Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya tariximizdə çox böyük əhəmiyyətə malikdir

 

Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Ankarada anma mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, rəsmi şəxslər, diplomatlar, Azərbaycanı qardaş ölkədə təmsil edən nümayəndələr, Ankarada təhsil alan kursantlarımızdan ibarət heyət əvvəlcə Türkiyə paytaxtındakı Heydər Əliyev Parkında olublar. Ulu Öndərimizin parkdakı abidəsi önünə əklillər qoyulub, gül-çiçək dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Heydər Əliyev adına orta məktəbdə davam edən mərasimdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Ulu öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün əziz xatirələri bir dəqiqəlik sükutla yad ediləndən sonra çıxışlar dinlənilib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankaranın Milli Təhsil müdirinin müavini Serkan Topbaş və Heydər Əliyev adına məktəbin müdiri Oktay Kabasakkal çıxışlarında ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətindən danışıblar.

Diqqətə çatdırılıb ki, bütün siyasi fəaliyyətini Azərbaycanın çiçəklənməsinə, müstəqilliyimizin möhkəmlənməsinə, xalqımızın elm və təhsilinin yüksəlişinə və sosial rifahına, Azərbaycan-Türkiyə dostluq əlaqələrinin dinamik inkişafına həsr edən ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya indi olduğu kimi, gələcəkdə də özünə layiqli yer qazanacaqdır.

Natiqlər Azərbaycan xalqının xilaskarı Heydər Əliyev ilə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün həyat və fəaliyyətləri arasında müqayisələr apararaq qeyd ediblər ki, hər iki tarixi şəxsiyyətin həyat amalı öz xalqlarına xidmət olub.

Sonra Heydər Əliyev məktəbinin şagirdləri Ulu Öndərimizin həmişəyaşar xatirəsinə, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan şeirlər oxuyublar.

Sonda Ulu Öndərimizi məktəblilərə daha yaxından tanıtmaq məqsədilə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi tərəfindən Heydər Əliyev adına məktəbin şagirdləri arasında təşkil olunan şeir, rəsm və inşa müsabiqələrinin qalibləri elan olunub. Səfirliyin Təhsil müşavirliyi tərəfindən qaliblərə mükafatlar təqdim edilib.

 

Azərbaycan.- 2019.- 12 dekabr.- S.8.