Xilaskar Lider
Azərbaycanın
özü qədər əbədi
Tarixdə ilk hüquqi dövlətin
yaradıcılarından Hamurapiyə aid edilən çox
maraqlı bir fikir var. Müdrik Babil hökmdarı deyirdi ki,
"Keçmişini unudan onu yenidən yaşamağa məhkumdur...”
Bu kəlam
ayrı-ayrılıqda fərdlərə də, bütöv
xalqlara da aid edilə bilər. Keçmiş öz
tarixi sınaqları, acılı-şirinli xatirələri,
qazandırdığı təcrübə ilə hər nə
qədər dəyərli olsa da, onun yenidən
yaşanması tənəzzül deməkdir. Fərd üçün də, xalq üçün
də böyük bir dövrün inkişaf
imkanlarının itirilməsidir. Çünki
zaman, həyatın təkamül qanunauyğunluğu
keçmişdən bugünə, bugündən isə gələcəyə
doğru yol alır. Keçmişi yenidən
yaşamaq gələcəyə doğru yolu itirmək deməkdir.
Ona görə də keçmişi tez-tez
xatırlamaq, onu olduğu kimi öyrənmək və yeni nəsillərə
də öyrətmək lazımdır. Bu,
olub-keçənlərin təcrübəsindən ibrət
almağa, eyni yanlışları bir daha təkrarlamamağa
kömək göstərir.
Keçmişə
aydın baxış
Sumqayıt şəhərinin 70
illik, daha sonra isə Bakı Dövlət Universitetinin fəaliyyətinin
100 illik yubileylərindəki çıxışlarında Azərbaycan
Respublikasının Prezidenti çox maraqlı məqamlara
toxundu. Cənab İlham Əliyevin yaxın
keçmişimizin ayrı-ayrı səhifələri ilə
bağlı diqqətə çatdırdığı tarixi
həqiqətlər bu yazının ideyasına çevrildi.
Dövlət rəhbərimizin
çıxışını dinlədikcə tarixə verilən
obyektiv qiymətin xalqın, dövlətin bu günü və
gələcəyi üçün nə qədər
böyük əhəmiyyət kəsb etdiyinin bir daha fərqində
oldum. Və bu mövzuda düşüncələrimi
qələmə almağı da özümə borc bildim.
Düşünürəm
ki, bu mövzuda nə qədər yazılsa, nə qədər
söhbət açılsa, bir o qədər faydalı olar. Nəsillər
dəyişdikcə bəzən keçmişə münasibət
də dəyişməyə başlayır. Tarixi həqiqətləri o dövrün canlı
şahidləri olmamış gənclərə təhrif
edilmiş şəkildə çatdırmağa cəhd
göstərənlər də tapılır. Bu yanlış yanaşmalar isə ayrı-ayrı
xalqların həyatında müəyyən dönəmlərdə
tarixi yanlışlıqların təkrarlanmasına da rəvac
verə bilir. Bu səbəbdən, Azərbaycanın
yeni tarixindəki hadisələrin gənc nəslə
olduğu kimi çatdırılması həmin dövrün
şahidi olmuş, baş verənlər haqqında aydın təsəvvürlərə
malik hər kəsin mənəvi borcu olmalıdır.
Azərbaycan Prezidentinin tarixi
mövzulara həsr olunmuş hər iki tədbirdə ötən
əsrin 80-ci illərinin sonlarından etibarən
keçmiş sovet məkanında, o cümlədən, Azərbaycanda
baş verənlərə obyektiv baxışı, tarixə
dürüst qiymət verilməsi, bir neçə on il əvvəl
olanların tarixşünaslıq prizmasından şərhi
çox mühüm əhəmiyyətə malikdir.
