Dövlət siyasətinin mərkəzində Azərbaycan
vətəndaşlarının sağlamlığı və
rifahı dayanır
Prezidentin Şamaxı rayonunun sakinləri ilə
görüşləri bunu bir daha təsdiqlədi
Son günlər dövlət başçısı iş qrafikindəki gərginliyə baxmayaraq yenə də bölgələri diqqət mərkəzində saxlayır, verdiyi tapşırıqların icrasına nəzarət etmək, görülən işlərlə tanış olmaq, sadə insanlarla görüşmək, onların qayğılarını öyrənmək üçün bölgələrə ənənəvi səfərlərini davam etdirir. Bu baxımdan Prezidentin 5-6 dekabrda Şamaxı rayonuna sonuncu səfəri də bölgələrə artan diqqətin təzahürü kimi mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısı səfər zamanı Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 101-117-ci kilometrlik hissəsinin yenidənqurmadan sonrakı açılışında iştirak etdi. 4 min nəfər əhalinin yaşadığı, 5 məntəqəni birləşdirən ümumi uzunluğu 16 kilometr olan bu yol yenidən qurularaq 4 zolağadək genişləndirilmişdir. Bu yol insanların rahat gediş-gəlişini təmin edəcəkdir.
Həmin gün Prezident İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasına da baş çəkmiş, yaradılmış şəraitlə tanış olmaq üçün Fərdar Həsənovun mənzilində çay süfrəsinə əyləşmiş, onun anası Xuraman xanımla söhbət etmişdir. Dövlət başçısı ona dərindən minnətdarlığını bildirən, sidqi-ürəkdən işlərinə xeyir-dua verən Xuraman xanıma bu il üçüncü dəfə Şamaxıya gəldiyini bildirdi. Birinci dəfə zəlzələ baş verəndə, ikinci dəfə mart ayında - göstəriş vermişdi ki, ilin sonuna qədər bütün evlər tikilsin: "Şadam ki, buna nail olmuşuq. Bu da əslində misli görünməmiş məsələdir. Çünki 10 ay ərzində bütün fərdi evlər tikildi, təmir olundu. İndi düzdür, bəzilərinin tikintisi davam edir. Hündürmərtəbəli, 174 mənzilli üç bina, o cümlədən bu bina. Təkcə Şamaxı rayonunda yox, Ağsuda, İsmayıllıda da böyük işlər görülübdür. Bütün bunları biz dövlətin vəsaiti hesabına etdik. Bir daha göstərdik ki, Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır”.
Bu yerdə bir neçə gün əvvəl Moskva Energetika İnstitutuna 1974-cü ildə Ulu Öndərin oxumağa göndərdiyi milli kadrlarının aradan 44 il keçəndən sonra kiçik bir görüşünü xatırlamaq yerinə düşərdi. Bu görüşə həm də Almaniyadan o zaman bizimlə oxuyan Hartmut adlı tələbə yoldaşımız da gəlmişdi. O bir neçə postsovet ölkəsində olduğunu, hətta ucqarlara belə gedib çıxdığını danışdı. Soruşduq ki, Hartmut, dolaşdığın yerlərdə Azərbaycanla müqayisədə fərqli nə gördün? Cavabı belə oldu: "Rusiyada boşalan kəndlər gördüm, yüzlərlə evi atıb gediblər, qocalar qalıb. Xəstəxana yoxdur, məktəb yoxdur, mağaza yoxdur. İnsanları ümidsiz gördüm! Amma Azərbaycanda harda olsam, insanların üzündə bir ümid gördüm. Burda kəndlər yerindədi, hamının sabaha inamı var”.
Əgər dövlət başçısı evsiz-eşiksiz qalmış insanların problemlərinə bu cür diqqətlə yanaşırsa və onların evlərinin tikilməsini təcili həll edirsə, əlbəttə ki, belə ölkədə insanlar sabaha ümidlə baxacaqlar. Çünkü inkişaf etmiş ölkələrin özlərində belə təbii fəlakətlə üzləşənlərə yalnız sığorta olduğu halda yardım edilir. Azərbaycan Prezidenti insanların rifahının yüksəlməsini, sosial qayğılarının həllini dövlət siyasətində prioritet istiqamət kimi elan edib. Dövlətimizin niyyəti vətəndaşların problemlərini daim diqqət mərkəzində saxlamaqdır.
