2020-ci il
fevralın 9-na təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə
növbədənkənar seçkilərdə vətəndaşların
seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən)
və qərarlardan şikayətlərin
araşdırılması məqsədilə Mərkəzi Seçki
Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 15/61
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki qanunvericiliyinin tələblərinə müvafiq olaraq seçkilər prosesində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada seçki komissiyalarının nəzdində ekspert qrupları yaradılmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 5.1-ci və 5.2-ci bəndlərinə uyğun olaraq vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə, səsvermə gününə azı altmış gün qalmış, hər seçki (referendum) dövründə fəaliyyət göstərən, tərkibinə müvafiq seçki komissiyasının hüquqşünas üzvləri, o cümlədən peşəkarlıq, faktiki və hüquqi təhlillər aparmaq bacarığı, seçki sahəsində iş təcrübəsi, fəaliyyətinin qərəzsizliyi barədə ictimai inamın yüksək olması kimi meyarlara cavab verən seçki komissiyalarının digər (hüquqşünas olmayan) üzvləri və katiblik əməkdaşları daxil edilməklə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (Mərkəzi Seçki Komissiyası) nəzdində 9 nəfərdən, dairə seçki komissiyalarının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Seçki hüququnun pozulması ilə əlaqədar seçki komissiyalarına daxil olmuş şikayət və müraciətlərin araşdırılmasının təmin edilməsi və onların obyektivliyini və səmərəliliyini artırmaq məqsədilə yuxarıda göstərilən qaydada müvafiq ekspert qruplarının yaradılması zəruridir.
Ona görə də Mərkəzi Seçki Komissiyasının nəzdində bu Qərarın nəticə hissəsində göstərilmiş və yuxarıda göstərilən tələblərə cavab verən 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılmalı, mövcud dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması isə həmin seçki komissiyalarına həvalə edilməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-1.1-ci maddələrinə, yuxarıda göstərilən Təlimatın 5.1-ci və 5.2-ci bəndlərinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində aşağıdakı tərkibdə ekspert qrupu yaradılsın:
Ramiz İbrahimov - Mərkəzi Seçki Komissiyasının üzvü;
Validə Kazımova - Mərkəzi Seçki Komissiyasının üzvü;
İlham Məmmədov - Mərkəzi Seçki Komissiyasının üzvü;
Qabil Orucov - Mərkəzi Seçki Komissiyasının üzvü;
Bəxşeyiş Əsgərov - Mərkəzi Seçki Komissiyasının üzvü;
Tofiq Həsənov - Mərkəzi Seçki Komissiyasının üzvü;
İlkin Şahbazov - Mərkəzi Seçki Komissiyasının üzvü;
İlqar Əlizadə - Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri;
Rafiq Abbasov - Mərkəzi Seçki Komissiyası Katibliyi
Hüquq şöbəsinin müdiri.
2. Dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması dairə seçki komissiyalarına həvalə edilsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
07.12.2019
Azərbaycan.- 2019.- 8 dekabr.-
S. 4.