Bu
çıxışlarının birində Prezident İlham
Əliyev SSRİ-nin süquta uğraması səbəblərinə
diqqət yönəltdi. İqtisadi münasibətlərin
düzgün qurulmamasını, planlı iqtisadiyyatın
özünü doğrultmamasını ilkin səbəblərdən
biri kimi göstərdi. Həqiqətən
Sovet İttifaqının inkişafı 1980-ci illərdə
daha çox neft amilinə söykənirdi. Neftin qiyməti dünya bazarlarında kəskin şəkildə
düşəndən sonra isə gəlirlər azaldı və
bu gəlirləri başqa sahələrdən əldə edilən
mənfəət hesabına formalaşdırmaq mümkün
olmadı. Bu gün Azərbaycan dövlətinin
qeyri-neft sektoruna həyati vacib məsələ kimi baxması,
bu istiqaməti inkişaf etdirməsi, iqtisadiyyatın neft
amilindən asılılığının azaldılması,
insan kapitalına qoyulan sərmayə on illər əvvəl
sovet iqtisadiyyatının yol verdiyi yanlışlıqlardan
çıxarılan dərsdir, həyati təcrübədir.
Ötən əsrin 80-ci illərinin
sonlarına doğru Sovet İttifaqında milli siyasət sahəsində
buraxılan kobud səhvlər haqqında Azərbaycan
Prezidentinin fikirləri də tarixi həqiqətləri əks
etdirirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Sovet
İttifaqını böyük, çoxmillətli ölkə
kimi ayaqda saxlayan həm də milli siyasət idi. Amma 1985-ci ildən sonra bu sahəyə böyük zərbə
vuruldu. Xüsusilə müsəlman
respublikalarına qarşı çox mənfi siyasət
yürüdüldü. Müsəlman
respublikalarının rəhbərlərinə, o cümlədən,
uzun illər Azərbaycana rəhbərlik etmiş Heydər
Əliyevə qarşı qarayaxma kampaniyalarına
başlandı. Ümumittifaq mətbuatında
bu respublikalar haqqında ancaq mənfi materiallar dərc edilirdi.
Bu respublikalara mərkəzdən istintaq
qrupları göndərilirdi. Elə bir rəy
yaradılmışdı ki, Orta Asiya respublikalarında və
Azərbaycanda vəziyyət bərbaddır, kritik həddə
çatıb və bu respublikaları idarə edənlər vəzifə
borcunu yerinə yetirə bilmirlər. "Əlbəttə
ki, hər bir respublikada pozuntular da, nöqsanlar da olmuşdur,
ancaq digər respublikalarda da bunlar var idi. Nə
üçün bu istintaq qrupları Ermənistana,
Gürcüstana, Ukraynaya, Moldovaya və digər respublikalara
göndərilmirdi? Ancaq Orta Asiya
respublikalarına və Azərbaycana göndərilirdi.
Beləliklə, Sovet İttifaqının təməl
sütunu olan milli siyasət artıq deformasiyaya
uğramışdı” - Azərbaycan Prezidenti müsəlman
xalqlarına qarşı hər kəsə bəlli olan mənfur
münasibəti M.S.Qorbaçovun simasında keçmiş
SSRİ rəhbərliyinin həyata keçirdiyi yanlış
milli siyasətə belə qiymət verdi.
Gün
işığına çıxarılan həqiqətlər
Bu, illərin o üzündə
görünən digər həqiqətləri də gün
işığına çıxarır. 1987-ci ildə
Heydər Əliyev yüksək dövlət vəzifələrindən
uzaqlaşdırılandan sonra Azərbaycanın başına
gətirilənlər ona qarşı həyata keçirilən
qərəzli kampaniyaların son məqsədi idi. Ulu Öndər həmin dövrdə yüksək
dövlət vəzifəsində qalsaydı, Azərbaycana rəhbərlik
etsəydi, ermənilər və onların havadarları
Dağlıq Qarabağ münaqişəsini yaradaraq
torpaqlarımızı işğal edə bilməyəcəkdilər.
Bu barədə Ermənistan Kommunist
Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci
katibi A.Koçinyan yazırdı: "Mənim rəhbərliyim
dövründə Qarabağ məsələsi neçə dəfə
qaldırılmış, lakin Heydər Əliyevin nüfuzu, mərkəzdə
sözünün iti kəsəri bu məsələnin həllinə
imkan verməmişdi”.
1987-ci ildə Heydər
Əliyev bütün vəzifələrdən gedəndən
cəmi iki həftə sonra Azərbaycana qarşı
amansız planlar işə düşdü. Xalqın
başına min bir müsibət açıldı. 1990-cı ilin 20 yanvarında sovet ordusu Bakı
küçələrini günahsız vətəndaşların
qanına boyadı.
