Gəncliyə və gələcəyə ünvanlanmış dəyərlər

 

Cəmiyyəti inkişafa aparan yeni ideyalar və onları reallığa çevirmək üçün tükənməz güc, enerji, adətən gənclərdən gəlir.

Müasir dövrdə isə cəmiyyətin gələcək inkişafı baxımından gəncliyin rolu daha da artıb. Çünki biz indi biliklərin, innovasiyaların, yeni texnologiyaların getdikcə daha çox hakim olduğu dünyada yaşayırıq. Bu yenilikləri asanlıqla mənimsəyib cəmiyyət həyatına gətirənlərsə, texnologiyalar dövründə doğulub böyüyən, bu mühitə aid olan gənclərdir.

Gəncliyin özünün də hər zaman diqqətə və qayğıya, onların inkişafına göstərilən dəstəyə ehtiyacı var.

Tarixdə nəcib izlər qoymuş istənilən liderin ömürlüyünü nəzərdən keçirsək, gəncliyə xitabın onun irsində parlaq xətt kimi nəzərə çarpdığını görərik.

Müstəqil Azərbaycan Respublikasını tarixin ən böyük nailiyyətlərinə yetirmiş Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində də gəncliyə qayğı məsələləri mühüm yer tutur. Bu, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin müasir dünyamızın reallıqları şəraitində daha böyük əzmkarlıqla davamıdır.

 

Tarixə baxış: ən böyük həqiqətlər

 

Ölkəyə belə böyük dövlət xadimlərinin rəhbərlik etməsi gənclik üçün gələcəyə açılan aydın yollardır. Onların yoluna düşən işıqdır.

Azərbaycan gəncliyi bunu hələ ötən əsrin 70-ci illərində, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə yaşamışdı. Həmin illərdə ölkəmizdə aliorta ixtisas məktəblərinin sayının artırılmasına, gənclərin iqtisadi inkişafa cəlb olunması üçün davamlı tədbirlərin həyata keçirilməsinə paralel olaraq gənclərin dünyada baş verən müasir inkişaf meyillərini mənimsəyə bilmələrinə də xüsusi diqqət yetirilirdi. Hər il yüzlərlə azərbaycanlı gənc ölkəmiz üçün xüsusilə mühüm ixtisaslar üzrə peşəkar biliklərə yiyələnməkdən ötrü keçmiş ittifaqın ali məktəblərinə göndərilirdi. Azərbaycanın müxtəlif mərkəzi şəhərlərində gənc ailələrin ev-eşik sahibi olmasından ötrü böyük komplekslər salınırdı. Ulu Öndər Azərbaycan gənclərinin öz potensiallarını reallaşdıra bilmələri, karyera irəliləyişlərinə nail olmaları, həyatlarını qura bilmələri üçün diqqət və qayğısını onlardan bir an belə əsirgəmirdi.

Azərbaycanın müstəqilliyi dövründə də Heydər Əliyev gəncliyin böyük hamisi oldu. Onları öz cılız hakimiyyət maraqlarını təmin etməkdən ötrü gənclərdən alət kimi istifadə edən, bir-biri ilə didişmələrdə gəncləri qurban verən, onların ömrünə qıyan antimilli ünsürlərin əlindən xilas etdi. Gəncliyi cəmiyyət həyatında layiq olduğu yüksək mərtəbəyə yüksəltdi. Elmin, təhsilin, biliklərə yiyələnməyin, vətənə faydalı olmağın gənclik üçün ən böyük dəyər olduğunu onlara anlatdı. Bunlar hamısı yaxın tariximizdir. Müstəqillik dövründə anadan olan, o günlərə şəxsən şahid olmayan gənclərin bu tarixi bilməsi çox mühümdür. Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışında da reallıqları düzgün təhlil etmək, onlara doğru qiymət vermək üçün həmin acı dövrlərin yaddan çıxarılmamasını, gənclərin bu tarixi bilmələrini vacib saydı: "Liderin vəzifəsidir dövləti qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir. Burada əyləşən gənclər də bu tarixi bilməlidirlər. Mən dəfələrlə bunu demişəm. Biz - bu tarixi yaşayan insanlar, əlbəttə ki, heç vaxt bunu unutmayacağıq”.

