Yaşayan və zənginləşən irs
Azərbaycanın
özü qədər əbədi
Mənsub olduğu xalqın tarixi taleyinə məsuliyyəti öz üzərinə götürmək siyasi liderdən təkcə böyük hünər, cəsarət və müdriklik deyil, həm də dəqiq hədəflər və onlara çatmaq üçün mükəmməl fəaliyyət proqramı tələb edir. Müstəqil Azərbaycanın uğurları, nailiyyətləri Ulu Öndər Heydər Əliyevin məhz belə qüdrətli siyasi lider olduğunu sübuta yetirməklə, onun əziz xatirəsini və zəngin dövlətçilik irsini əbədiləşdirir. Öz xalqının önündə addımlamaq, onu ən çətin sınaqlardan keçirmək, onun gələcəyi üçün möhkəm bünövrə yaratmaq missiyasını şərəflə yerinə yetirən bu dahi şəxsiyyətin daim yaşayan və zənginləşən irsi tükənməz milli sərvətimizdir.
Azərbaycana əbədi müstəqillik və yüksəliş bəxş edən Heydər Əliyev irsinin gücü və həmişəyaşarlığı ölkəmizin son 16 ildəki sürətli və hərtərəfli inkişaf dövründə də öz təcəssümünü tapıb. Bu illər ərzində ölkəmizin beynəlxalq nüfuzunun, dünya miqyasında hörmətinin necə yüksəldiyini son vaxtlar paytaxtımızda keçirilən mötəbər tədbirlər bir daha təsdiqləyir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü, Dünya dini liderlərinin II Sammiti kimi qlobal miqyaslı tədbirlərin Bakıda təşkil olunması dünyanın siyasi xəritəsində ölkəmizin tutduğu yerin əhəmiyyətini göstərməkdir. BMT-dən sonra dünya miqyasında ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına üç il müddətinə sədrliyin 120 ölkənin yekdil rəyi əsasında Azərbaycana həvalə edilməsi müstəqil dövlətimizə beynəlxalq dəstəyin və etimadın aydın təzahürüdür.
Bu yaxınlarda ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək hüququ qazanıb. Cənab Prezident bu hadisəni çox önəmli siyasi qələbə kimi dəyərləndirərək onun Azərbaycanda texnoloji inkişafa mühüm töhfə verəcəyinə əminliyini bildirib. Bu möhtəşəm hadisə Heydər Əliyev irsinin nə qədər yaşarı olduğunu və texnoloji mübarizə əsri olan XXI əsrə öz təsirini göstərdiyini nümayiş etdirir. Belə ki, keçmiş Sovet İttifaqında cəmi bir dəfə Beynəlxalq Astronavtika Konqresi keçirilib və onda da bu mötəbər tədbirə evsahibliyi Bakıya, Azərbaycana həvalə olunub. Təbii ki, Ulu Öndər Heydər Əliyevin səyi və təşkilatçılıq istedadı sayəsində... Xalqımızın böyük oğlu hələ o zaman elmi-texnoloji inkişafın perspektiv istiqamətlərini özünəxas müdrikliklə görür və respublikamızın gələcək müstəqilliyini düşünərək onun bu sahədə beynəlxalq təcrübə ilə təmasına çalışırdı. Bu gün qürurla deyirik ki, ölkəmiz texnoloji inkişaf sahəsində böyük uğurlar əldə edib, kosmik klubun üzvüdür və onun müstəqil rabitə sisteminə hazırda üç peyk daxildir.
Ulu Öndərin qətiyyətli davamçısı kimi Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət, genişmiqyaslı quruculuq işləri Azərbaycanın hərtərəfli inkişafını təmin edir. Sıx vəhdətdə həyata keçirilən islahatlar, davamlı iqtisadi inkişaf xalqımızın sosial rifahının da durmadan yüksəldilməsinə şərait yaradıb. Son 16 ildə iqtisadiyyatımızın üç dəfədən çox artması dünya miqyasında rekord göstəricidir. Məhz bu inkişafın nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə düşüb. Xarici dövlət borcu da ən aşağı səviyyədədir və ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir ki, bu göstəriciyə görə ölkəmiz dünya miqyasında doqquzuncu yerdədir.
Dövlət başçısının çıxışlarında istinad etdiyi beynəlxalq reytinq göstəricələrinə nəzər yetirməklə Azərbaycandakı dinamik inkişafın dünyada necə rəğbətlə qarşılandığını görmək olar. Dünya Bankının "Doing Business 2020” hesabatına görə, Azərbaycan 190 ölkənin arasında 34-cü mövqedə qərarlaşıb və ötən il olduğu kimi, bu il də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu mövqe möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlarla bağlıdır. Bu islahatlar dünyada ölkəmizə marağı artırır, iqtisadiyyatımıza xarici sərmayə qoyuluşlarına və beləliklə, həm yeni iş yerlərinin yaradılmasına, həm də əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına geniş imkanlar açır. Sevindirici haldır ki, Azərbaycan hər nəfərə düşən sərmayə həcminə görə regionun lider dövlətidir. Bu il qəbul edilən çox geniş sosial paket 4 milyon 200 mindən çox insanı əhatə edib. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox, müavinətlər iki dəfə artıb. Orta əməkhaqqının 35 faiz artırılaraq 723 manata çatdırılması ölkə rəhbərinin sosial siyasətinin böyük uğurudur.