Torpaqlarımız
işğal edildi, yüz minlərlə soydaşımız
yurd-yuvasından didərgin salındı. İqtisadiyyat
dağıdıldı, Heydər Əliyevin ölkəyə
14 illik rəhbərliyi dövründə qurub
yaratdıqları cəmi bir neçə ilin içində
yerlə-yeksan edildi. İnsanlarımız
bir tikə çörəyə möhtac vəziyyətə
salındı.
O ağır illərdə də
Moskvada, xüsusi xidmət orqanlarının nəzarətində,
ən məhdud imkanlar çərçivəsində olsa belə,
xalqın haqq səsinə səs verməyə
çalışan, başımıza açılan
oyunları dünyaya çatdırmaq üçün həyatı
ilə risk edən yenə də Heydər Əliyev idi.
Bir anlıq təsəvvür edək:
Bakıda 20 Yanvar qətliamı törədilib. Azərbaycan xalqı faciənin miqyasından
sarsılıb. Hamı böyük acı
içindədir. O vaxt respublikaya rəhbərlik edən,
antimilli siyasətlə fərqlənən Vəzirov
respublikanı tərk edərək hərbi təyyarə ilə
Moskvaya qaçıb. Ölkənin heç bir
rəhbər işçisinin bu qanlı cinayəti qınayan
qətiyyətli fikri eşidilmir. Ancaq o vaxt pensiyada olan
Heydər Əliyev ona qarşı çox çirkin kampaniya
gedə-gedə ailə üzvləri, o cümlədən, o
vaxt Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun gənc müəllimi olan İlham Əliyevlə
Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələrək səsini ucaldır. Bütün
dünyaya 20 Yanvar faciəsi haqqında cəsarətlə məlumat
verir. Sovet İttifaqının rəhbərliyini
qınayır, onların siyasətini pisləyir və uzun illər
xidmət göstərdiyi Kommunist Partiyasının ədalətsiz
sıralarını tərk edir.
"O vaxt Sovet İttifaqının
dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki,
bir gün Sovet İttifaqı dağılacaq. Yəni bu addımı atarkən Heydər Əliyev
təcrübəli rəhbər kimi bilirdi ki, ona qarşı
çox böyük təzyiqlər olacaq və nəinki təzyiqlər,
hətta onun həyatı təhlükə altına
düşə bilər. Belə də
oldu. Sonrakı tarix bunu bir daha göstərdi,
onun həbs edilməsi haqqında qərar verildi. Bakıya gəlməli idi, həmin gün onun ən
yaxın tərəfdarı qətlə yetirildi. Bundan sonra onun səfəri təxirə
salındı. Sonra Bakıya gəldi.
Ovaxtkı rəhbərlik ona Bakıda
yaşamağa imkan vermədi, Naxçıvana üz tutdu.
Beləliklə, Azərbaycanın yeni
dövrü başladı”. Ümummilli
Liderin ən yaxın silahdaşlarından biri kimi cənab İlham
Əliyev həmin illərdə yaşananları öz
çıxışında belə xatırlayırdı.
Fəlakətə
yol açan AXC-Müsavat iqtidarı
1987-ci ildən Azərbaycana
qarşı qurulmuş hiyləgər plan Heydər Əliyevin
Naxçıvana dönüşündən sonra öz yeni mərhələlərinə
qədəm qoydu. Azərbaycana
başçılıq edən səriştəsiz rəhbərlərin
naşı idarəçiliyi üzündən ölkə
çıxılmaz girdaba düşmüşdü. Cəbhə bölgəsində kəndlər,
rayonlar bir-birinin ardınca erməni
işğalçılarına təslim edilirdi. Başı hakimiyyət davasına
qarışmış vəzifə hərislərinin
etinasızlığı üzündən erməni cəlladları
1992-ci ilin 26 fevral günü Xocalıda dinc əhaliyə
qarşı ötən əsrin ən dəhşətli
soyqırımını törətdilər.