1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş antimilli dəstə həqiqətən Azərbaycanı uçuruma aparırdı. Naşı adamların idarəçiliyi hesabına iqtisadi sistem büsbütün dağılmışdı. Atılan məsuliyyətsiz addımlar bütün qonşu ölkələrlə münasibətləri pozmuş, respublikamıza qarşı təhdidləri daha da gücləndirmişdi. Bir çox millətlərin yaşadığı Azərbaycanın əksər bölgələrində Ermənistanın işğalçılıq siyasətindən sonra yeni separatizm meyilləri baş qaldırırdı. Yenicə bərpa edilmiş müstəqilliyin itirilməsi, ölkənin parçalanması hər an baş verə biləcək acı aqibət idi. Azərbaycan faktiki olaraq əldən gedirdi. Ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran adi həyat tərzinə çevrilmişdi. Həmin illərdə Azərbaycana rəhbərlik edən şəxslərin kimliyi o dövrün acı mənzərəsinin əyani təsvirini yaradırdı.

 

Demokrat cildinə girənlər

 

...1990-cı illərin əvvəllərində küçələrdə, meydanlarda başlanan hadisələrdə millətin oyanışını, xalqın iradəsini görürdük. Amma birdən hər şey dağılmağa başladı: gündəlik yaşayış, davranış tərzimizdən tutmuş mənəviyyatadək hər addımda saxtakarlıq və təhriflərlə üzləşməli olduq. Məhz onda adi həyatımızın özündə necə böyük dəyərlər olduğunu anladıq. Anladıq ki, minillərin süzgəcindən keçib gələn bu dəyərləri davam etdirmək imkanının özü nə qədər böyük bir nemət imiş insan üçün. Müharibə, adi çörəkpulu haqqında düşünməmək, balalarımızın işsiz qala biləcəyindən narahat olmamaq, üç-beş il sonraya ürəklə plan qurmaq, onlara inanmaq... Axı arzusuz, ümidsiz necə yaşamaq olar? Həyatımızdakı nizam dağılanda nəyisə arzulamaq da olmur. Bu isə dəhşətdir.

Ölkə çıxılmaz vəziyyətə düşmüşdü. Cəbhə bölgəsində kəndlər, rayonlar bir-birinin ardınca erməni işğalçılarına təslim edilirdi. Başı hakimiyyət davasına qarışmış vəzifə hərislərinin etinasızlığı üzündən erməni cəlladları Xocalıda dinc əhaliyə qarşı ötən əsrin ən dəhşətli soyqırımını törətdilər.

1992-ci ilin mayında sovet məkanında birinci olaraq Azərbaycanda hakimiyyət dəyişikliyi oldu. Qarabağ torpaqlarının taleyi məsələsinə görə adamlar hər şeyə göz yumurdular. Romantik dövr idi, əksəriyyət dəyişikliklərin parlaq nəticələr verəcəyinə sadəlövhcəsinə inanırdı. Amma əməldə nə oldu?

Onlar amansızcasına talanlara başladılar. Qarabağ torpaqlarını bayraq edib müəssisə-müəssisə gəzib "bolşevik” müsadirəsi aparırdılar. Bu, get-gedə görünməmiş miqyas alırdı. Bütün rəqiblərə, düşmənlərə, hətta dövlət qanunlarına qarşı bir silahdan - zorakılıqdan istifadə edilirdi. Hətta orduda da zor hərbi nizamnamədən yüksəkdə dayanırdı: terrora qədər.

