Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçirilib

 

Dekabrın 6-da Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı Baş Nazirin birinci müavini Yaqub Eyyubov və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil ediblər.

Türkmənistanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələri ilə bağlı məsələlər daxil edilib. Müzakirələrin əsas mövzusu 2030-cu ilədək MDB-nin iqtisadi inkişaf strategiyasının layihəsi olub. Sənəd dünyada cərəyan edən iqtisadi proseslərin dinamikasının, habelə birlik ölkələrinin inkişaf potensialının təhlili əsasında yaxın onillikdə MDB-nin iqtisadi inkişafının məqsəd və vəzifələrini, iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən etməyə yönəlib.

Strategiyanın həyata keçirilməsi MDB ölkələrinin iqtisadiyyatının rəqabət qabiliyyətini, vətəndaşların rifahını yüksəltməyə imkan verəcək, dünya təsərrüfat sistemində əlaqələri möhkəmlədəcək.

İclasda enerji resurslarının istehsalı və istehlakının proqnozu, dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasəti konsepsiyası, məhsulların və xidmətlərin keyfiyyəti sahəsində uğurlara görə mükafat uğrunda müsabiqə haqqında əsasnamənin yeni redaksiyasının layihəsi barədə MDB Hökumət Başçıları Şurasının qərarının yerinə yetirilməsi məsələləri nəzərdən keçirilib.

İştirakçılar maliyyə və təşkilati xarakterli bir sıra məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, MDB İqtisadi Şurasının iclasları rübdə bir dəfə, komissiyanın iclasları isə ayda bir dəfədən gec olmayaraq keçirilir.

 

Azərbaycan.- 2019.- 7 dekabr.- S.3.