Əbədiyaşar ömür
Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın
müstəqillik, qurtuluş, inkişaf tarixinin ən
şanlı səhifəsidir
Azərbaycanın tarixi bir çox önəmli hadisələrlə zəngindir. Ulu Öndər, dünya şöhrətli siyasi xadim Heydər Əliyev şəxsiyyəti, onun zəngin bioqrafiyası və nəhəng ideya-nəzəri irsi, quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi bu tarixi hadisələrin içərisində xüsusi yer tutur.
Azərbaycan xalqı çox haqlı olaraq Ulu Öndərin adını müstəqillik tarixinə dövlətimizin milli xilaskarı, memarı və böyük qurucusu kimi həkk etmişdir. Heydər Əliyev bəşəriyyət tarixində mənsub olduğu xalqa və millətə dövlət müstəqilliyini yenidən qazandıra bilən xilaskarlıq fenomenidir. Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir. Heydər Əliyev adı xalqımız üçün mənəvi yüksəlişin, milli intibahın, azərbaycançılığın, vətənə sevginin və layiqli xidmətin təcəssümüdür. Heydər Əliyev adı dünya üçün Azərbaycanı kökündən tanımağın, Azərbaycanın qüdrətini dərk etməyin ən düzgün vasitəsidir.
Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixidir. Heydər Əliyevin ömür yolunun hər bir səhifəsi ləyaqət, dəyanət təcəssümü, fövqəlqüdrət və hikmətlə doludur. Ulu Öndər nəsillərə örnək olan həyat və fəaliyyəti ilə nəinki Azərbaycan tarixində, eləcə də bütün türk dünyasında və beynəlxalq aləmdə ən görkəmli şəxsiyyətlər sırasında ilk yerlərdə durmağa layiq nadir simalardandır.
O, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıbdır. Çünki o, Azərbaycanı dünyaya tanıdıb, dünyanı Azərbaycana gətiribdir. O, Azərbaycanı qorumaq üçün yaşayıb, Azərbaycanı yaşatmaq üçün qurub-yaradıbdır. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının Ümummilli Liderinə, dünya siyasətinin nəhənglərindən birinə çeviribdir.
Ümummilli Lider Heydər Əliyevin müstəsna missiya ilə müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq təcrübi surətdə həyata keçirmiş böyük şəxsiyyət olduğu danılmaz həqiqətdir. Ulu Öndərin siyasi kimliyi xalqımızın uzun minillikləri əhatə edən dövlətçilik tarixində iz qoymuş görkəmli şəxsiyyətlərin ən müsbət cəhətlərinin ümumiləşmiş obrazıdır. O, Azərbaycanın müasir tarixini əhatə edən, zaman baxımından bir qərinəlik, mahiyyətcə isə əhəmiyyəti əsrlərlə ölçülən mərhələsində həm dünya şöhrətli uzaqgörən siyasi və dövlət xadimi, mahir və yenilməz sərkərdə, iqtisadi-mədəni intibahın memarı və milli-mənəvi mədəniyyətin böyük hamisi, yorulmaz vətənpərvər və polad əqidəli vətəndaş, görkəmli mütəfəkkir və milli ziyalılığın öndəri kimi titanik fəaliyyət göstərmişdir. Bu dahi insan dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşmış, milli ideallara daxilən bağlı olmuşdur.
Ümummilli Lider unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən ideoloji-siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazanıbdır. Bütün bunlar bir dəyər altında birləşmişdir: Heydər Əliyev böyük Azərbaycanlı idi. Ulu Öndərin zamanın fövqündə duran müdrikliyi ilə böyük həyat təcrübəsinin vəhdəti onu iki əsrin dahisinə çevirmişdir.
Ulu Öndər Heydər Əliyevin vəfatından on altı il keçir. Ötən illər ərzində xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş dahi oğlunu bir an belə unutmayıbdır. Onun uyuduğu Fəxri xiyabandan ziyarətçi ayağı heç vaxt kəsilməyibdir. Bu günlər Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda, xarici ölkələrdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimləri keçirilir.
