11.