Demokrat cildinə girənlər elə həddə çatmışdılar ki, öz aralarındakı problemləri də zorakılıqla həll etməyə çalışırdılar. Dövlət və qanun olan yerdə bu təbii ki, mümkün deyildi. Bunlar dövləti dağıdaraq həyata keçirilirdi. Beyinlər o qədər qızışmışdı ki, ölkə vətəndaş müharibəsi həddinə gəlib çatmışdı. Dövlət dağılırdı. Hakimiyyəti zordan ibarət sayanlar iki cəbhəyə bölünüb qarşı-qarşıya dayanmışdı. Onların başında kompromis anlayışı yox idi. Hər şey güc ilə həll olunmalı idi. Xalqın erməni işğalçılarına qarşı yaratdığı silahlı dəstələri də öz münasibətlərini həll etməyə cəlb edirdilər. Bir tərəf güc gələndə bu gücpərəstlər özlərini qarşı tərəfin terrorundan qorumaq üçün yeni bir qüvvəyə əl atırdılar. Bir sözlə, AXC-Müsavat cütlüyü ölkəni yeni fəlakətlərə sürükləyirdi.

Bir tərəfdən erməni təcavüzü davam edir, torpaqlarımız dalbadal işğal altına düşür, digər tərəfdən ölkənin həm cənubunda, həm də şimalında separatçılar baş qaldırırdılar. Azərbaycanı parçalamaqbir dövlət kimi tarix səhnəsindən silmək üçün şərait yetişirdi. 1993-cü ilin iyununda baş verən Gəncə hadisələri artıq ölkədə vətəndaş müharibəsinin başladığına işarə idi. Bu hadisələr AXC-Müsavat cütlüyünün bacarıqsızlığını, səriştəsizliyini ortaya qoymuşdu. Qardaş qanı axıdılarkən belə nəticələr çıxarılmadı, vətəndaş qarşıdurmasına yol verməmək üçün heç bir tədbir görülmədi. Cənub bölgəsində "Talış Muğan Respublikası” elan edən Əlikram Hümbətov, şimalda separatçılıq meyillərinin güclənməsi ilə müşayiət olunan vəziyyət daha da gərginləşməyə başladı.

Heç bir idarəetmə səriştəsi olmayan bir şəxs son dərəcə məsul, taleyüklü vəzifənin altına girmişdi. Onun zəifliyi, iradəsizliyi, qətiyyətsizliyi ölkənin milli maraqlarına zidd olan hər cür qərarların həyata keçməsinə, xarici dairələrin Azərbaycanı öz məqsədlərinə uyğun yönəltmələrinə, ölkədə hərc-mərcliyə şərait yaradırdı. Prezidentin məsuliyyətsiz bəyanatları, düşünülməmiş addımları Azərbaycanın qonşu ölkələrlə münasibətlərini korlamışdı. Respublikaya qarşı xarici təhdidlər güclənmişdi. Xilaskar bir qüvvənin hakimiyyətə gətirilməsi ideyası ortaya atılmasaydı, bunların bir hissəsi digərini qırmalı idi.

Bu xilaskar qüvvə müdrik Heydər Əliyev idi.

 

Fəlakətdən qurtuluş

 

Azərbaycan Prezidenti İlham Əliyev deyir: "Ölkəmizin müstəqilliyəqədərki dövründə də, müstəqillik dövründə də Heydər Əliyev daim xalqın yanında idixalqa xidmət etmək onun başlıca missiyası idi. 20 Yanvar faciəsindən sonra o, səsini ucaltdı, Moskvadakı daimi nümayəndəliyə gəlib, orada mətbuat konfransı keçirib, sovet rəhbərliyini, Kommunist Partiyasının rəhbərliyini ittiham etmişdir, bu qanlı faciəni pisləmişdir və bütün dünyaya bu həqiqəti çatdırmışdır. Çünki onun böyük nüfuzu var idionun dilindən səslənən sözlər, həqiqətlər dünyanın bütün yerlərində əks-səda vermişdi”.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan kimi dövləti bərpa etdi. 1995-ci ildə yeni Konstitusiya, dünya standartlarına uyğun yeni qanunlar qəbul olundu. Həyatımız dəyişdi.