Hər il olduğu kimi, bu il də dekabrın 12-də insanlar səhər tezdən Fəxri xiyabana axışacaqlar. Axışırlar ki, müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş bu böyük insanın, unudulmaz şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirsinlər. Və bu anda bir daha Heydər Əliyev şəxsiyyəti, onun görkəmli fəaliyyəti barədə düşünmək mənəvi borcumuza çevrilir.
Bu gün Ulu Öndəri tanıyan hər bir insan Heydər Əliyev şəxsiyyətinin ucalığı barədə fikir yürütməyə ehtiyac duyur. Ümummilli Liderin parlaq şəxsiyyəti ilə bağlı ən müxtəlif fikir və mülahizələr, xoş xatirələr isə sonda bir nöqtədə birləşir: Heydər Əliyev həyatını istisnasız olaraq Azərbaycana həsr etmişdi. Bu böyük insan haqqında deyilən sözlər yalnız ifadə üslubuna görə fərqlənir, məzmunsa Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün ən müxtəlif tərəflər üzrə ifadəsindən ibarətdir.
Ziyarətə gələnlər yaxşı bilirlər ki, "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafına xidmət olmuşdur” deyən Ulu Öndər Heydər Əliyev 35 ildən artıq bir müddətdə - istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxarıbdır. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövr sadəcə təqvim göstəricisi deyil. Bu dövr Azərbaycan üçün yeni üfüqlər, yeni zirvələr deməkdir. Bu dövr bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənən iki mərhələ ilə (1969-1982 və 1993-2003-cü illər) xarakterizə olunsa da, əslində, Ulu Öndərin vətənə fədakar xidməti və hakimiyyətinin hər iki mərhələsində ölkəmizin nəhəng miqyasda nailiyyətlər qazanması baxımından oxşardır. Başqa sözlə, eyni missiyanın, sadəcə, iki mərhələsidir.
Böyük strateq Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqilliyinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün Ümummilli Lider obrazını yaratmış, tarix isə dahi şəxsiyyətin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz Ulu Öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verərkən, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi yaradarkən, mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkişafına nail olarkən məhz bugünkü və gələcək tərəqqinin, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməlini qoymuşdur. Bu nöqteyi-nəzərdən Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Təsadufi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu Öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürür, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail olurdu.
Keçmiş Sovet İttifaqı kimi böyük dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində də mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın ittifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişinə təkan vermişdir.
Ulu Öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə edib, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olubdur.
Ümummilli Lider Heydər Əliyev fəaliyyəti boyu nə iş görübsə, orada azərbaycançılıq məfkurəsinin izləri vardır. Bu məfkurə müstəqillik illərində daha da inkişaf edib, müstəqil dövlətimizin sarsılmaz dayaqlarından birinə çevrilibdir. Bu gün Azərbaycanda hansı sahəyə üz tuturuqsa, orada Ümummilli Liderin təməlini qoyduğu möhtəşəm işlərin yadigarlarını görürük. Böyük Öndərin milli dövlətçilik konsepsiyası müstəqil dövlətçiliyimizin bundan sonrakı inkişafının bütün mərhələlərini əhatə edəcək qədər uzaqgörən və bəşəridir.
Bəşəriyyətin dünyaya bəxş etdiyi az sayda şəxsiyyətlər vardır ki, tarixdə onların bənzəri olmur, onlar insanlığın təkrarsız zirvəsi olur və bəşəriyyət tarixində silinməz iz qoyur, insanlıq tarixində əbədiyaşarlıq qazanırlar. Hər bir tarixi şəxsiyyətin xidmətləri mənsub olduğu xalqın yaddaşında əbədi qalır, ancaq bununla məhdudlaşmır. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev məhz həmin şəxsiyyətlərdəndir. Dövlət xadimi kimi Ulu Öndər Azərbaycan üçün əvəzedilməzdir. Müstəqil demokratik dövlətin memarı olan Heydər Əliyev həm də ölkənin müasirləşməsinin başlıca xəttini müəyyənləşdirmiş insandır. Onun işləyib hazırladığı inkişaf konsepsiyası zamanın bütün sınaqlarından uğurla çıxaraq Azərbaycanı zirvələrdən zirvələrə aparmaqdadır.