1992-ci ilin mayında hərbi
çevriliş nəticəsində qanunsuz yolla hakimiyyətə
gələn AXC-Müsavat cütlüyü ölkəni
yeni-yeni fəlakətlərə sürüklədi. Əslində,
Azərbaycanın taleyinin AXC-Müsavat hakimiyyətini təmsil
edən antimilli ünsürlərin əlinə keçməsinin
özü elə ən böyük fəlakət idi.
Gənclər o dövrdə
ölkəni idarə edən səriştəsiz kəslərin
kimliyinə diqqət yetirsələr, bu fəlakətin
miqyasını az-çox təsəvvürə gətirə
bilərlər. Ölkə Prezidenti olaraq son dərəcə
taleyüklü bir vəzifəni həyata keçirən, bu
qədər ağır, məsul yükün altına
girmiş şəxs heç bir idarəetmə səriştəsi
olmayan elmi işçi idi. Onun zəifliyi,
iradəsizliyi, qətiyyətsizliyi ölkənin milli
maraqlarına zidd olan hər cür qərarların həyata
keçməsinə, xarici dairələrin Azərbaycanı
öz məqsədlərinə uyğun yönəltmələrinə,
ölkədə hərc-mərcliyə şərait
yaradırdı. Bəzi xarici ölkələrin
Azərbaycandakı səfirləri ölkə rəhbərinə
istədiklərini diktə edirdilər. Prezidentin
məsuliyyətsiz bəyanatları, düşünülməmiş
addımları Azərbaycanın qonşu ölkələrlə
münasibətlərini korlamışdı. Respublikaya qarşı xarici təhdidlər güclənmişdi.
Müxtəlif regionlarımızda separatizm
ocaqları qalanmaqda idi.
Ovaxtkı rəhbərliyin
naşı, təcrübəsiz, səriştəsiz
mövqeyi dövləti, xalqı uçuruma aparır, xalq
bunu açıq-aşkar görürdü. Həmin hadisələrə
və o hadisələrin günahkarlarına obyektiv və tam
aydın münasibət Azərbaycan Prezidentinin onlara verdiyi
qiymət o dövrü yaxşı xatırlayan hər kəsin
rəyi ilə tam üst-üstə düşür: "Bax
budur xalq cəbhəsi, müsavat hakimiyyəti. Ona
görə biz bu faciəvi vəziyyətlə üzləşmişdik.
Əgər Heydər Əliyev xalqın tələbi
ilə 1993-cü ildə Azərbaycana gəlməsəydi, Azərbaycan
dağılacaqdı. Bunların da hərəsi
qaçıb bir yerdə gizlənəcəkdilər, necə
ki qaçıb gizlənmişdilər. Beləliklə,
bizim müstəqilliyimiz XX əsrin əvvəllərində
olduğu kimi, yenə də yarımçıq qalacaqdı”.
İstiqlal yolumuza
işıq salan ümid çırağı
Bu mənada Azərbaycanın
istiqlal yolu əslində məhz Heydər Əliyevin adı ilə
bağlıdır. Azərbaycan öz dövlət müstəqilliyini
1991-ci ilin 18 oktyabrında elan etmişdi. Amma
bu, demək olar ki, formal bir məsələ idi.
Üçrəngli bayrağımızın Milli Məclisdə
qaldırılmasının hansı çətinliklər,
maneələr hesabına başa gəldiyini, yəqin ki,
heç kim unutmayıb. Halbuki
Heydər Əliyev hələ 1990-cı ilin 17 noyabrında bu
bayrağı Naxçıvan Ali Məclisində ucalda
bilmişdi. Xalq müstəqilliyin ilk
günlərindən bütün nəzərlərini Ulu
Öndərin məskun olduğu Naxçıvana dikmişdi.
Nicat, qurtuluş yolunu yalnız oradan gözləyirdi.
