MDB-nin kurortları sırasında “Naftalan”
öndədir
Azərbaycanın bu əvəzsiz
müalicə-istirahət ocağının gələcəyi
daha böyük olacaq
Azərbaycanın "Naftalan” istirahət və sağlamlıq mərkəzi MDB-də bu il ən çox müraciət edilən üçlüyə daxil olub. "Naftalan” ön sıralardan birində MDB məkanında istirahət və tibb sağlamlığı üçün nəzərdə tutulan kurortların reytinqinə əsasən yer tutub.
Azərbaycanın təbib qüdrətli, şan-şöhrətli müalicə-istirahət məkanı "Naftalan”a gələnlərin sayı getdikcə çoxalır. "Naftalan” neftinin "möcüzə”si hələ qədim zamanlardan məlum olub. Hələ o vaxtlar biliblər ki, o, onlarca xəstəliyin dərmanıdır. Odur ki, 1935-ci ildən burada "Naftalan” kurortu müalicə mərkəzi kimi fəaliyyətə başlayıb. Təbiətin xalqımıza bəxş etdiyi bu əvəzsiz sərvətdən kütləvi şəkildə istifadənin təşkili isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1982-ci il fevralın 19-da Ulu Öndərin təşəbbüsü ilə Naftalan kurort şəhərini inkişaf etdirmək tədbirləri haqqında geniş qərar qəbul olunub. Məhz həmin qərarın nəticəsində burada bir sıra müalicə müəssisələri tikilib. Nəticədə buraya gələnlərin sayı xeyli artıb.
Təəssüf ki, ötən əsrin 90-cı illərinin burulğanında bu şöhrətli kurortun fəaliyyəti demək olar ki, dayandı. Lakin Prezident İlham Əliyevin gördüyü ardıcıl tədbirlər sayəsində Naftalan yenidən dirçəldi. "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Naftalan sözün əsl mənasında yenidən quruldu. Belə ki, burada qısa müddət ərzində bir neçə kompleks ucaldıldı. "Çinar”, "Naftalan”, "Qarabağ”, "qaşaltı” kimi müasir istirahət-müalicə mərkəzləri istifadəyə verildi.
2014-cü il oktyabrın 20-də Prezident İlham Əliyev "Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzaladı. Naftalanın bugünkü şöhrəti, digər ölkələrin tanınmış müalicə mərkəzlərindən seçilməməsi, hətta onları qabaqlaması dövlət başçısının bu diqqət və qayğısı sayəsində mümkün olub.
İstər ölkəmizin öz vətəndaşları, istərsə də yaxın və uzaq xaricdən buraya istirahət və müalicəyə gələnlər üçün geniş seçim imkanları var. Kim hansı müalicə-istirahət ocağını istəsə, orada yerləşir. Məsələn, "Qarabağ” hotel kompleksi 13 hektardan çox sahəni əhatə edir və bu ərazidə çoxsaylı istirahət məkanları var. Vertolyot meydançasının, 8 kilometr uzunluğunda gəzinti yollarının və geniş yaşıllıq zolaqlarının olması bu kompleks haqqında aydın təsəvvür yaradır.
Prezident İlham Əliyev sözügedən istirahət-müalicə ocaqlarının əksəriyyətinin açılışında iştirak edib. Açılış mərasimlərinin birində dövlət başçısı deyib: "Bir neçə il bundan əvvəl "Çinar” hotelinin yenidən qurulub istifadəyə verilməsi ilə Naftalanda hotel biznesi sürətlə inkişaf etməyə başlamışdır. O vaxta qədər Naftalanın inkişafı o qədər də sürətlə getmirdi. Erməni işğalından əziyyət çəkən soydaşlarımız burada məskunlaşmışdılar. Bütün keçmiş sanatoriyalarda, pansionatlarda məcburi köçkünlər məskunlaşmışdılar. Biz ilk növbədə, onların problemlərini həll etməyə başladıq və buna nail olduq. Onlar indi gözəl evlərə köçürülüblər və məcburi köçkünlər üçün çox gözəl şərait yaradılıb. Köhnə, sovet vaxtından qalan sanatoriyaların yerində bax, belə gözəl hotellər tikilir”.
Naftalanda hotellərin, istirahət və müalicə ocaqları şəbəkəsinin genişlənməsi həm də yerli əhalinin məşğulluq probleminin həllində olduqca müsbət rol oynayıb. Belə ki, indi bu müəssisə və obyektlərdə Naftalanın və yaxınlıqdakı yaşayış məntəqələrinin yüzlərlə sakini çalışır, əməkhaqqı alır.
Naftalanın salnaməsi göstərir ki, sovet dönəmində buraya hər il müalicə üçün 70 min insan gəlib. Həyata keçirilən ardıcıl tədbirlər deməyə əsas verir ki, biz yenidən bu həddə çatacaq, hətta onu keçəcəyik. Çünki artıq hər il Naftalana dincəlməyə və müalicə almağa təqribən 30-40 min insan gəlir.
Prezident
İlham Əliyev Naftalanı beynəlxalq
turizm mərkəzi kimi
inkişaf etdirməyi başlıca vəzifələrdən
biri kimi qarşıya
qoyub. Bu yaxınlarda Naftalan Şəhər İcra
Hakimiyyətinin yeni
başçısını təyin edərkən Prezident həmin vacib məsələyə
bir daha toxunub. Naftalanın müasir
kurort mərkəzinə çevrilməsi
üçün görülən
ardıcıl tədbirlərin bəhrə verdiyini
vurğulayıb: "Naftalanı müasir
kurort mərkəzinə çevirmək
cəhdlərimiz, hesab edirəm ki, çox uğurludur. Mən Prezident
kimi ilk dəfə Naftalana gələndə ürəyim
ağrıdı, çünki gördüm, demək olar
ki, şəhər dağılmış
vəziyyətdədir. İnfrastruktur yox, işıq yox, qaz yox, su
yox, yollar bərbad. Sovet vaxtında tikilmiş
sanatoriyalar dağılmış və
şəhərdə minlərlə köçkün
məskunlaşmışdı, onların da
vəziyyəti çox ağır idi. Ona görə göstəriş
verdim və tapşırdım ki, vəsait ayrılsın. İlk
növbədə, biz köçkünləri
köçürdük və onlar üçün
gözəl evlər tikdirdik. Ondan sonra investorları cəlb etdik və onlar investisiya
qoymağa başladılar. Bununla paralel olaraq, Naftalan şəhərindəki
bütün hündürmərtəbəli
binalar əsaslı şəkildə təmir
olundu, yeni parklar salındı, mərkəzi şəhər
xəstəxanası, beşulduzlu
üç hotel - "Çinar”,
"Qarabağ” və
"Qaşaltı” açıldı.
Bütün açılışlarda mən şəxsən iştirak etmişəm.
Hazırda dördulduzlu və
üçulduzlu hotellərin
tikintisi davam etdirilir”.
Naftalanda yenə də geniş tikinti işləri aparılır. Tikmək, qurmaq
isə inkişaf deməkdir. Bir sözlə, əvəzsiz
müalicə və istirahət məkanımız
olan "Naftalan”ın
gələcək şöhrəti
daha böyük olacaq.
Flora SADIQLI
Azərbaycan.- 2019.-7 dekabr.-
S.7.