Hesablama Palatasının Təlim mərkəzi
açılıb
Hesablama Palatasının Təlim mərkəzi açılıb. Palatadan AZƏRTAC-a bildirilib ki, bununla bağlı keçirilən toplantıda çıxış edən qurumun sədri Vüqar Gülməmmədov Hesablama Palatasının yaranmasının 18 illiyi münasibətilə iştirakçıları və palatanın kollektivini təbrik edib. O, 2001-ci il dekabrın 7-də fəaliyyətə başlamış Hesablama Palatasının yaranmasının Azərbaycan Respublikasının Konstitusiyasının 92-ci maddəsində təsbit olunduğunu xatırladıb.
V.Gülməmmədov Hesablama Palatası haqqında ötən il qəbul olunmuş yeni Qanunun 36-cı maddəsinə əsasən qurumun nəzdində yaradılan Təlim mərkəzinin məqsədinin yeni təyin edilmiş və palatada çalışan işçilərin bilik və bacarıqlarının, peşə hazırlıqlarının artırılması, kadr potensialının yüksəldilməsi, ali audit orqanlarının beynəlxalq standartlarının və qabaqcıl təcrübələrin öyrənilməsi işinin təşkil edilməsi olduğunu bildirib. Qeyd edib ki, mərkəzin əsas vəzifələrindən biri təlimlər yolu ilə biliyin daim təkmilləşdirilməsi, eyni zamanda, yeni biliklərin mənimsənilməsinə nail olmaqdır.
O, mərkəzin yaradılması zərurətindən və palatanın funksional fəaliyyəti üçün əhəmiyyətindən danışıb, Təlim mərkəzinin ilk vaxtlarda işə yeni qəbul edilmiş və Hesablama Palatasında çalışan işçilərin öyrədilməsi ilə yanaşı, mərkəzin özünün də öyrənməsinin vacibliyini vurğulayıb.
Təlim mərkəzinin baş məsləhətçisi Ramal Əzizov təlim üçün yaradılan şəraitə görə rəhbərliyə minnətdarlıq edib, görülən işlər barədə məlumat verib. R.Əzizov mərkəzdə ilk vəzifə kimi Hesablama Palatası əməkdaşlarının təlim ehtiyaclarının araşdırıldığını, bu ehtiyaclar nəzərə alınmaqla mərkəzin 2020-ci il üçün illik iş planının layihəsinin hazırlandığını, palata rəhbərliyinin tapşırığına uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın aparılması ilə bağlı palatada çalışan işçilərin bilik, bacarıqlarının və hazırlıqlarının daha da təkmilləşdirilməsi məqsədilə ümumilikdə 75 əməkdaşın iştirak etdiyi 4 təlim təşkil edildiyini, burada “Dövlət qulluğu haqqında qanun-dövlət qulluğunun ilkin əsası” mövzusunda təlim keçirildiyini, Hesablama Palatası əməkdaşlarının xarici dil bilik səviyyəsinin artırılması məqsədilə hər biri 10 nəfərdən ibarət olmaqla, ümumilikdə 20 nəfər əməkdaşın - ilkin başlayanlar və baza biliklərə malik olanlar - 2 qrup üçün təlimlər keçirildiyini deyib.
R.Əzizov maliyyə uçotu (F3) proqramı üzrə təlimlərin 4 ay müddətində davam etməsinin planlaşdırıldığını, daha sonra F7 (maliyyə hesabatları) və DipIFR (Diploma in International Financial Reporting) beynəlxalq maliyyə və mühasibat uçotu ilə bağlı diplomun verilməsi ilə nəticələnəcək təlimlərin keçirilməsi, həmçinin maliyyə analizi və investisiya sahəsi (CFA-Chartered Financial Analyst) üzrə təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu, bu təlimlərin hər birinin ingilis dilində tədris olunduğunu, ona görə də ingilis dili üzrə təlimlərinin davamlı olmasının zəruriliyini vurğulayıb.
Baş məsləhətçi Hesablama Palatası işçilərinin beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli biliklərə sahib olmasını təmin etmək məqsədilə bu təlimlərin təşkil olunması üçün məqsədyönlü addımların atılmasının planlaşdırıldığını deyib. O, Təlim Mərkəzinin 2020-ci il üçün illik iş planı layihəsini təqdim edib.
V.Gülməmmədov
palatada xeyli sayda normativ metodiki sənədlərin hazırlanıb təsdiq
edildiyini, bununla belə
funksional fəaliyyət üçün
zəruri yeni metodiki sənədlərin
tərtib edilməsi üçün təkliflər
verilməsini, təlimlərdə intizam və
davamiyyətə xüsusi diqqət
yetirilməsini, palatada əldə edilmiş nailiyyətlərdən daha çox
çatışmazlıqları üzə
çıxarıb təlimlərdə üzərində
işləməyi tövsiyə edib, Hesablama Palatasının struktur
bölmələrinə Təlim mərkəzinin işinə
dəstək olmağı tapşırıb.
Azərbaycan.- 2019.- 7 dekabr.- S.5.