Şamaxı seysmik zonada yerləşən şəhər kimi tarixən dəfələrlə dağıdıcı zəlzələlərə məruz qalıb. Elə olub ki insanlar şəhəri atıb gediblər, elə də olub ki, şəhər zəlzələlərdən uzun müddət ayağa qalxmaq iqtidarında olmayıb. Həm zəlzələlərdən, həm də erməni vandallığından bu şəhərdə ziyan çəkən məscid də Prezidentin qayğısı və dəstəyi sayəsində bərpa edildi, dünya mədəniyyəti inciləri sırasında layiqli yerini aldı.
Sonuncu zəlzələdən sonra Şamaxı rayonu üzrə 580 fərdi ev, 44, 20 və 110 mənzildən ibarət hündürmərtəbəli üç bina tikilmiş, rayon üzrə 1175 evdə bərpa işləri aparılmışdır. Şamaxı ölkəmizin məşhur turizm şəhərlərindən birinə çevrilməkdədir.
Dekabrın 5-də Prezident Şamaxıda "ASAN Həyat” kompleksinin açılışında da iştirak etmişdir. Kompleks Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşa xidmət göstərəcək, bu mərkəzdə ümumilikdə 320-dən çox növdə xidmət həyata keçiriləcək.
Dövlət başçısı Şamaxıda keçirdiyi bütün görüşlərdə və çıxışlarında, sadə adamlarla söhbətlərində bir sıra vacib məsələlərə toxundu və beləliklə, əyalətdən paytaxta və bütün ölkəyə mesaj göndərdi. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yenidən formalaşmasından, gənclərin dövlət quruculuğuna daha geniş miqyasda cəlb edilməsindən danışdı. Prezident artıq islahatların intellektual mərhələyə qədəm qoyduğunu bəyan etdi: "...yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır. Eyni zamanda mən onu da bildirməliyəm ki, biz nəsillər arasında ziddiyyətlərə yol verə bilmərik. Çünki bu, hər bir cəmiyyətdə var. Yaşlı nəsildən olan bir çoxları həmişə gənc nəsildən narazıdır. Ona görə biz bunu başa düşməliyik. Nəsillər arasındakı anlaşılmazlıq hər bir cəmiyyətdə var. Amma bizim cəmiyyət mühafizəkar cəmiyyətdir, konservativ cəmiyyətdir və ənənəvi dəyərlər üzərində qurulmuş cəmiyyətdir. Biz, əlbəttə, imkan verə bilmərik ki, bu təbii ziddiyyətlər hansısa böyük bir problemə çevrilsin”.
Dekabrın 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə də tanış oldular.
Nəsiminin qardaşı Şahi Xəndanın xatirəsinə buradakı məzarlıq Şahxəndan qəbiristanlığı adlanır. Qəbiristanlıqdakı bu ərazi məhəccərlərlə hörülü idi. İndi əhalinin razılığı ilə məhəccərlər sökülüb və ərazi abadlaşdırılıb. Avstriyalı bərpaçı-memar Erik Pumerin tövsiyələri və təlimatı əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə burada bərpa işləri aparılır. Avstriyadan olan bərpaçı alimlər Şamaxıdakı tarixi Gülüstan qalasının bərpası layihəsinin də üzərində çalışırlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın filosof şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə mütəfəkkirin anadan olduğu Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak etməklə bölgəyə səfərlərinə yekun vurdular. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiya çərçivəsində bir gündə ölkəmizdə 650 min, o cümlədən Şamaxıda 50 min ağac əkilib.
Dövlət başçısının keçirdiyi görüşlər, baş çəkdiyi ünvanlar, sadə insanlarla və yerli dövlət məmurları ilə görüşlərində dedikləri, çıxışlarının məzmunu, dövlət quruculuğu ilə bağlı açıqlamaları belə qənaətə gəlməyə imkan verir ki,
İlham Əliyev Şamaxıdan islahatların ruhuna sadiq qalacağını bütün ciddiyyəti ilə bəyan etdi. Bir daha alman mühəndisi Hartmutun Azərbaycanda insanların sabaha ümid bəslədiklərini görməsi yada düşür.
Bu gün Şamaxıya kim gəlir gəlsin, muğamın ruhu qonan küçələri dolaşsın, abidələrə baş çəksin, dəfələrlə dağıdıcı zəlzələlərdən baş qaldıran əyalət şəhərinin qədim mədəniyyət mərkəzi olduğunu görəcək, onun həm dövlət, həm də insanlar tərəfindən sevilib qorunduğunu hiss edəcək. Tarixini, keçmişini qoruyan, bu günün uğurlarına dəyər verib qiymətləndirən xalqın gələcəyi də nikbindir.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2019.- 8 dekabr.-
S.1-2.