Azərbaycanda yeni dəyərlər sistemininyeni ideyaların meydana çıxmasına stimul yaradıldı. Bu dəyərlər və ideyalar müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərini müəyyənləşdirən baxışlar sistemi kimi nəzərdən keçirilirdi. Ümummilli Lider uçurumun bir addımlığında dayanan millətin öz dövlətini yaşatmasını təmin etmək üçün milli dövlətçilik ideologiyasının ictimai şüurda stereotipləşməsinə nail oldu, bununla da cəmiyyəti ümumi bir məqsəd ətrafında birləşdirdi. Ulu Öndər ölkəni iflasdan, fəlakətdən qurtardı, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltdi. Bu qayıdış əsrlərin sınağından keçə-keçə min bir əziyyətlə məqsədinə doğru addımlayan bir millətin qayıdışına çevrildi və Azərbaycan müstəqillik tarixinin daha şərəfli, əzəmətli mərhələsinə qədəm qoydu. Ulu Öndərin müdrik fəaliyyəti ilə cəmiyyətdə özünəinam hissi bərpa edildi, sabitlik və firavanlığa ciddi təminat yaradıldı. Azərbaycanın sosial-iqtisadidiplomatik sahədə üzləşdiyi bir çox problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələdə mümkün oldu.

Ümummilli Liderin irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dövlətlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultdu. İctimai-siyasi sabitliyisosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirdi. Ulu Öndər özünəməxsus müdrikliklə bəyan etdi ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dil məsələsinə baxışda da müxtəlif ziddiyyətlər və fikir ayrılıqları meydana çıxmışdı. Bu, xüsusilə AXC-Müsavat hakimiyyəti dövründə özünü daha qabarıq şəkildə büruzə vermişdi. O zaman bəzi qüvvələr heç bir məntiqə, əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və onun "türk dili” adlandırılmasını təklif edirdilər. 1992-ci ilin dekabrında Milli Məclisdə dövlət dili haqqında qanuna baxılmış və Azərbaycanda dövlət dilinin "türk dili” olması barədə səs çoxluğu olmadan qərar qəbul edilmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən Ulu Öndərin təşəbbüsü və elmi ictimaiyyətin çoxsaylı xahişi nəzərə alınaraq dövlət dilinin necə adlandırılması ilə bağlı yenidən müzakirələrə başlanmış və müxtəlif təkliflər irəli sürülmüşdür. Həmin müzakirələrdə elm, təhsil ictimaiyyəti, ziyalıların böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması ideyasını dəstəkləmişdir. Müzakirələrin nəticəsi olaraq 1995-ci il Konstitusiyasında Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdı.

 

Gənclər bu tarixi bilməlidirlər

 

Bu tarixi tez-tez xatırlamaq və gənclərin təsəvvüründə canlandırmaq ona görə lazımdır ki, xarici antimilli dairələr və daxili antimilli ünsürlər tək onda deyil, hər zaman gəncləri özlərinə hədəf seçirlər. Öz məqsədlərinə çatmaqdan ötrü onların gücündən, enerjisindən çirkin məqsədlərlə istifadə etməyə cəhd göstərirlər. Bu niyyətlə məqsədli yalanlar dövriyyəyə buraxılır. Yalan ətrafında müzakirələr təşkil edilir. Yalanın real fakt kimi təqdimatı, gənclərin beyninin şər və böhtanlarla zəhərlənməsi üçün xüsusən sosial şəbəkələrdə min oyun çıxarırlar. Amma insanlıq tarixi boyu yalan həmişə həqiqət qarşısında gec-tez ifşa olunub, öz təsir gücünü itirib.

Bəziləri unudurlar ki, 1990-cı illərin əvvəllərində dağıdılmış dövlətin bugünkü səviyyəyə çatdırılması müddətində nə qədər çətin, müşkül problemlər həll olunmuşdurbu proses indi məqsədyönlü şəkildə və yüksək peşəkarlıqla davam etdirilir. Prezident İlham Əliyev bu məsələyə münasibət bildirərək demişdir: "Gənclər bu tarixi bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt gözükölgəli olmasın, heç vaxt başqasının iradəsindən asılı olmasın, heç vaxt başqa dövlətlər qarşısında baş əyməsin”.

