Heydər Əliyevin xalq və dövlət qarşısında xidmətləri misilsizdir

 

Ölkənin ictimai-siyasi tarixində böyük xidmətlər göstərmiş şəxsiyyətlər və liderlər az olmayıb. Azərbaycana uzun müddət rəhbərlik edən, daha doğrusu, onu tənəzzüldən tərəqqi yoluna çıxaran, xalqın tarixində və taleyində əvəzedilməz xidmətlər göstərən, müstəqillik əldə etdikdən sonra isə demokratik dövlət quruculuğunun memarı olan Ulu Öndər Heydər Əliyevin ömrünün hər anı Vətəninə bağlı olduğu üçün əbədiyaşarlıq qazanmışdır. Onun Azərbaycanın hərtərəfli - ictimai-siyasi, iqtisadi-sosial və mədəni inkişafındakı xidmətləri unudulmazdır.

Hər bir dövlətin möhkəmliyi, sosial-iqtisadi qüdrəti onun vətəndaşlarının torpağa, vətənə olan sevgisindən, ən əsası isə, geniş elmi təfəkkürə, yüksək dünyagörüşünə, dərin biliyə, siyasi iradəsinə, idarəçilik bacarığına, işgüzarlıq qabiliyyətinə və s. ali insani keyfiyyətlərə malik olan rəhbərdən çox asılıdır. Məhz Ulu Öndərin bu keyfiyyətləri, uğurlu siyasəti sayəsində Azərbaycan xalqı özünün xoşbəxt günlərini yaşayır, qurub-yaratmaq əzmi ilə çalışır.

Azərbaycanı regionda inkişafına görə lider dövlətə çevirən də məhz Ümummilli Lider Heydər Əliyevin siyasətinin özündən sonra dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsidir. Azərbaycan Prezidenti Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar keçirilən təntənəli yığıncaqda bir daha uzaq-yaxın tariximizə nəzər salaraq, bugünkü inkişafa gələn yolun başlanğıcında xalqımızın və müstəqilliyini bərpa etmiş dövlətimizin o ağır günlərdə üzləşdiyi problemlərdən bəhs etdi və həmin problemləri yaradanların üzünü açaraq, gəncliyi hər zaman ayıq-sayıq olmağa səslədi: "...Məhz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi ucaltdı və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırdı ki, onlar da eyni addımı atsınlar. Onlara hələ bir neçə ay lazım oldu və artıq görəndə ki Sovet İttifaqı çökür, ondan sonra bunu etdilər... Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir. Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi”.

Xalqına misilsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin hər iki dövründə Azərbaycanın taleyüklü məsələləri ilə məşğul olduğu danılmaz faktlarla sübut olunub. Təkcə bu faktı qeyd edək ki, 1987-ci ildə Heydər Əliyev Kremldən uzaqlaşdırıldıqdan dərhal sonra ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi haqqında beynəlxalq və sovet mətbuatında çıxışlar etməyə başladılar. Ümummilli Liderin siyasi hakimiyyətdən uzaqlaşdırılmasının səbəblərindən biri də məhz Azərbaycan ərazilərinin Ermənistana verilməsi ssenarisini həyata keçirmək idi. Buna Prezident İlham Əliyev belə münasibət bildirdi: "...Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar...”

Dünyanın böyük siyasət korifeylərindən biri olan Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrlərə nəzər salsaq görərik ki, hər iki halda Azərbaycan necə ağır, böhranlı vəziyyətə düşmüşdür. Doğrudur, 1969-cu ildə Ulu Öndər respublikamıza rəhbərliyə gələndə 1993-cü ildə olduğu kimi, Azərbaycan erməni təcavüzünə məruz qalmamış, torpaqlarımızın 20 faizi işğal altında olmamışdır. Lakin həmin dövrün böhranlı vəziyyəti tamamilə başqa cür idi. Azərbaycan ittifaqda ən geridə qalan respublika idi. Çox keçmədi ki, Ulu Öndərin sayəsində Azərbaycan öndə gedənlərdən oldu.

Qətiyyətlə deyə bilərik ki, Heydər Əliyevin şəxsiyyəti SSRİ-nin çərçivəsinə sığışmırdı. Siyasi istedadı, fitri qabiliyyəti və güclü təşkilatçılığı çoxlarını heyran qoyur, onu İttifaq rəhbəri kimi görmək istəyirdilər. Təəssüf ki, bəzilərində bu fəallıq qısqanclıq hissi yaradırdı.

"Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycanı təmsil etdiyimə görə özümü çox xoşbəxt sayıram” fikrinin müəllifi olan Heydər Əliyev bu münasibətdən kədərlənmədi, milli mənsubiyyətindən heyifsilənmədi, əksinə, qürur duydu. Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıdışından sonra fəxrlə deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”

Ulu Öndər Azərbaycanın ən ucqar dağ rayonunun inkişafına belə xüsusi diqqət və qayğı göstərərdi. 1996-1997-ci illərdə kəlbəcərlilərlə keçirdiyi görüşlərində bunu xüsusi olaraq qeyd edirdi: "...Kəlbəcərin işğalı bizim üçün böyük itkidir. Doğrudan da, Kəlbəcər Azərbaycanın çox dəyərli bir guşəsidir. Həm təbiətinə, dağlarına, meşələrinə, çaylarına, bulaqlarına görə, həm də orada olan çox qiymətli yeraltı sulara, mərmər yataqlarına, qızıl yataqlarına, başqa əlvan metalların yataqlarına görə çox qiymətli bir yerdir. O vaxtlar, keçmişdə biz Kəlbəcərin inkişafı üçün çox səylər göstərmişdik. İstisuda böyük kompleks tikilmişdi. Bu, neçə-neçə nəsillərin yaratdığı abidələr, yaşayış binaları idi. Təəssüf ki, vaxtilə qızıl yataqlarından istifadə edilməsi ilə məşğul olmamışdılar. Hələ o sakit dövrdə ermənilər gəlib bizim qızıl yataqlarımızı zəbt etmək istəyirdilər. Xatirimdədir, biz o barədə çox ciddi tədbirlər gördük. Dağ rayonu kimi Kəlbəcərin inkişafı üçün xüsusi qərarlar qəbul olunmuşdu və bunların həyata keçirilməsindən Kəlbəcərin əhalisi, hesab edirəm ki, çox bəhrələnmişdir...”

Yeri gəlmişkən, Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin böyük səyləri nəticəsində respublikamızın hərtərəfli inkişafı, onun güclü iqtisadi, sənaye potensialının formalaşdırılması, SSRİ miqyasında ön sıralara çıxması, təhsilin elmin inkişaf etdirilməsi, gənclərimizin sovetlər ölkəsinin ən aparıcı ali məktəblərində oxumalarına şərait yaradılması nəticəsində mütəxəssis kadrların yetişdirilməsi, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi dəyişikliklərin baş verməsi danılmaz faktlardır.

1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində müstəqilliyə gedən yolun Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması, bu istiqamətdə əməli fəaliyyəti, o cümlədən imperiyanın 20 Yanvarda törətdiyi faciədə öz səsini ucaltması və bunun ardınca Kommunist Partiyasının sıralarını tərk etməsi, müstəqil Azərbaycanın dövlət atributlarının bərpa edilməsi, Naxçıvan MSSR-in adından "Sovet Sosialist” sözlərinin çıxarılması, respublikamızın SSRİ-nin tərkibində qalması ilə bağlı referenduma qarşı olması və digər məsələlər aydın şəkildə göstərir ki, Azərbaycanı müstəqilliyə aparan yol məhz Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə AXC-Müsavat cütlüyünün xəyanətini, yarıtmaz, cinayətkar fəaliyyətini də xatırlatmaq yerinə düşərdi. Məhz xalq bu xəyanətə görə onları hakimiyyətdən uzaqlaşdırdı.

Beləliklə, bu xalqın haqqı var desin: Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının banisidir. 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda müstəqil dövlət quruculuğu prosesləri getdibugünkü inkişafa zəmin yaradıldı. Heydər Əliyevin həm sovet dövründə, həm müstəqillik ərəfəsində, həm də ondan sonrakı illərdə xalq və dövlət qarşısında xidmətləri misilsizdir.

Azərbaycanın hər bir guşəsində Ümummilli Liderin şərəfinə abidələrin ucaldılması, adının əbədiləşdirilməsi də bax buna görə təbiidir. Çünki Heydər Əliyev zirvə ömrü yaşamışdır.

Ulu Öndərin həyat və fəaliyyətinin Azərbaycan xalqının və müstəqil dövlətimizin tarixində misilsiz rolu barədə elmi-siyasi, publisistik, faktlarla dolğun əsərlərin, topluların geniş oxucu, daha doğrusu, xalq auditoriyasına çıxarılması ilk növbədə mənəvi borcdan irəli gəlirsə, ikinci tərəfdən bu həm də zəngin irsin gələcək nəsillərə çatdırılması istiqamətində vacib amillərdən biridir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 11 dekabr.- S.3.