Heydər Əliyev - Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan nadir tarixi şəxsiyyət, xalqın və ölkənin taleyində xüsusi rolu olan görkəmli dövlət xadimidir. Tarixə Azərbaycan xalqının Ümummilli Lideri kimi daxil olmuş bu əvəzsiz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Heydər Əliyevin şəxsiyyəti, siyasi portreti, liderliyi o qədər zəngin elementlərlə səciyyələnir ki, onu tam öyrənib başa çıxmaq çox çətindir. Bunun üçün nəhəng bir elmi-tədqiqat institutuna ehtiyac vardır.
Məhz onun xidmətləri sayəsində Azərbaycan keçmiş sovetlər birliyində hərtərəfli şəkildə inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin qurulması və möhkəmləndirilməsi də üzvi surətdə Heydər Əliyevin adı və mübarizəsi ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ölkədə hakimiyyətə qayıdışından sonra Azərbaycanın hüquqi-siyasi və sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisi istiqamətində aparılan islahatlar, bu islahatlar nəticəsində yalnız ölkəmizdə deyil, hətta regionumuzda baş verən dəyişikliklər, mütərəqqi yeniliklər ən yaxın tariximizin siyasi reallığıdır. Milli istiqlaliyyətimizin 28-ci ilinə qədəm qoyduğumuz bu müddətdə xalqımız məhz görkəmli dövlət xadimi Heydər Əliyevin konseptual irsinə sadiq qaldığı üçün müstəqilliyini və suverenliyini qoruyub saxlamış, sürətli və hərtərəfli inkişaf yoluna qədəm qoymuş, zəruri demokratik islahatlar nəticəsində Avropa ailəsinə qoşulmuş, bu gününün və gələcəyinin rifahını təmin etmişdir. Ulu Öndərin əfsanəvi şəxsiyyətini, onun malik olduğu bilik və qabiliyyətləri fenomenal keyfiyyətləri ilə birlikdə tam xarakterizə etmək bütöv bir tarixi dövrü təsvir etmək qədər çətin bir elmi-ictimai vəzifədir. Lakin bir həqiqət artıq tarixin yaddaşına qızıl hərflərlə həkk olunmuşdur: Ulu Öndər Heydər Əliyevin bütünlüklə vətəninə, xalqına, dövlətinə, doğma torpağına həsr edilmiş həyat və fəaliyyətinin müasir müstəqil Azərbaycanla, onun tarixi ilə sıx bağlı və paralel olduğu danılmazdır.
XX əsrdə dövr, zaman xalqımızı bir neçə dəfə ağır imtahana, sınağa çəkmişdir. Sovet imperiyasının süqutu ərəfəsində - xalqımızın 1918-ci ildə qazandığı müstəqilliyin itirilməsindən 70 ildən artıq vaxt keçməsinə, nəsillərin dəyişməsinə baxmayaraq, qəlblərdəki azadlığı, müstəqillik arzusunu boğmaq mümkün olmamışdır. Ümummilli Liderimizin Azərbaycana rəhbərliyinin ilk dövründə, 1969-1982-ci illərdə həyata keçirdiyi ardıcıl milli dirçəliş konsepsiyasının bütöv sistem təşkil edən tarixi yubiley tədbirləri, ümumxalq mərasimləri, milli ziyalılığın gizli və açıq şəkildə qətiyyətlə dəstəklənməsi xalqımızın milli-tarixi yaddaşını məhv olmaqdan qurtardığı kimi, müstəqillik ərəfəsində və istiqlaliyyət illərində qlobal miqyaslı maddi-mənəvi səfərbərlik və quruculuq tədbirləri Azərbaycanın yaxın-uzaq imperiya maraqları ilə təhlükəyə məruz qoyulmuş dövlətçiliyini intibaha qovuşdurmuşdur.