Bu məsələlərə diqqət yetirərkən, təbii ki, Ulu Öndər Heydər Əliyevin hələ respublikaya birinci rəhbərliyi dövründə, sovet hakimiyyəti illərində xalqın rifahının yüksəldilməsi sahəsində gördüyü işləri xatırlamalı oluruq. O dövrün şahidlərindən biri kimi yaxşı yadımdadır ki, həm kənd təsərrüfatında çalışanların əməyinin qiymətləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması, həm də şəhər əhalisinin həyat səviyyəsinin yüksəldilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilirdi.
Azərbaycana rəhbər seçildiyi ilk gündən Heydər Əliyev öz idarəçilik fəaliyyətini milli mənafelərimizin qorunmasına, iqtisadiyyatın dirçəlişinə, xalqın güzəranının yaxşılaşmasına, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafına yönəltdi. Bu da respublikamızda görünməmiş işgüzarlıq ab-havası, quruculuq əhvali-ruhiyyəsi yaratdı. Heydər Əliyevin hakimiyyətə gəlişi təkcə sosial-iqtisadi, mədəni sahələrdə deyil, həm də milli şüurda oyanış yaratdı. Məhz həmin dövrdə təşəbbüskar və cəsarətli rəhbərə inam xalqın öz potensialını üzə çıxarması və səfərbər etməsi üçün mühüm amil oldu. İqtisadiyyat dirçəldikcə cəmiyyət də canlandı, fəallaşdı. 1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə görülən işlər milli dövlətçilik ideyalarının cəmiyyətdə hərəkətverici qüvvəyə çevrilməsinə rəvac verdi. Həmin dövrdə Ulu Öndər özünəməxsus müdriklik və uzaqgörənliklə Azərbaycanın gələcək azadlığı, müstəqilliyi üçün yorulmadan çalışır, möhkəm və davamlı sənaye potensialı, kadr ehtiyatı yaradırdı.
Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.
Erməni separatizminin baş qaldırması məhz Heydər Əliyevin Azərbaycan rəhbərliyindən uzaqlaşdırılmasından sonra mümkün oldu. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi dövrdə Dağlıq Qarabağda azərbaycanlı əhalinin faiz nisbəti iki dəfə artaraq 30 faizə çatmışdı və bu tendensiya davamlı xarakter daşıyırdı. Təəssüf ki, keçmiş Sovet İttifaqında başlanan dırnaqarası yenidənqurma erməni millətçilərinə məkrli niyyətlərini reallaşdırmaq fürsəti yaratdı. Bunun üçünsə, əvvəlcə, Azərbaycanın qüdrətli oğlunu siyasi səhnədən uzaqlaşdırmaq planı işə düşdü, sonra isə onu təqib etməyə, hər vəchlə gözdən salmağa cəhd göstərildi. Lakin Heydər Əliyev öz mübarizliyi və müdrikliyi ilə bütün bu cəhdləri puça çıxardı. Çünki doğma xalqına, onu qəlbən sevən millətinə güvənirdi, arxalanırdı. Ulu Öndər sonralar deyirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Heydər Əliyevin siyasi həyatdan qısamüddətli təcridi Azərbaycana "Dağlıq Qarabağ problemi” adlı elə bir yara vurdu ki, onun əzab-əziyyəti bu gün də davam edir, xalqımızın yeganə həll edilməmiş problemi kimi qalır. Bu tarixi həqiqətdir ki, əgər Heydər Əliyev Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi.
