Frankfurt Kitab Yarmarkasında “Nəsimi-650”
71-ci Frankfurt Beynəlxalq Kitab
Yarmarkasında dahi Nəsiminin 650 illiyi ilə bağlı
"Məndə sığar iki cahan, mən bu cahana
sığmazam” adlı ədəbi-bədii tədbir təşkil
edilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ölkəmizin Almaniyadakı səfirliyi və Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun birgə təşkilatçılığı ilə gerçəkləşən mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Nəsimi şəxsiyyətinin, yaradıcılığının ölkəmizdə və xaricdə təbliğinin vacibliyindən, "Nəsimi ili” çərçivəsində keçirilən çoxsaylı tədbirlərdən bəhs edib. Xüsusi vurğulanıb ki, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə məhz Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.
Bəli, Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılıb, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılıb. Nəsimi irsinə qayğı Prezident İlham Əliyev tərəfindən bu gün də davam etdirilir. Dövlət başçısının böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına əsasən bu il Azərbaycanda və onun hüdudlarından kənarda şairin 650 illiyi təntənəli şəkildə qeyd edilməkdədir.
Almaniyada Nəsimi yaradıcılığının tədqiqatçısı Mixael Hess, alman şairi Raynxard Moritsen, Alman-Azərbaycan Ziyalılar Cəmiyyətinin sədri Naibə Şirinova və yazıçı Orxan Nəsimi irsinə dövlət qayğısından və millət sevgisindən söz açıblar. İmaddədin Nəsimi ilə bağlı yeni nəşr olunan kitablar qonaqlara təqdim edilib.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.- 2019.- 11 dekabr.- S.11.