İnsanlar onu arzulayırdılar, onu görmək
istəyirdilər. Əgər Heydər
Əliyev 1990-cı ildə Moskvadan Naxçıvana yox, Azərbaycanın
istənilən bölgəsinə - Qarabağa, Şirvana,
Şəkiyə, Gəncəbasara getsəydi, yenə də vətəndaşlarımız
onu bağırlarına basacaqdılar, qoruyacaqdılar. Özlərindən bir addım da kənara
buraxmayacaqdılar. Çünki
düşdüyümüz vəziyyətdən xilas
gücünü onda görürdülər. Bu məqamda Ulu Öndər də təkcə
Allahın ona verdiyi fitri qabiliyyətə yox, həm də
öz xalqına güvənirdi.
Hər xalqın öz adına
çıxdığı, çox məşhur ifadə var:
ümid axırıncı ölür. Xalqın
xoşbəxt günlərində bəlkə də bu ifadəni
yada salan olmur. Amma milli böhran anlarında, kritik dönəmlərdə,
bütün ümidlərin az qala
puça çıxdığı vaxtlarda bu aforizm yada
düşür. Heydər Əliyev hər zaman
biz azərbaycanlıların ümid yeri olub. Bu ümid heç vaxt öləziməyib. Əksinə, insanların qəlbində
çıraq kimi yanıb, onları mübarizəyə səsləyib,
yaşamağa ruhlandırıb.
Heydər
Əliyev olmasaydı...
İndi düşünürəm:
kaş ki, Heydər Əliyev hakimiyyət rəhbərliyinə
iki il gec yox, heç olmasa 1991-ci ilin
oktyabrından, elə müstəqilliyimizin ilk günlərindən
qayıdaydı. Çünki 1991-ci ilin oktyabrından
1993-cü ilin iyununadək olan dövr Azərbaycanda dövlət
quruculuğunun inkişafı yönündə əldən
çıxmış, boşa getmiş illər oldu. Nə qədər torpağımız işğal
edildi. Neçə-neçə igid
övladımızı itirdik. Həmin illər
Azərbaycan dövlətinin təşəkkülü yox, tənəzzülü
dövrü kimi yaşandı. Hər hansı sahədə
inkişaf bir yana qalsın, 1969-1982-ci illərdə
yaradılanların da çoxu dağıdıldı. Ölkənin iqtisadi potensialı sarsıldı.
Siyasi hərc-mərclik, anarxiya, siyasi ambisiyalar
xalqı təngə gətirdi. Azərbaycan
faktiki olaraq parçalanma təhlükəsi
qarşısına, uçurumun bir addımlığına gəlib
çatdı.
1993-cü ildə
AXC-Müsavat cütlüyünün daxili işlər naziri
özü Milli Məclisin iclasında etiraf edirdi ki, əllərdə
olan silahların sayı bilinmir, respublikada kriminogen vəziyyət
son dərəcə kəskindir. Ölkənin necə
deyərlər, altı da, üstü də qaynayırdı.
Ölkədə siyasi mədəniyyətdən
əsər-əlamət yox idi. Siyasi partiya adı
altında qeyri-qanuni silahlı dəstələr bir-biri ilə
didişir, ölkəni vətəndaş müharibəsi təhlükəsi
ilə üz-üzə qoyurdular. Əgər
Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycanı
qoruyub saxlamaq mümkün olacaqdımı? Bu, o çətin dövrə ünvanlanmış ən
mühüm suallardandır.
Heydər Əliyev Moskvadan
Naxçıvana qayıtdıqdan sonra onunla görüşənlər,
söhbətləşənlər, ziyarətinə gedənlər
dəfələrlə vurğulayıblar ki, Heydər
Əliyev yenidən işləmək, hakimiyyətə
qayıtmaq arzusunda deyildi. O, ömrünün axırınadək
doğma ata-baba yurdunda yaşamaq, necə deyərlər, min
ilin yorğunluğunu canından çıxarmaq, xatirələrini
yazmaq fikrində imiş. Amma sən demə,
zaman və tale onu dincəlməyə, ömrün ixtiyar
çağlarını sakitcə yaşamağa yox,
böyük sınaqlara doğru aparırmış.