Hələ sovet hakimiyyəti illərində milli ideallara inamına və sədaqətinə, xalqının gələcək azadlığı üçün göstərdiyi xidmətlərə müqabil olaraq uca Tanrı Heydər Əliyevə müstəqil Azərbaycanın qurucusu olmaq şərəfini nəsib etdi. Sovet dövlətinin süquta uğraması ilə formal müstəqillik qazanan, lakin naşı idarəçilik nəticəsində onu itirmək, hətta vətəndaş qarşıdurması və parçalanmaq təhlükəsi ilə üzləşən respublikamızı və milli dövlətçiliyi xilas etmək, xalqı bəlalardan qurtarmaq missiyasını Ulu Öndər özünə xas olan qətiyyətlə yerinə yetirdi. Müasir Azərbaycan dövləti quruldu, ictimai-siyasi sabitlik yarandı, iqtisadi islhatlar aparıldı. Möhtərəm Prezident İlham Əliyev Ulu Öndərin müstəqillik dövrü fəaliyyətini belə dəyərləndirir: "1993-2003-cü illər tarixdə sabitlik və inkişaf dövrü kimi qalacaq. Heydər Əliyevin strateji qərarları ölkəmizin strateji inkişaf istiqamətlərini müəyyən etdi. O vaxt bizim qarşımızda müxtəlif seçimlər var idi, müxtəlif dövlət quruluşu yarana bilərdi. Heydər Əliyevin xalq arasında nüfuzu o qədər yüksək idi ki, o, Azərbaycanda istənilən dövlət quruluşunu tətbiq edə bilərdi... Onun müdrikliyi, gələcəyə strateji baxışları o seçimi şərtləndirdi və bu gün Azərbaycan azad, demokratik, hüquqi dövlətdir”.
Təəssüf ki, ölkəmizi böyük problemlərə, böhranlara düçar edən antimilli ünsürlər vaxtaşırı fəallaşır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərir, qanunsuz kütləvi aksiyalara əl atmağa çalışırlar. Onların əsl siması bu günlərdə aşkara çıxan "siyasi mühacir alveri” məsələsində bir daha özünü qabarıq şəkildə göstərdi. Müxtəlif şüarlar ilə adamları küçələrə çıxmağa təhrik edənlər bu qanunsuz aksiyaları özləri üçün biznes mənbəyinə çevirirlər. Belə aksiyalarda özünü kütləvi informasiya vasitələrinin nümayəndəsi kimi qələmə verən çoxsaylı foto-video çəkənlərin məqsədi Müsavat, AXC və s. bu kimi radikal dəstələrin heç də müftə vermədikləri arayışlarla Avropaya "siyasi mühacirət”ə getməyə hazırlaşanların guya təzyiq və təqiblərə məruz qalmasına sübut-dəlil düzüb-qoşmaqdır. Belələri getdikləri ölkələrdə də siyasi dələduzluqlarını davam etdirir, sosial şəbəkələrdə öz vətəninə, onun inkişafı üçün fədakarlıq göstərənlərə, dövlətimizin rəhbərlərinə qarşı hədyanlar danışaraq, orada Azərbaycan əleyhinə işləyən, əsasən də, erməni lobbisi ilə bağlı olan qrupların himayəsi altına girirlər. "Mühacir biznesi”nin ifşa edilməsinin belə şəxslərin bir çoxunun yenidən Azərbaycana qaytarılması ilə nəticələnəcəyini göstərir. Simasını itirmiş, xalqına və dövlətinə xəyanət etmiş həmin antimilli ünsürlər vətənə hansı üzlə qayıdacaqlar?.. Təbii ki, Azərbaycan hüquqi dövlətdir və mövcud qanunvericiliyi pozanların haqq etdikləri cəzanı alacağına şübhə yoxdur.
Ölkəmizdə hakimiyyətin yeganə mənbəyi xalqdır, onun siyasi avanqardı isə Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasıdır. Heydər Əliyevin Azərbaycanın milli dövlətçilik tarixindəki rolundan danışarkən onun yaratdığı və uzunmüddətli fəaliyyət strategiyasını müəyyənləşdirdiyi güclü və nüfuzlu siyasi təşkilatın - Yeni Azərbaycan Partiyasının bugünkü nailiyyətləri də göz önündə canlanır. Öz böyük öndəri ilə qurtuluş hərəkatına başlayan, onu zəfərlə başa çatdıran və bu günlərdə 27 illiyini qeyd edən partiyamızın ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi inkişafında xidmətləri əvəzsizdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, "o vaxt özünü demokrat adlandıran, hakimiyyəti qanunsuz yollarla zəbt etmiş satqın AXC-Müsavat hakimiyyəti imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin. Vətənpərvər insanlar, Heydər Əliyevi dəstəkləyən insanlar, ziyalılar Naxçıvana gedib soyuq, işıqsız şəraitdə, - hər on dəqiqədən bir işıqlar kəsilirdi, - Yeni Azərbaycan Partiyasını təsis etdilər. Artıq Azərbaycanın yeni dövrü başlamışdır. Məhz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi ucaltdı və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırdı ki, onlar da eyni addımı atsınlar. Onlara hələ bir neçə ay lazım oldu və artıq görəndə ki, sovet ittifaqı çökür, ondan sonra bunu etdilər”.
Yeni Azərbaycan Partiyasının 27 il əvvəl Naxçıvanda keçirilmiş təsis konfransında 500 nəfər iştirak etmişdisə, bu gün partiyamızın 700 mindən çox üzvü vardır. Müqayisə üçün deyim ki, 70 il ərzində sovetlərin birpartiyalı sistemində Azərbaycan Kommunist Partiyasının cəmi 370 min üzvü var idi. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək partiya yoxdur və inanmıram ki, gələcəkdə də olsun. YAP Heydər Əliyevin dövlətçilik ideyalarının gerçəkləşməsi üçün bütün qüvvəsini səfərbər edib.
