DSX-nin hərbi hissə və bölmələrində ulu öndər Heydər Əliyevin xatirəsi
anılıb
Dövlət Sərhəd Xidmətinin
(DSX) bütün hərbi hissə və bölmələrində
xalqımızın xilaskarı, müasir müstəqil
dövlətimizin memarı və qurucusu ulu öndər Heydər
Əliyevin anım günü ilə əlaqədar tədbirlər
keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev İdeoloji mərkəzlərində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-ekspozisiya ilə tanış olub və büstü önünə gül dəstələri qoyublar.
Tədbirlərdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb, tarixə öz adını əbədi həkk etmiş fenomen şəxsiyyətin, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilən, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən bəhs ediblər.
Dahi öndərin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirlərdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb. Ulu öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilib.
Tədbirlərin sonunda ümummilli liderin həyat və fəaliyyətinə həsr
olunmuş sənədli filmlər nümayiş etdirilib.
Azərbaycan.-
2019.- 11 dekabr.- S.4.