Tarix yaradan şəxsiyyət
Azərbaycanın
özü qədər əbədi
Böyük alman filosofu Fridrix Nitşe yazırdı: "Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyət tarixi yaradır”. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu qırx ilədək bir dövrü qüdrətli şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Tarixdə nadir hadisələrdəndir ki, Heydər Əliyev iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik etmişdir.
Müstəqil Azərbaycan Respublikasının memarı Heydər Əliyev iki əsrin ayrıcında öz dövlətini və xalqını qlobal sarsıntılar dövrünün fırtınalarından, zamanın ən çətin sınaqlarından sağ-salamat çıxararaq, ölkənin milli dəyərlərinin qorunub saxlanılmasına, ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Ulu Öndər həm sovet dövründə, həm də müstəqillik illərində həmişə öz xalqı ilə birlikdə olmuş, onun bir millət və dövlət kimi inkişafı naminə həyatını belə əsirgəməmişdir.
Çiyinlərində bütöv bir xalqın varlığını, bütün bəşəri keyfiyyətlərini, dövlətçilik missiyasını daşıyan Ümummilli Lider millətin xarakterini, milli iradəni atdığı hər bir addımında əks etdirmiş, Azərbaycanın, eləcə də dünyanın siyasət arenasına yeni mədəniyyət gətirmiş, ölkənin ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl bir elmi-nəzəri sistem - dövlət quruculuğu fəlsəfəsi, dövlətçilik ideologiyasını yaratmışdır. Ölkəmizin gələcəyinə istiqamətlənmiş, effektiv və davamlı inkişafını təmin edən, intellektual və elmi potensialın yüksəlməsini nəzərdə tutan siyasətin əsası formalaşdırılmışdır.
Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Bu gün biz ötən dövrlərin siyasi durumunu dərk etməyə çalışarkən başa düşürük ki, bu böyük insanın bütün fəaliyyəti, bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi dövr və zəmanəmizi ifadə edən əzəmətli bir abidədir. Onun keçdiyi yol isə zəngin bir həyat ensiklopediyasıdır. Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir. Bu zirvədən yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bügünü, sabahı görünür. Bu zirvə Heydər Əliyev simasında bütün Azərbaycan xalqının, dövlətçilik, müstəqillik, demokratiya tariximizin yüksəldiyi zirvədir. Tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun dediyi kimi, Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır. Zaman-zaman yeniləşən nəsillər bu dahi şəxsiyyətin ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar.
1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyevin birinci katib seçilməsi ilə SSRİ-nin geridə qalmış ucqarlarından olan Azərbaycanın tarixində yeni bir dövr başladı. Azərbaycanın müstəqilliyinə yönəlmiş müdrik siyasətin təməli hələ sovetlər dövründə - XX əsrin 70-ci illərində Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz bu illərdə xalqın azadlıq idealları, azərbaycançılıq, dövlətçilik dəyərləri şüurlarda geniş meydan tapdı. Milli-mənəvi şüura qayıdış çağdaş milli varlığın təsdiqi kimi reallaşdı, zəruri tarixi-mənəvi prosesə çevrildi.
Heydər Əliyev kənd təsərrüfatında geriliyin aradan qaldırılmasında və onun inkişafının təmin edilməsində düzgün istiqamət, uzunmüddətli perspektiv strategiya və taktika müəyyən etdi. Aparılan nəhəng dəyişikliklər, tutumuna və həcminə görə iqtisadi və sosial sahələrdə tətbiq olunan islahatlar Azərbaycan xalqının maddi rifah halının keyfiyyətcə yeni mərhələyə çatmasına böyük təkan verdi. Həmin dövrdə ölkədə gedən geniş tikinti quruculuq işləri, kənd təsərrüfatının inkişafı, pambıqçılıq, üzümçülüklə yanaşı, digər sahələri əhatə edən nailiyyətlər Sovet İttifaqına daxil olan respublikalar arasında ən yüksək uğurlar idi. Heydər Əliyevin müdrik siyasəti nəticəsində respublikada yaranmış güclü sosial, iqtisadi və intellektual potensial Azərbaycanın müstəqilliyi üçün mühüm zəmin yaratdı. Müasir Azərbaycan dövlətinin inkişafı məhz həmin illərdə yaradılmış bünövrə üzərində quruldu və uğurla davam etdirildi.
XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri də ölkəmizdə elmin və təhsilin sürətlə inkişaf etməsidir. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. O, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, intellektdə görürdü. Belə ki, güclü təhsil sistemi gələcəyin elmi tədqiqatçılarının hazırlanmasına xidmət edirsə, elmi araşdırmalar da, öz növbəsində, ölkənin ayrı-ayrı sahələrinin müasir tələbata və qabaqcıl təcrübəyə uyğun inkişafını təmin edir. Ümummilli Lider hələ ötən əsrin 70-ci illərində Azərbaycan alimlərinə ittifaq respublikalarının və başqa ölkələrin alimləri ilə elmi əməkdaşlıq əlaqələrini yaratmağı, ümumittifaq elmi konfranslarda və simpoziumlarda fəal iştirak etməyi, Azərbaycan elmini ləyaqətlə təmsil etməyi məsləhət bilirdi. Respublikada elmi tədqiqatların təminatı məsələlərinə toxunarkən Heydər Əliyev müasir texniki vasitələrin imkanlarından geniş istifadə olunması məsələsinə xüsusi diqqət yetirirdi.
Heydər Əliyev tərəfindən əsası qoyulan kadr siyasəti dövlətçiliyimizin bütün sahələrində yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, saf mənəviyyatlı, yüksək təşkilatçılıq və informasiyadan istifadə etmək qabiliyyətinə malik olan kadrların hazırlanmasına, onların cəsarətlə seçilib irəli çəkilməsinə böyük zəmin yaratdı. Bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu kontekstdən yanaşdıqda Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Dövlətin gələcəyini məhz yüksəkixtisaslı, peşəkar və vətənpərvər insanların fəaliyyətində görən Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərmiş, hər il xaricə 800 tələbə yola salınmışdır. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə, Ümummilli Lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə müvafiq göstərici 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97,6 faizə yüksəlmişdir. Bu addımlar bir tərəfdən Azərbaycanın yüksəkixtisaslı kadrlara olan ehtiyacını təmin edirdi, digər tərəfdən isə potensial Azərbaycan diasporunun formalaşması prosesinin konturları cızılırdı. Azərbaycan alimləri keçmiş ittifaqın nüfuzlu mərkəzlərində elmi işlər aparır və mühüm elmi nəticələr alırdılar.
Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycanda kadr siyasətində azərbaycançılıq prinsipinə ciddi riayət etmiş və bunu məqsədyönlü şəkildə həyata keçirmişdi. O dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskussiyaların aparılması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Heydər Əliyevin məfkurənin inkişafına xidmət edən siyasətinin nəticəsi idi. Azərbaycanın görkəmli şəxsiyyətlərinin fəaliyyətinin üzə çıxarılması, adlarının əbədiləşdirilməsi, ən yüksək səviyyələrdə yubileylərinin keçirilməsi onun şəxsi təşəbbüsü, böyük və tarixi xidmətidir.
Azərbaycan Milli Elmlər Akademiyasının inkişafının böyük tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Akademiyada Azərbaycan xalqının dilinin, milli-mənəvi dəyərlərinin araşdırılmasında, tarix, riyaziyyat, kimya, biologiya, neft emalı və neft-kimya sənayesi, astronomiya, kosmik tədqiqatlar və s. sahələrdə elmi araşdırmaların aparılmasında və nüfuzlu elmi məktəblərin yaradılmasında Heydər Əliyevin mühüm rolu olub.