Ulu Öndərin adını daşıyan fondun, onun rəhbəri, Birinci vitse-prezident, UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın Heydər Əliyev irsinin qorunmasında və təbliğində, Ulu Öndərin dövlətçilik ideyalarının həyata keçirilməsində diqqətəlayiq xidmətləri vardır. Heydər Əliyev Fondu vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynamaqla yanaşı, elmin, mədəniyyətin, təhsilin inkişafına öz sanballı töhfələrini verir, müharibədən əziyyət çəkən, həmçinin aztəminatlı şəxslərin sosial problemlərinin həllində, tibbi xidmətlərə olan ehtiyaclarının ödənilməsində fəal iştirak edir. Azərbaycanın xarici siyasət strategiyasının reallaşmasında da fond özünəməxsus yer tutur: onun dünyanın müxtəlif ölkələrində icra etdiyi proqramlar və layihələr müstəqil dövlətimizə böyük nüfuz qazandırır, xalqımızın dostluq əlaqələrini möhkəmləndirir. Ulu Öndərin azərbaycançılıq fəlsəfəsinin təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində davamlı iş aparan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə qlobal miqyasda təşkil edilən "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının erməni millətçilərinin bəşəriyyətə qarşı bu ağır və amansız cinayətinə mənəvi-hüquqi qiymət verilməsi tələbinə bir milyondan çox insan qoşularaq Azərbaycanın ədalətli mövqeyini müdafiə edir.
Mehriban xanımın Birinci vitse-prezident vəzifəsində fəaliyyəti isə Heydər Əliyevin müstəqil dövlətçilik irsinin daha da zənginləşdirilməsi baxımından xüsusilə mühüm əhəmiyyət kəsb edir. Hələ dörd il əvvəl ölkəmizdə mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, xalqımızın mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ali mükafata - "Heydər Əliyev” ordeninə layiq görülən Mehriban Əliyeva Ulu Öndərin dövlət idarəçiliyi ənənələrini yaşadır və inkişaf etdirir. "Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır. Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan bir insan idi. Eyni zamanda onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanlarla münasibətdə o, çox sadə və ədalətli idi,” Mehriban xanım özü də Ulu Öndər haqqında söylədiyi bu dəyərli fikirdə ifadə olunan əsl rəhbər və insan xarakterini təcəssüm etdirir. Bu günlərdə Birinci vitse-prezident kimi Rusiya Federasiyasına səfəri, bu nəhəng dövlətlə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün gördüyü işlər Mehriban Əliyevanın dünya səviyyəli siyasətçi, Heydər Əliyev məktəbinin ən görkəmli nümayəndələrindən biri olduğunu bir daha təsdiqlədi.
Bu gün müstəqil Azərbaycan onu hərtərəfli inkişafın zirvəsinə doğru aparan Heydər Əliyev yolu ilə gedir. Ölkə Prezidenti cənab İlham Əliyevin Sumqayıtdakı çıxışına yenidən istinad etmək istəyirəm. Dövlət başçısı Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin tarixi hadisə olduğunun qeyd edərək deyib: "Bu gün biz onun yolu ilə gedirik. Onun yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir. Əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır”. Yeri gəlmişkən, cənab Prezidentin kadr islahatları da məhz Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının təntənəsinə xidmət edir. Əminik ki, savadlı, bilikli, vətənpərvər, ölkəmizin inkişafı üçün öz səylərini göstərə bilən müasir tipli yeni kadrlar dövlətçiliyimizin möhkəmlənməsinə və qüdrətlənməsinə öz töhfələrini verəcəklər.
Azərbaycanın ərazi bütövlüyünün bərpası Ulu Öndər Heydər Əliyevin ən ümdə istəyi idi və bu istiqamətdə taleyüklü məsələlərin həlli üçün möhtərəm Prezident İlham Əliyev məqsədyönlü iş aparır, mövcud münaqişənin xalqımızın və dövlətimizin mənafeyinə uyğun formada aradan qaldırmasını, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın doğma yurda qayıtmasını təmin edəcək yollar axtarır. Ölkəmizin daim artan hərbi-iqtisadi gücü, beynəlxalq nüfuzu, ən başlıcası, sarsılmaz xalq-iqtidar birliyi bizi, bütün istiqamətlərdə olduğu kimi, bu istiqamətdə də uğura, qələbəyə çatdıracaqdır.
Tağı ƏHMƏDOV,
YAP Yasamal rayon təşkilatının
sədri
Azərbaycan.-
2019.- 12 dekabr.- S.7.