Dövlətçilik mürəkkəb orqanizmdir. O daim təkmilləşməli, fəaliyyəti yeni istiqamətlərə yönəlməlidir. Biz bu prosesi hər gün, hər saat görür, duyuruq. Müstəqil dövlət kimi biz artıq lazımınca möhkəmlənmişik. Torpağımıza, milli sərvətimizə sahiblik etmək istəyən qüvvələr bizim yekdilmonolit olmağımıza heç də maraqlı deyillər. Dövlət təəssübkeşliyi, müstəqilliyimizin qorunması, xalqın rifah halının yaxşılaşması naminə mütləq bir xətt götürülməlidir. Küçələrə tökülüb təlatüm yaradanlara isə bu gün millət daha inam bəsləmir. Çünki gördüklərimizi, eşitdiklərimizi, baxışlarımızı, münasibət və mədəniyyətimizi, ağlımızı, əxlaqımızı müntəzəm, həm də çox ciddi təhlil edirlər. Bizim sərvətimiz, var-dövlətimiz özümüzə lazımınca yetər, əgər hər kəs Dövlət, Xalq və Vətən mənafeyi üçün çalışsa...

 

Gəncliyi ilə böyüyən Vətən

 

Ən böyük həqiqət bu gün getdikcə inkişaf edən, qüdrətlənən beynəlxalq aləmdə mövqeləri güclənən Azərbaycan dövlətidir, onun qazandığı tarixi nailiyyətlərdir. O dövlət ki gənclərin imkanlarından ölkənin, cəmiyyətin gələcəyi üçün faydalanmağa çalışır. Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin mahiyyəti budur!

Gənclərə öz imkanlarını reallaşdırmaq üçün hər cür şərait yaradılır. Onların təşəbbüsləri dəstəklənir. Azərbaycan gənclərinin cəmiyyət həyatında fəal iştirakı təmin edilir. Onlara etimad göstərilir, gənclər müxtəlif dövlət vəzifələrinə irəli çəkilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr gənclərimizin ictimai fəallığının artırılması baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Məhz bu layihələr sayəsində bu gün könüllülər hərəkatı ölkəmizdə xoş bir ənənəyə çevrilib. Gənclər həvəslə bu hərəkata qoşulurlar. Həm ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələrin reallaşdırılmasına töhfə verir, həm də qarşılıqlı ideya, təcrübə mübadiləsi mühitində bilik və bacarıqlar əldə edir, sosial çevrə formalaşdırır və karyera irəliləyişi yollarında daha inamla irəliləyə bilirlər.

Azərbaycan gəncliyi vətənpərvər gənclikdir. Onlar doğma torpağa, yurda olan sevgilərini, Azərbaycana bağlılıqlarını tarixin müxtəlif dönəmlərində canları-qanları, zəkaları ilə sübuta yetiriblər. Bu gün Azərbaycan gəncliyi qarşısında duran ən mühüm vəzifə dövlətin yaratdığı imkanlardan bəhrələnərək müasir dövrün bilik və bacarıqlarına yiyələnmək, savadlı, gözəl mütəxəssis olmaqdır. Azərbaycan Prezidentinin gənclərimizə ən əsas tövsiyəsi də budur. Çünki bilik, savad gənclərin, tələbələrin yaxşı, təminatlı gələcəyini müəyyən edən dəyərlərdir. Yalnız bu dəyərlərin gücü ilə gənclərimiz həm fərd, vətəndaş olaraq özlərinin, həm də ölkəmizin parlaq gələcəyini təmin edə bilərlər.

 

***

 

Gənclər tariximizi yaxşı öyrəndikcə görəcəklər ki, heç bir kənar, xarici qüvvələr bizim yaxşılığımızı istəməyib, istəmir və bundan sonra da istəməyəcək. Azərbaycanın inkişafı, yüksəlişi yalnız bizim, bu Vətəni sevən, onun firavanlığını arzulayan hər kəsin yerinə yetirməli olduğu missiyadır. Yalnız vətənpərvər, milli ruhda, ənənəvi dəyərlər işığında tərbiyə alan gənclər Azərbaycanı inamla irəli apara bilərlər və aparacaqlar.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2019.-13 dekabr.- S.1; 5.