Xalçaçılığın inkişafına dövlət qayğısı ildən-ilə artırılır

 

7 dekabr Xalça bayramı günüdür

 

Azərbaycanda xalçaçılığa münasibət istər sadə insanlar, istərsə də dövlət tərəfindən həmişə qayğı ilə əhatə olunmuşdur. Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə mədəni irsin, o cümlədən xalçaçılığın inkişafına xüsusi dəstək göstərmişdir.

Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2016-cı il 5 may tarixli sərəncamına əsasən, "Azərxalça” ASC yaradılmışdır. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, Xalça Muzeyi üçün müasir standartlara cavab verən bina, rayonlarda yerli xalçaçılıq ənənələrini əks etdirən xalça muzeyləri inşa edilmişdir. Bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Prezidentinin 28 fevral 2018-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Bunlar Azərbaycan dövlətinin xalçaçılıq sənətinə olan dəstəyinin, xalçaçılığın həm tarixi-mədəni, həm də sosial-iqtisadi faktor kimi yüksək qiymətləndirilməsinin önəmli nümunələridir. Bu qədim el sənətinə müasir yanaşma Azərbaycanda xalçaçılığın inkişaf tarixində yeni səhifələr açmaqla, onun daha intensiv inkişafına misilsiz töhfələr vermişdir.

Ölkə rəhbərinin qayğısı sayəsində Azərbaycanda xalçaçılıq sənəti yaşadılır. Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan xalça sənətinin Azərbaycan ərazisində geniş yayılmasına və inkişaf etməsinə səbəb həm də bu ərazidə olan əlverişli coğrafi iqlim şəraiti və müvafiq təsərrüfat fəaliyyətidir. Yarandığı ilkin dövrlərdə məişət tələbatını ödəyən xalça getdikcə yüksək bədii əhəmiyyət kəsb etmiş, insanların həyatının ayrılmaz hissəsinə, istehsal fəaliyyətinin aparıcı növünə çevrilmişdir. Sənətkarlar estetik zövqlərini xalçalarda əks etdirməklə öz dövrlərinin ümumi mənzərəsini toxuduqları xalçalara köçürürlər. Dünyada xalça istehsalçısı olan ölkələr arasında xalça çeşnilərinin elektron variantının hazırlanması, ilk dəfə olaraq Azərbaycanda həyata keçirilmişdir. Xalçaçı-rəssamlar tərəfindən hazırlanmış elektron çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılmışdır. Daha çox dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaxalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilmişdir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. İndiyədək 600-dən çox xalça çeşnisi hazırlanmış və onların əsasında "Azərxalça”nın filiallarında xalçalar toxunmuşdur.

Dünyanı heyrətə gətirən Azərbaycanın xalçaçılıq sənəti 2010-cu ildə UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına daxil edilməklə bəşəriyyətin irsi, sərvəti sayılır. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ölkədə bu istiqamətdə güclü sənaye potensialı yaratmağı qarşısına məqsəd qoymuşdur. Odur ki, yaradılan fabrikfiliallarda xalçaxalça məmulatlarının istehsalı genişləndirilir, onların daxildə və xarici ölkələrdə satışını yüksək səviyyədə təşkil etməklə, istehsalatda yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Bu, həm də qədim xalçaçılıq sənətinin yeni layihələrlə zənginləşməsinə xidmət edir.

Azərbaycanda xalçaçılıq sənətinin inkişafı, bu sahədə istehsal edilən məhsulların ixrac edilməsi məqsədilə ölkəmizdə 30-dan çox xalça fabrikinin inşası nəzərdə tutulub. Cari il oktyabr ayının 28-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Qəbələ filialının açılış mərasimində iştirak edən Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda xalçaçılıq sənətinin bundan sonra da yaşadılması üçün çox böyük işlər görüləcək. Dövlət başçısı bildirib ki, bu məqsədlə "Azərxalça” müəssisəsi yaradılıb və ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir: "Bu fabriklərdə minlərlə yeni yeri yaradılacaq. Xalçaçılıq sənəti bizim milli sənətimizdir, bizim qədim sənətimizdir. Azərbaycan xalçaları dünyanın ən aparıcı muzeylərində nümayiş etdirilir. Xalça bizim məişətimizin ayrılmaz hissəsidir və Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət daim yaşasın. Buna nail olmaq üçün əlbəttə ki, belə fabriklərin yaradılması çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, gənc nəsil bu gözəl sənətə gələcək və bizim peşəkar mütəxəssislərimiz öz təcrübələrini bölüşərək bunu gənc nəslə də ötürəcəklər. Beləliklə, xalça sənəti yaşayacaq, necə ki, əsrlər boyu yaşayıb”.

Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, Sumqayıt Kimya Sənaye parkında yun-əyirici boya fabriki tikilib. Hazırda avadanlıqların quraşdırılması prosesi davam etdirilir. Bizim öz boyalarımız, öz iplərimiz olacaqidxaldan asılılıq aradan qaldırılacaq. Bununla da həm yeni yerləri yaradılır, gənc xalçaçılar yetişdirilir, həm də bölgələrdə yunçuluqla bağlı aparılan tədbirlər öz səmərəsini verir. Yun-əyirici boya fabrikinin 2020-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulub. Bu fabrikin xammalla təmin edilməsi məqsədilə respublikanın 5 bölgəsində regionun yunboyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Həmin məntəqələr Naxçıvanda, Sabirabadda, Bərdədə, ŞabrandaQobustanda yerləşir. Regional məntəqələrin hər biri ildə 1500 ton yun qəbul etmək imkanına malikdir. 2021-ci ildən respublikanın bölgələrindən təbii boyaq bitkilərinin qəbulu da həyata keçiriləcək. Öz yunumuzdan ip istehsal olunacaq, öz təbii boyaqlarımızla boyanıb yerli istehsalda Azərbaycan xalçaları toxunacaq.

Təsadüfi deyil ki, ölkəmizə gələn turistlər, eləcə də Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin iştirakçıları da asudə vaxtlarında Azərbaycan xalçalarına maraq göstərməkdə israrlıdırlar. Misal üçün, Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 26-da Azərbaycan Milli Xalça Muzeyində olmuşlar.

Xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında geniş bilgi əldə edən xanımlara bildirilmişdir ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin "qızıl fondunu xovlu xalçalar təşkil edir. Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır.

Ziyarətçi xanımlar Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça nümunələrinə heyranlıqla tamaşa etmişlər. Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaratmışdır.

Azərbaycan xalçalarına dünya bazarında da maraq güclüdür. Xatırladaq ki, bu il Yaponiyanın 2 ixtisaslaşmış şirkəti Azərbaycanda olmuş, razılığa əsasən "Azərxalça”nın məhsulları Yaponiyaya ixrac edilməsi qərara alınmışdır. İlkin mərhələdə həmin şirkət tərəfindən 10 ədəd xalça alınmışdır. Gələcəkdə satılan xalçaların sayı artırılacaq. Azərbaycanın istehsal etdiyi xalçalar keyfiyyətli olduğu üçün dünya bazarlarında bu xalçalara tələbat daha çoxdur.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.-7 dekabr.- S.7.