Hakimiyyətinin ikinci dövründə də Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyası ilə xalqının yanında oldu. Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycana qayıtdı. Ölkənin siyasi rəhbərliyi onun xalq arasında nüfuzundan qorxur, Bakıya yolunu hər vəchlə kəsməyə çalışırdı. Bu səbəbdən doğulub boya-başa çatdığı Naxçıvana getdi. Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız ilk dəfə məhz Naxçıvanda ucaldıldı, Yeni Azərbaycan Partiyasının təməli burada qoyuldu. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar, atılan addımlar Azərbaycanın gələcək taleyində həlledici rol oynadı.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olum yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə sərf edəcəyəm” deyən Heydər Əliyevin yeritdiyi düzgün siyasət və "xalq-Heydər” sarsılmaz birliyi sayəsində ölkədə sabitlik bərpa edildi, böhranın qarşısı alındı, demokratik inkişaf proseslərinin əsası qoyuldu, xalqın öz gələcəyinə inamı yenidən özünə qayıtdı.
Azərbaycanda şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Minlərlə insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və sərbəst fəaliyyəti təmin edildi. Ölkədə demokratik dövlət quruculuğu və yeni iqtisadi sistemin formalaşması üçün müvafiq hüquqi bazanın yaradılması yolunda gərgin iş aparıldı, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq referendumu yolu ilə qəbul olundu. Məhz Ulu Öndərin qətiyyəti, iradəsi və cəsarəti sayəsində Azərbaycanın "qara qızılı” bu millətin ağ günlərinin tarixini yazmağa başladı. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi” adlandırılan ilk beynəlxalq neft kontraktı imzalandı. Sonra üç dəniz əfsanəsi adlandırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri, onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri ərsəyə gəldi. Ümummilli Lider milli dövlətçiliyi itirməkdə olan Azərbaycanı nəinki təhlükədən xilas etdi, hətta onu davamlı inkişaf yoluna çıxartdı. Onun rəhbərliyi ilə ölkənin etibarlı tərəqqi istiqamətini göstərən strategiya işlənib hazırlandı.
Heydər Əliyevin böyük siyasətə yenidən qayıdışı məhz akademiyadan başlayıb. Azərbaycan tarixinin dönüş nöqtələrindən biri olan 1993-cü ildə Naxçıvandan Bakıya qayıdan Ümummilli Lider Heydər Əliyev ilk görüş yeri kimi Elmlər Akademiyasını seçdi. Bu bir tərəfdən möhtərəm Heydər Əliyevin Azərbaycan elminə, intellektinə böyük hörmətinin təsdiqi idisə, digər tərəfdən Azərbaycan ziyalılarının Heydər Əliyev şəxsiyyətinə sonsuz inam və yüksək etimadının bariz nümunəsi idi. Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın 60 illik yubileyindəki çıxışında bu məqamı xatırlayaraq qeyd etmişdir: "O görüş rəmzi xarakter daşıyırdı. Çünki Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir”.
Akademiya üçün ən çətin vaxtlarda belə Ulu Öndər akademiyanı qorumuş və inkişaf etdirmişdir. "Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Onu qoruyub saxlamalıyıq” deyən Heydər Əliyev bununla akademiyaya öz münasibətini bəyan etmişdir. Azərbaycan aliminə və elminə elə ilk gündən yüksək qayğı göstərən Heydər Əliyev bu sahədəki fəaliyyətini də ardıcıl və sistemli şəkildə həyata keçirirdi. 2003-cü il 4 yanvar tarixli fərmanı ilə akademiyaya müstəqil dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu verdi. Ümummilli Liderin bilavasitə köməyi və qayğısı ilə elmin əhatəli inkişafı və Milli Elmlər Akademiyasında keçiriləcək islahatların konsepsiyası hazırlandı.
