Qonşu dövlətlərin gömrük sahəsində əməkdaşlığının perspektivlərinə dair müzakirələr aparılıb

 

Dekabrın 9-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Andrey Strukov ilə görüşüb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Azərbaycan ilə Rusiya arasındakı mehriban qonşuluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edibiki ölkənin işgüzar, peşəkar əlaqələrə malik olan gömrük orqanlarının bu münasibətlərin inkişafına öz töhfəsini verdiyini diqqətə çatdırıb.

Son illərdə Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verən S.Mehdiyev tətbiq edilən yeniliklər hesabına gömrük prosedurlarının daha da sadələşdirildiyini, sərhədkeçmə vaxtının minimuma endirildiyini, şəffaflığın təmin olunduğunu, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, ölkənin tranzit imkanlarının artırılmasında mühüm nailiyyətlərin əldə edildiyini bildirib.

Komitə sədri Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın xüsusi çəkiyə malik olduğunu vurğulayıb, iki ölkənin iqtisadi və ticarət münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mövcud olan əlavə imkanlardan səmərəli istifadə olunacağına əminliyini ifadə edib.

Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini A.Strukov Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bütün sahələrdə, o cümlədən gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb, əlaqələrin perspektivlərindən danışıb.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2019.- 10 dekabr.-S.2.