Ermənistana
aparan istintaq izləri...
Sumqayıt təxribatı - erməni millətçilərinin çirkin əməli
1988-ci il fevral
ayının sonlarında Sumqayıt şəhərində
baş verən hadisələr ermənilərin və
havadarlarının Azərbaycan xalqı ilə bağlı
beynəlxalq ictimaiyyətdə mənfi imic yaratmaq məqsədi
güdən qanlı cinayətlərindən biri idi. Bu hadisələr
nəticəsində Sumqayıtda müxtəlif millətlərdən
olan 32 nəfər həlak olmuş, 400-dən çox insan bədən
xəsarəti almış, 200-dən çox mənzil talan
edilmiş, 50-dən artıq mədəni-məişət
obyekti dağıdılmış, 40-dan çox
avtomaşın sındırılmış və
yandırılmış, şəhərə ovaxtkı qiymətlərlə
10 milyon ABŞ dolları məbləğində maddi ziyan
vurulmuşdur.
Sumqayıtda baş verən
hadisələrdə əsas təşkilatçılardan və
icraçılardan biri Eduard Qriqoryan idi. O, iki dəfə məhkum
olunmuşdu və heç yerdə işləmirdi. "Krunk”un fəal üzvü idi. İstintaq
qrupunun materiallarından aydın olur ki, 1988-ci il
fevral ayının ortalarında onun yaşadığı mənzilə
Yerevandan bir qrup emissar gəlib. Belə ki,
Qriqoryan təlimatlandırılmış, ona pul, narkotik vasitələr
verilmişdi. "Paşa” ləqəbli Edik ertəsi
gün ətrafına bir neçə azyaşlı yeniyetmə
və gəncləri toplayıb, yaxın günlərdə bəzi
əməliyyatlarda iştirak etsələr, çoxlu pul verəcəyini
bildirərək onları şirnikləndirmiş və 1988-ci
il fevral ayının 27-29-da Sumqayıtda
iğtişaşlara rəhbərlik etmişdi.
Təəssüf ki, 1988-ci
ildə işin istintaqı tam, hərtərəfli və
obyektiv araşdırılmamış, hadisələrin əsl
mahiyyəti gizlədilmiş, cinayətlərin bütün
iştirakçıları, əsasən də təşkilatçıları
müəyyən edilməmiş, hadisələrin başvermə
səbəbləri və şəraiti
aydınlaşdırılmamışdır.
Hərbçilər tərəfindən
tutulmuş Eduard Qriqoryanın ifşa edilməsi isə
istintaqın yox, zərərçəkmiş Mejlumyan
bacılarının onu özlərinə qarşı
zorakılıq edənlərdən biri kimi tanımaları nəticəsində
mümkün olmuşdu.
Fevralın 27-də Sumqayıt şəhər
prokuroru İsmət Qayıbov baş vermiş
iğtişaşlarla bağlı cinayət işi başlatsa
da, dörd gün sonra Moskvadan göndərilmiş SSRİ
Baş Prokurorluğunun istintaq qrupu bu işi öz icraatına
götürmüş, Sumqayıtın və ümumiyyətlə,
Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşlarını
istintaq-əməliyyat tədbirlərindən kənarlaşdırmışdı.
Belə bir şəraitdə
ermənilərin əvvəlcədən, qeyd-şərtsiz zərər
çəkmiş tərəf kimi tanınması
asanlaşmış, tutulan ermənilərin hamısı
"səhvən yaxalanmışlar” kimi azadlığa
buraxılmışdı.
Sumqayıt hadisələrində
kontrmaterialların toplanmasında Xaçaturyanın əli
var idi
Moskvadan gələn müstəntiqləri
isə daha çox azərbaycanlılar
maraqlandırırdı. Onlar Sumqayıtda özlərini həyasızcasına
aparır, dindirmələr zamanı azərbaycanlılarla
amansız rəftar edirdilər. Sumqayıt
hadisələri zamanı DTK-nın Sumqayıt şəhər
şöbəsinin əməliyyat müvəkkili Asif Cəbrayılov
məlumat verib ki, bu qrupun içində erməni millətindən
olanlar da var idi. Xaçaturyan Moskva DTK-da fəaliyyət
göstərən zabit idi. Bu zabitin azərbaycanlılara
qarşı çox neqativ münasibəti var idi və onun fəaliyyəti
barədə mütəmadi olaraq qrupun rəhbərliyinə
şikayət edilirdi: "O, azərbaycanlılara qarşı
qeyri-qanuni hərəkətlər edir, təhqiramiz sözlər
deyirdi. Bu, bizim qürurumuza dəyirdi, bu barədə
müraciətlər edəndə vəd verirdilər ki, onun
haqqında tədbir görəcəklər. Ancaq heç bir tədbir görülmürdü.