Ulu Öndər Heydər Əliyevin "Milli Elmlər Akademiyası sistemində yüksəkixtisaslı elmi kadrlar hazırlayan təhsil qurumlarının, respublikada prioritet istiqamətlərdə müstəqil fəaliyyət göstərən dövlət elm-təhsil mərkəzlərinin işi daim gücləndirilməli və zənginləşdirilməlidir” fikri akademiyanın potensialının və texniki bazasının gücləndirilməsinə, ölkədə fundamental elmi tədqiqatların aparılmasına yönəlirdi. Onun diqqət və qayğısı nəticəsində elmi-tədqiqat institutlarının və elmi işçilərin sayı artır, Azərbaycan Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmlənir, elmi-tədqiqat institutları üçün yeni korpuslar tikilir, xüsusi təyinatlı layihə-konstruktor büroları yaradılırdı, Azərbaycan elminin ölkədə və dünyada tanıdılmasına səy göstərilir, elmi-tədqiqat işlərinin səviyyəsi yüksəlir, elmin tətbiq sahələri genişlənir, elm adamlarına yaradıcılıq şəraiti yaradılır, görkəmli alimlərin fəaliyyətləri təqdir olunur, onlar mükafatlandırılırdı, Azərbaycan dili, ədəbiyyatı və tarixi üzrə aparılan tədqiqatların genişləndirilməsinə xüsusi fikir verilirdi.
Xaricə üz tutan, ölkədən uzaq düşən alimlərimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra tədricən geri qayıtmağa başladılar. Elmlər Akademiyasının fəaliyyətində canlanma başladı, yeni istiqamətlər müəyyənləşdi, dövlətdə təhsil islahatlarının başlanğıcı qoyuldu. O islahatları reallaşdıranlar da elə Heydər Əliyevin vaxtilə xaricə təhsil almağa göndərdiyi gənclər idi.
Hazırda Azərbaycan elmində növbəti islahatlar aparmağın, elmimizi müasir dünyanın və ölkəmizdə sürətlə gedən inkişafın tələblərinə uyğun qurmağın əsl vaxtıdır. Əminik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan ciddi struktur islahatları Azərbaycan elminin keyfiyyətcə daha yüksək pilləyə keçməsinə, daha çox istedadlı gəncin elmə yönəlməsinə imkan verəcəkdir.
Bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev öz fəaliyyətini möhkəm zəmin, etibarlı təməl üzərində qurub. O, Heydər Əliyev siyasi kursunu sadəcə davam etdirmir, həm də yeni şəraitin, müasir dünyamızda gedən proseslərin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu gün Azərbaycan xalqı İlham Əliyevə inanır, dövlət başçısının daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Dünyanın aparıcı ölkələrində gedən kəskin maliyyə böhranına baxmayaraq, İlham Əliyev Azərbaycan Prezidenti kimi son on ildə respublikamızda həyata keçirilən hüquqi islahatları uğurla davam etdirməklə yanaşı, peşəkar və yüksəkixtisaslı elmi kadrların yetişdirilməsinə də xüsusi diqqətlə yanaşır. Bu il noyabrın 16-da Prezident İlham Əliyevin sərəncamı ilə növbəti "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul edilməsi buna bir nümunədir. Bu proqramın əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ali təhsil sisteminin müasir dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsi və beləliklə, ölkəmizdə yeni nəsil mütəxəssislərin, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsidir.
Baş verən inkişaf ildən-ilə gözəlləşən Bakının və regionlarımızın simasında aydın görünür. Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb, səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə qlobal layihələr reallaşır. TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub” nəqliyyat dəhlizi... Bu gün Azərbaycan bir çox nüfuzlu tədbirlərə evsahibliyi edir. Son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut edir. Bu möhtəşəm uğurların kökündə isə Azərbaycan xalqının xilaskarı, Ümummilli Lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.
Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində Prezident İlham Əliyev tədbir iştirakçılarının nəzərinə çatdırmışdır: "Biz - bu tarixi yaşayan insanlar, əlbəttə ki, heç vaxt bunu unutmayacağıq. Bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik. Gənclər bu tarixi bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin”. Gənclərimizdə vətənpərvərlik hissi çox güclü olmalıdır. Onlar ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Məhz belə gənclik ölkəmizi daha firavan gələcəyə inamla apara bilər.
İradə HÜSEYNOVA,
akademik
Azərbaycan.-
2019.- 12 dekabr.- S.1; 6.