1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü vəzifəsində işlədiyi dövrdə də böyük Öndərin həyatı və fəaliyyəti doğma xalqının mənafeyi ilə sarsılmaz şəkildə bağlı olmuş, hətta bütün türk xalqlarının maraqlarının ardıcıl müdafiəsinə yönəlmişdi.
Ulu Öndərimizin hələ sağlığında əfsanəvi, xarizmatik liderə çevrilməsində onun həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bunun sayəsində Ulu Öndər daima hadisələrin fövqündə olmuş, idarəçilik qabiliyyətini reallaşdırmış, fenomen lider imicini qorumuşdur. Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Hər bir fərdin maraq və mənafeyini özündə yüksək səviyyədə əks etdirən Heydər Əliyev siyasi kursunun davam etdirilməsi də, bu mənada, Azərbaycanda cəmiyyətin sosial sifarişinə çevrilmişdir.
Nüfuzlu siyasi liderlər, bir qayda olaraq, ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər. Ulu Öndərin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti heç zaman xatirələrdən silinməyəcəkdir. Öz liderinin müdrik, uzaq hədəflərə hesablanmış, qətiyyətli və çevik addımlar atmaq əzmindən yetərincə xəbərdar olan Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə belə, arxayınlıq hissini itirmirdi. Təkcə bu səbəbdən ki, baş qaldıran təhlükələr, həyatın bu və digər mürəkkəblikləri, cılız siyasi kombinasiyalar Heydər Əliyev şəxsiyyətinin əzəməti qarşısında son dərəcə bəsit görünürdü. Azərbaycan xalqı qəti əminliklə öz liderinin ən çətin dövlətçilik sınaqlarından üzüağ çıxacağını düşünür, bu fövqəl şəxsiyyətin çətin situasiyalar üzərində növbəti zəfərini alqışlamağa hazırlaşırdı. Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı.
Ümummilli Lider xalqın çağırışına müsbət cavab verərək, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək, onun sürətli icrasına başlamışdır. Üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək fədakarlıq, işgüzarlıq, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi fövqəl keyfiyyətlərdən məharətlə bəhrələnən Heydər Əliyev xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Ümummilli Liderin siyasi müdrikliyi, fenomen yaddaşı, iti məntiqi, gərgin siyasi vəziyyətlərdən ustalıqla çıxmaq bacarığı, mürəkkəb siyasi situasiyalarda qərar vermək qabiliyyəti, uzaqgörənliyi, intellektual gücü, sabaha analitik baxışı, sərt və həm də qayğıkeş rəhbərlik xüsusiyyəti, cəmiyyətin siyasi, iqtisadi və mənəvi tarazlığını saxlamaq səriştəsi, onun siyasi portretinin parlaq cizgiləri kimi təcəssüm olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatmışdır. Və hər şey həmin tarixdən - iyunun 15-dən başladı. Bu tarix bir neçə anlamda Azərbaycanın qurtuluşunun başlanğıcı oldu. Bu dahi insan ümidlə, inamla yolunu gözləyən xalqının arzusu ilə yenidən hakimiyyətə gəldi. Milyonları öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Sözünün qüdrəti ilə hər kəsi inandırdı. Əməlləri ilə sözünü gerçəyə çevirdi. Azərbaycan dövlət quruculuğu prosesini sürətlə keçdi. Çünki Ulu Öndər Heydər Əliyevin yaratdığı təməl prinsiplər düzgün yerinə yetirilmişdi. Dahi siyasi xadimin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrildi, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil etdi. Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratdı, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəldi. Ulu Öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixində qızıl səhifələr yazdı. Heydər Əliyevin quruculuq salnaməsi azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Onun Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədiləşdi.
