Bakıda rəsmi statistik məlumatların
istehsalında İKT və kadr
potensialının gücləndirilməsinə dair konfrans
Konfrans çərçivəsində Azərbaycan və Koreya statistika komitələri
arasında anlaşma memorandumu
imzalanıb
Dekabrın 11-də Bakıda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Respublikasının Statistika Komitəsinin (KOSTAT) birgə təşkilatçılığı ilə "Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, konfransda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, KOSTAT-ın sədri Kanq Şin-Uok, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op açılış nitqi ilə çıxış ediblər.
Qeyd olunub ki, Dövlət Statistika Komitəsi ilə KOSTAT arasında 2018-2019-cu illərdə Azərbaycanda statistika potensialının gücləndirilməsi ilə bağlı 2 layihə həyata keçirilib. Birinci layihə çərçivəsində Dövlət Statistika Komitəsinin statistika və informasiya texnologiyaları üzrə cari vəziyyəti və ehtiyacları təhlil edilib, komitədə 2 ədəd server avadanlığı quraşdırılıb, rəsmi statistika məlumatlarının yayımı sahəsində beynəlxalq səviyyədə tətbiq olunan standartlara uyğun üslubda, istifadəçiyönümlü "Azərbaycanın Statistik İnformasiya Xidməti - ASİS” statistik məlumatların yayım sistemi hazırlanaraq istifadəyə verilib. İkinci layihə hesabına isə komitədə müasir informasiya texnologiyaları avadanlıqları ilə təchiz edilmiş 31 yerlik təlim otağı yaradılıb, iqtisadi və sosial statistika sahəsində KOSTAT-ın təcrübəsi ilə tanış olmaq üçün Statistika Komitəsinin 34 əməkdaşına Koreya Respublikasında, 50-dən çox əməkdaşına Azərbaycanda təlimlər keçilib, eyni zamanda, ölkəmiz üçün statistikanın müxtəlif sahələrinə dair modul tipli təlim proqramları hazırlanıb.
Sonra konfransda "Statistikanın modernləşdirilməsi - Koreya təcrübəsi”, "Dövlət Statistika Komitəsində rəsmi statistik məlumatların istehsalı proseslərinin təşkili: həyata keçirilmiş islahatlar və yeni çağırışlar”, "Modul tipli statistik təlim proqramları”, "Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi tərəfindən birgə həyata keçirilmiş layihələrin qısa icmalı” mövzularında təqdimatlar dinlənilib.
Konfrans çərçivəsində Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və KOSTAT-ın sədri Kanq Şin-Uok imzalayıblar.
Tədbirdə
iştirakçıları və KİV nümayəndələrini
maraqlandıran suallar da
cavablandırılıb.
Azərbaycan.-
2019.- 12 dekabr.- S.2.