O, Sumqayıtda gənclərin qanunsuz olaraq saxlanılmasına
rəhbərlik edirdi. Baxmayaraq ki, bu gənclərin
hadisələrə aidiyyəti var və ya yox idi. Qadınlara təhqiramiz münasibət göstərirdilər.
Kontrmaterialların toplanmasında
Xaçaturyanın əli var idi”.
Həmin qrupdakı müstəntiqlər
hər vəchlə Sumqayıt iğtişaşlarında erməni
izlərini silməyə çalışırdılar, amma hətta
erməni zərərçəkənlər belə onların
varlığını təsdiqləyirdi. Məsələn,
Sumqayıt talanlarının şahidi və evinə hücum
olunan şəxslərdən biri - Melkumyan Roza Antonovna Yerevanda
dindirilmə zamanı bunları deyib: "Hətta biz Yerevan ləhcəsində
onlar kimi danışa bilmirik. Üç-dörd nəfər
oğlan erməni dilində danışır və deyirdi:
"Yox, biz ona görə gəlməmişik ki, onları
sağ saxlayaq. Biz gəlmişik ki, hər
şeyi yandıraq, yaxud onları öldürək. Biz onları buraxmayacağıq”.
Gözdən əlil olan Esiyan Levon da
22 sentyabr 1988-ci ildə verdiyi ifadədə ona hücum edən
şəxslər haqqında deyir: "Xatırlayıram ki,
erməni dilində söyürdülər. Özü də
erməni dilində təmiz, aksentsiz danışırdı,
bu adam erməni dilində sərbəst
danışırdı”.
Axtarış
üçün Bakıda və Daşkənddə dəqiq
ünvanlar olsa da...
1988-ci il avqustun
23-də Azərbaycan DTK-da Sumqayıt hadisələri ilə
bağlı fəaliyyət planı təsdiqlənir. Planda deyilir ki, "Sumqayıt talanlarında təşkilatçı
kimi iştirak etmiş Eduard Qriqoryan talanlar ərəfəsində
Stepanakert şəhərinin sakini Sərkisyan Suren
Yuryeviçlə görüşüb. Sərkisyan
əvvəllər Qriqoryanla bir yerdə cəzaçəkmə
müəssisəsində cəza çəkib. Qriqoryan ermənilərin siyahısını və
narkotik təsirli həbləri ondan alıb və daha sonra həmin
həbləri iğtişaş iştirakçılarına
paylayıb”.
Həmin vaxt Azərbaycan SSR
DTK-nın Sumqayıt şəhər şöbəsinin rəisi
polkovnik-leytenant Lebedev Dağlıq Qarabağ Muxtar Vilayətinin
DTK şöbəsinin rəisi Voykaya məktub ünvanlayaraq Sərkisyan
Yuryeviç adlı şəxsi tapmaqda ondan kömək istəyir. 10 gündən
sonra bununla bağlı Stepanakertdən cavab alır. Cavabda bildirilir ki, Sərkisyan hazırda Daşkənddə
yaşayır. Stepanakertdə Pioner küçəsi, ev 4-də onun atası Sərkisyan Yuri
Baxşiyeviç yaşayır. Şəhərlərarası
telefon stansiyasının məlumatına əsasən onun
atasının mənzilindən Daşkəndə 202-64-97
nömrəli telefona zəng olunub. Bakı
şəhərində isə 74-17-18 və 64-94-40 nömrəli
telefonlara zəng edilib.
Qəribədir ki, DTK-nın
əməliyyat axtarış tədbirləri bundan sonra davam
etdirilməyib.
Halbuki axtarış üçün Bakıda və
Daşkənddə dəqiq ünvanlar var idi. Sərkisyanın
axtarılması haqda məlumatlar ictimaiyyətdən gizlədilib
və axtarışı heç bir izahat verilmədən dayandırılıb...
Yerevandakı idman-konsert kompleksinin direktorunun avtomobili niyə
hadisələr zamanı Nasosnıda idi?
Sumqayıtdan Ermənistana
uzanan və Ermənistanda izi itən istintaq izlərindən
biri də Yerevandakı idman-konsert kompleksinin direktoru Robert
Amayakoviç Çaqikyana məxsus avtomobillə
bağlıdır. Bayramov soyadlı bir vətəndaş
fevralın 15-20-si arasında evə qayıdarkən içərisində
4-5 kişinin olduğu Ermənistan seriyalı
maşının Nasosnı (indiki Tağıyev qəsəbəsi)
ərazisində olduğunu görüb. Bu
nömrə nişanlı avtomobilin kimə məxsusluğu və
fevralın 15-dən 30-dək harada olması ilə
bağlı Ermənistan DTK-ya şifrteleqram ünvanlanıb.