Ulu Öndərin hakimiyyətə
qayıdışı sadəcə hansısa siyasətin tərkib
hissəsi deyildi: hakimiyyətdən gedib, sonradan qayıdanlar
barədə tarixi məxəzlərdə o qədər məlumatlar
var ki... Amma böyük rəhbərin hakimiyyətə
yenidən qayıdışı tamamilə ayrı siyasi-fəlsəfi
müstəvidə idi. Bu, təbliğatın,
təşviqatın, yaxud kimlərinsə istəyinin nəticəsi
deyildi. Heydər Əliyevin hakimiyyət rəhbərliyinə
qayıdışı tarixi zərurət, milli-mənəvi tələbat
idi.
Suallara cavablar
Heydər Əliyev hakimiyyət
rəhbərliyinə qayıdışı ilə Azərbaycanı
təkcə parçalanma təhlükəsindən, vətəndaş
müharibəsi girdabından xilas etmədi. Ulu Öndər
Azərbaycana siyasi mədəniyyət gətirdi. Ona adi lampa işığında
yaradılmış Yeni Azərbaycan Partiyası timsalında
siyasi mübarizənin əslində necə aparılmalı
olduğunu, seçki mədəniyyətini, partiya
quruculuğu təcrübəsini öyrətdi. Heydər Əliyev xaotik bir mühitdən demokratik,
hüquqi dövlət qurdu. Ölkənin
sarsılmış sosial-iqtisadi həyatını aydın
inkişaf yoluna çıxardı. Əsl
dövlət, əsl dövlət adamı necə
olmalıdır, təcrübəsini və həqiqətini
göstərdi. Hakimiyyət rəhbərliyinə
bir dövlətçilik ədəbi gətirdi. Milli Məclisin iclas zalında, televiziya efirində
siqaret fısqırdan, bir-birini küçə
söyüşləri ilə söyən "meydan qəhrəmanları”nın
yerlə bir etdikləri siyasi etiket normalarını öz yerinə
qoydu.
Ulu Öndər Azərbaycan Prezidenti
kimi ali dövlət vəzifəsini tutan,
ölkənin və xalqın gələcəyinə görə
məsuliyyət daşıyan şəxsin ən çətin
məqamlarda necə böyük qətiyyət göstəməli
olduğunu nümayiş etdirdi. Müxtəlif
dönəmlərin kritik anlarında atdığı qətiyyətli
addımlarla, ortaya çıxan suallara doğru cavabları ilə,
yeri gələndə sərtliyi, yeri gələndə
humanizmi, müdrikliyi, gələcəyə baxışı
ilə əsl Lider nümunəsi yaratdı.
Heydər Əliyev
AXC-Müsavat cütlüyü hakimiyyətinin yüksək vəzifələrində
təmsil olunan şəxsləri də əslində labüd
ölümdən xilas etdi. Çünki Ulu
Öndər olmasaydı, gözü yeri-göyü görməyən
silahlı müxalif dəstələr çox güman ki,
onlara divan tutacaqdılar. Canlarının qorxusundan hərəsi
bir yerdə gizlənmiş bu "qəhrəmanlar” ara sakitləşəndən sonra Heydər
Əliyevə qarşı qərəzli kampaniyalara
başlayıb onun nüfuzunu sarsıtmağa
çalışsalar da, vətəndaşlarımız kimin
kim olduğunu yaxşı bilirdi. Xalqın
gözü tərəzidir.
Heydər Əliyev isə belələrinə,
demək olar ki, fikir vermirdi. O daha böyük işlərə,
tarixi missiyanın icrasına başlamışdı və belə
cılız qara qışqırıqçılara necə
deyərlər, heç baş qoşmağa belə dəyməzdi.
Dahilərdən biri yazır
ki, "Nə üçün” sualına cavab verməyi
bacaran insanlar həmişə "Necə” sualına da cavab
tapa bilirlər. Böyük Öndər "biz müstəqil
Azərbaycan dövlətini quracağıq, möhkəmləndirəcəyik,
onun müstəqilliyini əbədi edəcəyik” deyərkən
bunun necə baş verəcəyini də bilirdi.
