UNEC tələbələrinin “Nəsimi” tamaşası
Ankarada anşlaqla
qarşılanıb
Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Türkiyənin paytaxtı Ankarada "Nəsimi” tamaşasını nümayiş etdiriblər.
Tədbir Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə UNEC-in tədbirlər planına əsasən təşkil olunub.
Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin dəstəyi və UNEC-in təşəbbüsü ilə təşkil olunan tamaşada ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, rəsmi şəxslər, qardaş ölkənin paytaxtında yaşayan və fəaliyyət göstərən soydaşlarımız, eləcə də nəsimisevərlər iştirak ediblər. Tamaşa Ankaranın Keçiörən rayon bələdiyyəsinin Neşet Ertaş Sənət və Nümayiş Mərkəzində nümayiş etdirilib.
UNEC Yaradıcılıq Mərkəzinin "UNEC Tələbə Teatrı” tərəfindən təqdim olunan tamaşada Şərqin böyük ədibi və filosofunun həyat və yaradıcılığı tələbələrin ifasında canlandırılıb. Tələbələrin yüksək peşəkarlıqla ifa etdikləri tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Səfər çərçivəsində Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altunok UNEC-in nümayəndə heyəti ilə görüşüb. Görüşdə tələbələrin aktyorluq bacarıqlarını yüksək qiymətləndirən bələdiyyə sədri onlara öz təşəkkürünü bildirib. UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova tamaşanın nümayiş olunması üçün yaradılan şəraitə görə Turqut Altunoka minnətdarlığını bildirərək universitet adından ona xatirə hədiyyəsi təqdim edib.
Sonda tələbələrə sertifikatlar
təqdim olunub.
Azərbaycan.- 2019.- 12 dekabr.- S.10.