Yerevandan alınan cavabda isə teleqramın yalnız bir hissəsinə
cavab verilib ki, həmin nömrə nişanlı Qaz-24
markalı ağ rəngli avtomobil
Yerevandakı idman-konsert kompleksinin direktoru Çaqikyan Robert
Amayakoviçə məxsusdur...
Ümumiyyətlə, istintaq
materiallarında tez-tez belə ifadələrə rast gəlinir:
"sumqayıtlı olmayan”, "qara plaşlı”, "erməni
dilində danışan” və s. Bu, sıravi istintaqçıların
da diqqətini cəlb edirdi. Bəzi ifadələrdə,
hətta istintaqçıların da həmin adamları
axtardıqları, amma bu məsələnin sonuna çata
bilmədikləri məlum olur.
1988-ci ildə Oryol vilayət
Prokurorluğunun böyük müstəntiqi, SSRİ
Prokurorluğunun Sumqayıt hadisələrini araşdıran
istintaq qrupunun üzvü Niyazi Vəlixanov da bildirib ki,
"Qara plaşlılar” barəsində məlumatlar daxil
olurdu, onların şəxsiyyətinin müəyyən edilməsi
üçün əməliyyat tapşırıqları
verilirdi, ancaq o işlərin hansı qaydada həll olunması
və onların nəticəsi bizə bildirilmirdi: "Katusev
(SSRİ Baş prokurorunun müavini) gələndən sonra
göstəriş verdi ki, "işlər yekunlaşsın,
məhkəməyə göndərilsin”, bundan sonra o məsələlər
istintaq qrupu üçün maraq kəsb etmirdi. Ona görə də onun sonrakı taleyi mənim
üçün aydın deyil”.
Ümumiyyətlə, Sumqayıt hadisələrinin
istintaqını aparmış SSRİ Baş Prokurorluğunun
istintaq qrupunun tərkibində fəaliyyət göstərmiş,
istintaq qrupunun rəhbəri SSRİ Baş Prokurorluğunun
xüsusi ilə mühüm işlər üzrə baş
müstəntiqi Qalkin familiyalı bir nəfər olub.
İş üzrə əsas istintaq hərəkətlərini
SSRİ Baş Prokurorluğundan və RF-nin müxtəlif
vilayətlərindən dəvət olunan müstəntiqlər
icra edib, aparılan istintaq hərəkətlərini ermənilər
və xarici dövlətlərin xüsusi xidmət
orqanları təşkil edib, istintaq qrupunun rəhbəri cinayətin
təşkilatçılarının müəyyən edilməsi
istiqamətində demək olar ki, istintaq hərəkətləri
aparmayıb, onların ifşa olunmasında maraqları
olmayıb. Buna görə də əsas cinayətin
icraçıları barəsində işlərin tezliklə
tamamlanıb məhkəməyə göndərilməsini tələb
edib və Azərbaycan millətindən olan müstəntiqlərin
əsas istintaq hərəkətlərini saxlamağa
çalışıb.
İstintaqı
dayandırılan 5 cinayət işinin icraatı təzələnib
Ona görə də hadisələrin
əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun
üstündən sükutla keçdiyi məqamları
araşdırmaq üçün Azərbaycanın qəti
siyasi iradəsinin təzahürü olaraq Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin göstərişi
və Azərbaycan Respublikası Baş prokurorunun 19 mart 2010-cu
il tarixli qərarı ilə həmin kütləvi
iğtişaşlarla əlaqədar keçmiş SSRİ
Baş Prokurorluğu tərəfindən istintaqı
aparılaraq sonradan dayandırılan 5 cinayət işinin
icraatı təzələnərək vahid icraatda birləşdirilib
və istintaqın aparılması Baş prokurorun birinci
müavininin rəhbərliyi ilə prokurorluq, daxili işlər
və təhlükəsizlik xidmətinin müstəntiq və
əməliyyatçılarından ibarət
yaradılmış istintaq-əməliyyat qrupuna həvalə
edilib.
Respublikamızın istintaq
qrupu tərəfindən toplanan materialların qiymətləndirilməsi
və təhlili təsdiq edir ki, Sumqayıtdakı
iğtişaş Azərbaycana qarşı Ermənistan
xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi tərəfindən təşkil edilən təxribat
olub. SSRİ Konstitusiyası əsasında Dağlıq
Qarabağın Azərbaycandan ayrılmasının
qeyri-qanuniliyini dərk edən erməni ideoloqları və
SSRİ rəhbərliyində onları açıq dəstəkləyən
şəxslər ermənilərin və azərbaycanlıların
birgə yaşamasının
qeyri-mümkünlüyünü əsaslandırmaq istəyiblər.
Azərbaycanlıların artıq tam şəkildə
Ermənistan ərazisindən qovulmasını təmin etmək
və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata
əl atıblar.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2019.-8 dekabr.- S.8.