Dərbənddə görkəmli dövlət xadimi, artilleriya general-leytenantı
Hüseyn Rəsulbəyovun abidəsi
açılıb
Dekabrın 9-da Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində görkəmli dövlət xadimi, artilleriya general-leytenantı, sovet dövründə uzun illər Azərbaycanın Rabitə naziri vəzifəsində çalışmış Hüseyn Rəsulbəyovun büstü açılıb.
Açılış mərasimində Rusiya Federasiyasının Dağıstan Respublikasının və Azərbaycan Respublikasının rəsmi şəxsləri, Quba, Qusar və Xaçmaz rayonlarının icra hakimiyyətlərinin rəhbərləri, Dərbənd şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, abidənin qoyulduğu ərazi general-leytenant Hüseyn Rəsulbəyovun adını daşıyan küçə ilə 345-ci Dağıstan Atıcı Diviziyası küçəsinin kəsişməsində yerləşir.
Mərasimdə büstün üzərindəki örtük tədbir iştirakçılarının alqış sədaları altında götürülüb.
Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidov abidənin açılışını Dağıstan üçün unudulmaz hadisə adlandırıb: “Bu gün biz qədim Dərbənddə Rusiya və Azərbaycanın şərəfli oğlu, general-leytenant Hüseyn Rəsulbəyovun abidəsini açırıq. Biz tarixdə parlaq iz qoymuş Hüseyn Rəsulbəyovla fəxr edirik. O, Böyük Vətən müharibəsi cəbhələrində şərəfli döyüş yolu keçib. Bir çox döyüş əməliyyatlarının iştirakçısı olan Hüseyn Rəsulbəyov cəsarətli və qətiyyətli zabit idi. Xalqlarımız görkəmli dövlət və hərbi xadimin xidmətlərini bu gün də ehtiramla xatırlayırlar”.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, diyarşünas alim, Dərbənd şəhərinin fəxri vətəndaşı Hüseynbala Hüseynov və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyev Dağıstan və Azərbaycan xalqlarının qədim tarixə malik dostluq əlaqələrindən danışıb, ümummilli lider Heydər Əliyevin bu əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərini qeyd ediblər. Vurğulanıb ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin inkişafına xüsusi önəm verirlər.
Abidənin açılışının Böyük Vətən müharibəsində qələbənin 75 illiyi ərəfəsinə təsadüf etdiyini vurğulayan Cəmil Əliyev Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevə müharibə iştirakçılarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində səylərinə görə mərasim iştirakçıları adından minnətdarlığını bildirib. “Bu gün yalnız bizim ailəmiz üçün deyil, iki qardaş xalqın həyatında əlamətdar hadisə baş verir. Əziz dərbəndlilər, Hüseyn Rəsulbəyovun xatirəsinə göstərdiyiniz yüksək ehtirama görə hamınıza minnətdaram”, - deyə akademik Cəmil Əliyev qeyd edib.
Açılış mərasimində hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinədək yüksəlmiş azərbaycanlı general-leytenant Hüseyn Rəsulbəyovun tarixi xidmətləri xatırlanıb, həyat və fəaliyyəti barədə ətraflı söhbət açılıb.
Bildirilib ki, peşəkar hərbçi kadrların yetişdirilməsində mühüm xidmətləri olan Hüseyn Rəsulbəyovun şərəfli ömür yolu zabit və əsgərlər üçün gözəl nümunədir. Bu baxımdan onun həyat yolu, fəaliyyəti dərindən öyrənilməli, gənclər arasında geniş təbliğ olunmalıdır.
Azərbaycanın hərb tarixində özünəməxsus yeri olan Hüseyn Rəsulbəyov 1917-ci ildə Dərbənddə doğulub. 1932-ci ildə o vaxtkı Orconikidze şəhərində Politexnik Texnikumuna daxil olan H.Rəsulbəyov sonradan təhsilini Leninqrad Elektrotexnika İnstitutunun siqnalizasiya və rabitə mühəndisi fakültəsində davam etdirib. 1941-ci ildə isə F.Dzerjinski adına Qızıl Ordu Artilleriya Akademiyasını bitirən ilk azərbaycanlı olub. Həmin il Hüseyn Rəsulbəyov Odessada Primorsk Qoşunlar Qrupuna göndərilib və hava hücumundan müdafiə qoşunlarının 15-ci briqadasının mühəndisi vəzifəsində xidmət göstərib. Böyük Vətən müharibəsi zamanı hava hücumundan müdafiə qoşunlarının tərkibindəki qərargahlarda müxtəlif vəzifələrdə çalışıb, Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın müdafiəsində iştirak edib. Müharibənin sonlarında isə Zaqafqaziya cəbhəsinin 99-cu hava hücumundan müdafiə qoşunları diviziyasının artilleriya rəisi olub.
Müharibədən sonra uzun illər Bakı hava hücumundan müdafiə dairəsi qoşunlarında məsul hərbi vəzifələrdə çalışan H.Rəsulbəyov mühəndis-texniki xidməti general-mayoru rütbəsi alıb, 1966-1975-ci illərdə Bakı hava hücumundan müdafiə dairəsi qoşunlarının zenit-artilleriya qoşunları komandanı vəzifəsində xidmət edib. 1968-ci ildə nümunəvi xidmətlərinə görə ona artilleriya general-leytenantı hərbi rütbəsi verilib. H.Rəsulbəyov sovet dövründə hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş yeganə azərbaycanlıdır.
Diqqətə çatdırılıb ki, 1975-ci ildə Azərbaycanın Rabitə naziri vəzifəsinə təyin edilən Hüseyn Rəsulbəyov bu sahədə də böyük uğurlara imza atıb. Onun Azərbaycanın rabitə xidmətinin inkişafında, respublikamızın şəhər və kəndlərinin telefonlaşdırılmasında, radio-televiziyanın maddi-texniki bazasının möhkəmlənməsində xüsusi xidmətləri olub.
Həmin dövrdə Azərbaycanda Baş Poçtamt, Rabitə Evi, rabitə qovşaqları və digər mühüm obyektlər inşa edilib. Artıq iyirmi ildən çoxdur ki, Azərbaycan Televiziyası və digər televiziyalar öz verilişlərini Dağüstü parkın yaxınlığında ucaldılmış müasir teleqüllə vasitəsilə bütün dünyaya yayır. Bu teleqüllənin ucaldılmasında Hüseyn Rəsulbəyovun mühüm xidmətləri var.
Görkəmli dövlət və hərbi xadim 1984-cü ildə dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.
Hüseyn Rəsulbəyovun xidmətləri yüksək qiymətləndirilib, o, müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırış deputatı olan H.Rəsulbəyovun Bakıda yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub. Bundan başqa, Bakı Rabitə Texnikumu onun adını daşıyır. Dərbənd şəhərində doğulduğu küçəyə və təhsil aldığı məktəbə də xatirə lövhəsi vurulub. Dərbəndin prospektlərindən biri general-leytenant Hüseyn Rəsulbəyovun adını daşıyır. Qusar və Xaçmaz şəhərlərində də onun adını daşıyan küçələr var.
Azərbaycan.- 2019.- 10 dekabr.- S.5.