Meydana silahsız gələn bu insan qüdrətli Azərbaycan ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, ölkəmizdə böyük neft erasının əsasını qoydu. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi.
1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi” ilə ölkəmizdə sosial-iqtisadi yüksəlişin təməli atıldı. Dahi şəxsiyyətin ərsəyə gətirdiyi bu layihə müstəqil dövlətimizin qüdrətli inkişafının rəhni oldu. "Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşdirilməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Hüquqi dövlət quruculuğunun əsasını təşkil edən 1995-ci il Konstitusiyası isə qanunçuluğun ən ali səviyyədə təmin edilməsinin əbədi nümunəsi oldu. Ölkəmiz demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçdi. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar verdi.
Müstəqil dövlətçiliyin əsas istiqamətləri kimi irəli sürülən milli təhlükəsizlik və milli maraqların qorunması, ordunun gücləndirilməsi, ölkənin müdafiə potensialının inkişafı, xarici siyasət və beynəlxalq əlaqələrin gücləndirilməsi 1993-2003-cü illərdə Ümummilli Liderin Azərbaycan Respublikasının Prezidenti kimi çoxşaxəli fəaliyyətinin başlıca istiqamətlərini təşkil edirdi. Cəmiyyətin siyasi sisteminin inkişaf etdirilməsi, sosial-iqtisadi siyasət, sosial-mədəni və mənəvi inkişaf sahəsində fəaliyyətin əsas istiqamətləri Azərbaycanın müstəqilliyinin xilaskarı kimi dövlət rəhbərliyi missiyasını öz üzərinə götürmüş Ulu Öndərin daxili siyasətdə əsaslandığı sabit və uğurla reallaşdırılan taleyüklü siyasi vəzifələr idi.
Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamını özünə qaytardı. Sabitlik və əmin-amanlıq yarandı. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır”.
Konkret ifadə etsək, XX əsrin 90-cı illərinin ortalarından başlayaraq, Ulu Öndərin rəhbərliyi altında aparılmış siyasi, sosial və iqtisadi islahatlar nəticəsində müstəqil Azərbaycan dövlətçiliyinin əsası və onun gələcək inkişafı üçün möhkəm təməllər üzərində qurulmuş baza yaradıldı. Məhz bu əsasda Azərbaycan daxili sosial-siyasi sabitliyə nail olub və daimi islahatlarla təkmilləşdirilən və cəmiyyətin maraqlarına cavab verən siyasi sistemə, dövlət-vətəndaş münasibətlərində harmoniyaya, davamlı iqtisadi inkişafa nail olan, dünya dövlətləri arasında özünə layiqli yer tutan, regionda lider olan bir ölkəyə çevrildi.
Beləliklə, sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz və müdrik bir insan olan Heydər Əliyevin zəngin həyatını, siyasi irsini və bu kimi faktorları araşdırdıqca, bizlər bir daha müəyyən edirik ki, onun Azərbaycan üçün atdığı hər bir tarixi addım əvəzedilməz bir nümunədir. Çünki Heydər Əliyev dühası rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıbdır.
Uzaqgörənliyi və müdrikliyi ilə xalqı, vətəni və dövləti üçün çalışan, bu yolda əməyini əsirgəməyən dahi şəxsiyyət Heydər Əliyev istər Azərbaycanın, istərsə də dünyanın siyasi mühitinə liderlik simvolu kimi həkk olundu.
Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən inamla davam etdirilir. Mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni uğurla icra edir. Ölkə rəhbəri İlham Əliyev bu gün Ulu Öndər Heydər Əliyevin dövlətçilik və idarəçilik iş üslubunu dərindən mənimsəmiş siyasi lider, çağdaş dünyanın reallıqlarını zəngin siyasi təfəkkür səviyyəsində analitik təhliletmə bacarığına yiyələnmiş praqmatik siyasətçi, bacarıqlı diplomat, Heydər Əliyev kimi fenomenal, dahi şəxsiyyətin qan yaddaşının, genetik keyfiyyətlərinin layiqli daşıyıcısıdır.
Ötən 16 il dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlıqla həyata keçirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara yol açmış, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olmuşdur. Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan tək regionda deyil, dünyada sayılıb-seçilən ölkədir.
Ulu Öndər Heydər Əliyev cismən aramızda olmasa da, ölkəmizi işıqlı sabahlara aparan bəşəri ideyaları ilə xalqımızın qəlbində yaşayır. İstər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, istər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Ulu Öndərin ideyalarının həyata vəsiqə qazanmasıdır.
Prezident İlham Əliyevin inkişaf konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə daha da dolğunlaşmış, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açmışdır. Bu siyasətin həyata keçirilməsinə Mehriban xanım Əliyeva dəyərli töhfələr verir. Mehriban xanımın təşəbbüs və təklifləri müxtəlif sivilizasiya platformalarının qovuşuğunda yerləşən Azərbaycanın sosial-humanitar və mədəni modernləşməsinin hərəkətverici amilinə çevrilibdir. Mehriban xanım Əliyevanın Azərbaycanın müstəqil dövlətçiliyi, millətin sosial-mədəni inkişafı, milli dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizin dünyada yüksək və qədim mədəniyyətə, müasir demokratik və ədalətli idarəetmə metoduna malik müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri vardır.
Bütün bunlar Mehriban xanım Əliyevanın bir insan, şəxsiyyət və dövlət xadimi kimi necə yüksək keyfiyyətlərə malik olduğunun parlaq təzahürüdür.
Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyev ideyalarının yaşamasının, Ümummilli Liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
Böyük sürətlə yeniləşən Bakı şəhəri, xüsusi templə inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr - Bakı-Tbilisi-Ceyhan neft boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Böyük İpək yolu, hər gün müasirləşən Azərbaycan cəmiyyəti məhz Heydər Əliyev siyasi kursunun yaradıcı şəkildə, ardıcıllıqla davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir.
Heydər Əliyev siyasətinə sədaqət nəticəsində müstəqil Azərbaycan bu gün yeni inkişaf və tərəqqi dövrünü yaşayır, Heydər Əliyev ideyaları yaşayır, qalib gəlir. Müstəqil Azərbaycan möhtərəm Prezident İlham Əliyevin liderliyi altında sürətlə beynəlxalq birliyə sıx şəkildə inteqrasiya olunur və onun nüfuzlu üzvlərindən birinə çevrilir. Bu gün müasir Azərbaycan Ulu Öndərin əsasını qoyduğu təməl üzərində davamlı inkişaf edir. Azərbaycan bu gün heç bir alternativi olmayan Heydər Əliyev yolu ilə inamla irəliləməkdədir. Hər bir uğurumuz, nailiyyətimiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dünəni, bu günü və gələcəyi kimi dəyərləndirilən Heydər Əliyev ideyaları dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizə qarşıdakı illər üçün daha möhtəşəm uğurlar vəd edir.
Heydər Əliyev isə yaddaşların fövqündəki əməllərdə olduğu üçün müasir Azərbaycanla eyniləşdirilir. Çünki Azərbaycanı onsuz təsəvvür etmək mümkün deyil. Bütün varlığı ilə Vətənə və xalqa bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdi. Biz bu gün onun yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasına çıxırıq. Azərbaycan var olduqca qələbələr davam edəcək, çünki bu torpaqda Onun ruhu var…
Asif ƏSGƏROV,
Yeni Azərbaycan Partiyasının
Siyasi Şurasının üzvü
Azərbaycan.- 2019.- 10 dekabr.- S.1; 4.