Ulu Öndərin öz
cismani sağlığında qurub yaratdıqları da, bu
gün Azərbaycanı tarixinin ən böyük nailiyyətlərinə
yetirmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizin qazandığı nailiyyətlər də
"necə” sualının cavabıdır. Azərbaycan
bu nailiyyətləri ona görə əldə edə bilir ki,
xalqdan dəstək alır. Bu dəstək isə kor-koranə
bir hiss deyil, insanların inamıdır, güvənidir. Azərbaycan vətəndaşları Heydər
Əliyev ideyaları işığında ölkəmizi
inkişaf etdirən Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətə tərəddüdsüz
inanırlar. Bu inam ortaya qoyulan real işə
əsaslanır. Real əməllərə
söykənir. Azərbaycan vətəndaşı
görür ki, cənab İlham Əliyev xalqına verdiyi
bütün sözlərə sadiqdir. Hər
bir işi həyata keçirib onun nəticələri
haqqında danışır. Daha boş vədlər
üzərində siyasət qurmur.
Vətəndaş ölkəmizin
beynəlxalq nüfuzunun getdikcə necə yüksəlməsinin,
Azərbaycanın regionda əsas söz sahibinə çevrilməsinin,
bu bölgələrdə bir çox irimiqyaslı qlobal layihələrin
yalnız Azərbaycanın xeyir-duası ilə həyata vəsiqə
qazanmasının fərqindədir.
Bu gün Azərbaycan vətəndaşı
hökumətin həyata keçirdiyi sosial siyasətin nəticələrini
öz gündəlik həyatında, getdikcə artan məvacibində,
pensiyasında, infrastruktur imkanlarında, təhsil, səhiyyə
xidmətlərinin yaxşılaşdırılması
üçün atılan addımlarda aydın görür. Azərbaycan
dövləti bu gün öz vətəndaşının
yanındadır, onun qayğısı isə hər an
insanların başı üzərindədir.
Heydər Əliyev
ideyaları işığında yaradılmış Heydər
Əliyev Fondu indiyədək ayrı-ayrı müvafiq
dövlət qurumları ilə birgə nə qədər vətəndaşımızın
problemlərinin həllinə kömək göstərib. Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən sosial-humanitar layihələrdən
Azərbaycanda və dünyada nə qədər insan
faydalanıb. Son illərdə Azərbaycan
vətəndaşının həyatında saya gəlməyən
böyük dəyişikliklər baş verib. Cəmiyyətimizdə sosiallaşma meyilləri
güclənib. Təhsil, savad, biliklərə
yiyələnmə, insan kapitalı Azərbaycan cəmiyyətində
də əsl dəyərə çevrilib. Gənclərimizə fərdi inkişaf, karyera
uğurları, ölkənin ictimai həyatında yaxından
iştirak üçün nə qədər böyük
imkanlar yaradılıb.
Gəncliyə
tövsiyə
Bu gün Azərbaycan gəncliyinin
ən böyük vəzifəsi dövlətçilik dəyərlərimizə
sadiqlik, Vətənin bu gününə və gələcəyinə
sahib çıxmaq, səadətimizi istəməyən xarici
qüvvələrin və daxildə onların sifarişlərini
yerinə yetirən sapı özümüzdən olan
baltaların fitnə-fellərinə uymamaqdır.
Bunun yeganə yolu yenə də bilikdən, təhsildən, tariximizi öyrənməkdən, keçmiş haqqında dürüst qənaətə gəlməkdən, keçmişin dərslərindən ibrət almaqdan, Azərbaycanın bu gününə inanıb Vətənin xoşbəxt gələcəyini yaratmaqdan ibarətdir. Azərbaycan Prezidentinin gənclərimizə ən əsas tövsiyəsi də elə budur: "Gənclər özləri də tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy ləkələsinlər, qoy yalan-uydurma yaysınlar, bizə yapışmır. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, Vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək”.
Əminlik var ki, vətənpərvər, aydın zəkalı Azərbaycan gəncləri bu tövsiyələri hər zaman əldə rəhbər tutacaq, biliyi, bacarığı, istedadı, savadı ilə həm vətəndaş olaraq özlərinin, həm də Azərbaycanın firavan gələcəyini təmin etməklə, Heydər Əliyev ideyaları işığında Vətəni daha böyük uğurlara aparacaqlar.
Nurlana
ƏLİYEVA,
Bakı Slavyan
Universitetinin rektoru, professor
Azərbaycan.- 2019.- 12 dekabr.- S.1; 5.