Bakıda TRASEKA-nın 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans
keçirilib
Dekabrın 6-da Bakıda "Avropa-Qafqaz-Asiya
dəhlizinin inkişafı
üzrə beynəlxalq
nəqliyyat haqqında
Əsas Çoxtərəfli
Saziş”in imzalanmasının
20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, konfransda TRASEKA-ya 13 üzv və 2 müşahidəçi ölkənin,
beynəlxalq təşkilatların
70-dək nümayəndəsi iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikası
Prezidentinin köməkçisi,
Prezident Administrasiyasının
İqtisadi məsələlər
və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Şahmar Mövsümov
Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı
təbrik məktubunu oxuyub.
Sonra TRASEKA layihəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Konfransda çıxış edən
İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, Avropa İttifaqının
Qərb ilə Qafqaz və Mərkəzi Asiya ölkələrini yeni nəqliyyat dəhlizində
birləşdirmək ideyası
1998-ci ildə ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
ilə Bakıda keçirilən konfransda konkret hədəfləri,
iştirakçıları və fəaliyyət prinsipləri olan təşkilata çevrilməsi
ilə nəticələnib.
Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verən M.Cabbarov qeyd edib ki, ölkəmizin strateji baxımdan mühüm geosiyasi mövqedə, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, nəqliyyat sahəsinə böyük həcmli investisiyaların yatırılması ölkəmizdə irimiqyaslı nəqliyyat - infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradıb. Belə ki, avtomobil və dəmir yolu xətlərinin beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi Azərbaycanın nəqliyyat potensialını daha da gücləndirib. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Lapis-Lazuli, Qara Dəniz-Xəzər Dənizi marşrutları TRASEKA ölkələrinin tranzit regionu kimi rəqabət qabiliyyətini artırır. Şərq-Qərb istiqamətində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi vasitəsilə TRASEKA dəhlizinin enerji komponenti təmin edilib.
TRASEKA çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən İqtisadiyyat naziri üzv ölkələrin nəqliyyat potensialının reallaşdırılmasının regionun tranzit cəlbediciliyini daha da artıracağını vurğulayıb.
Konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistan nümayəndəsinin səsləndirdiyi təxribat xarakterli fikrə çox tutarlı və məntiqli cavab verib. Nazir iclasın mədəni proqramının təşkilinə görə erməni nümayəndənin reaksiyasını yaxşı anladığını vurğulayıb. İqtisadiyyat naziri deyib ki, bilirəm, anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz destruktiv deyil, konstruktiv yanaşmadan istifadə etməliyik. Destruktiv yanaşmanın nəticələri özünü, ilk növbədə, qonşu ölkədə göstərir. Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihələrdən kənar qalıblar. Burada TRASEKA-nın mövcudluğu nümayiş olundu. Tədbirin proqramı hazırlanan zaman Çoxtərəfli Sazişi imzalayan insanların xatirəsinə hörmət diqqətdən kənar qala bilməzdi. Faşizm üzərində Qələbənin 75 illiyi yaxınlaşır və siz öz paytaxtınızda kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm, gəlin yaşadığınız şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRASEKA-nın karvanı isə öz yoluna davam edəcək.
TRASEKA-ya üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını ifadə edərək regionda iri infrastruktur layihələrinin reallaşdırıldığını diqqətə çatdırıb, Böyük İpək Yolunun bərpası və gücləndirilməsinin üzv ölkələr arasında iqtisadi-ticarət və mədəni əlaqələrin intensivləşməsinə şərait yaratdığını qeyd ediblər.
TRASEKA-nın
baş katibi Mirça Çiopraqa
konfransın beynəlxalq iqtisadi əməkdaşlığın
genişlənməsi, regionda tərəqqinin
möhkəmlənməsi, milli və regional nəqliyyat strukturlarının
inkişafı, qabaqcıl təcrübənin öyrənilməsi
baxımından önəmini vurğulayıb, dəhlizin
inkişafı istiqamətində həyata keçirilən
genişmiqyaslı layihələr barədə məlumat verib.
"Avropa-Qafqaz-Asiya
dəhlizinin inkişafı
üzrə beynəlxalq
nəqliyyat haqqında
Əsas Çoxtərəfli
Saziş”in imzalanmasının
20 illiyinə həsr olunmuş beynəlxalq konfransda Bakı Bəyannaməsi qəbul olunub.
Azərbaycan.- 2019.- 7 dekabr.- S.5.