Görkəmli torpaqşünas, təvazökar insan
Elm xadimləri
Torpağın dilini bilmək
asan deyil. Bunun üçün elmin dərinliklərinə yiyələnmək,
geçəni gündüzünə qataraq cild-cild kitablar
oxumaq, araşdırmalar aparmaq azdır. Torpağın
vurğunu olmaq gərəkdir. Görkəmli alim, Milli
Elmlər Akademiyasının müxbir üzvü, kənd təsərrüfatı
elmləri doktoru, professor Kazım Ələkbərov hər
zaman, ilk növbədə özünə qarşı tələbkar,
məsuliyyətli, peşəsinə sonsuz sevgi ilə
çalışmışdı, Azərbaycanda
torpaqşünaslıq elminin inkişafında böyük
xidmətlər göstərmişdi. Onun uzun
illik fəaliyyətində, elmi
yaradıcılığında qazandığı
uğurların ən böyük sirri də bu idi.
Kazım Əbdülmanaf
oğlu Ələkbərov 17 fevral 1909-cu ildə Bakı şəhərində
qulluqçu ailəsində doğulmuşdur. 1929-cu ildə Bakıda orta
məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun Kənd
təsərrüfatı fakültəsinə daxil olmuşdur.
Təhsilini 1931-1932-ci illərdə Tiflis şəhərində
Zaqafqaziya Yeni lifli bitkilər İnstitutunda davam etdirmiş,
aqronomluq ixtisasına yiyələnməşdir.
O, 1932-ci ildə "Zaqyenlitrest”də
əmək fəaliyyətinə başlamışdır.
1939-cu ildə SSRİ EA-nın Azərbaycan filialının
Torpaqşünaslıq bölməsində aspiranturaya daxil
olmuş, 1943-cü ildə Rusiya Federasiyasında İ.M.Qubkin adına Geologiya İnstitutunda "Stalin
adına Samur-Dəvəçi kanalının istiqaməti
boyu torpaq və süxurlar” mövzusunda namizədlik
dissertasiyası müdafiə edərək geologiya-mineralogiya
elmləri namizədi alimlik dərəcəsi
almışdır.
1934-cü ildə Kənd Təsərrüfatı
Nazirliyinin kolxoz kurslarında müəllim kimi fəaliyyət
göstərmiş,1934-1939-cu illərdə
Azərbaycan SSR Torpaq Xalq Komissarlığının
Kimyalaşma Stansiyasında elmi işçi vəzifəsində
çalışmışdır.
Azərbaycanın torpaq
örtüyünün tədqiq edilməsində Kazım
Ələkbərovun böyük xidmətləri olmuşdur. 1934-1950-ci illərdə
Ağdaş, Ağstafa, Bərdə, Quba, Abşeron, Yevlax,
Mingəçevir, Qəbələ, Şəki, Oğuz, Qax
rayonları və DQMV üzrə təşkil edilmiş torpaq
ekspedisiyalarının rəhbəri kimi aparılan elmi tədqiqatlarda
iştirak etmişdir. 1943-1950-ci illərdə Azərbaycan
ET Eroziya stansiyasında direktor vəzifəsində
çalışmışdır.
Kazım Ələkbərov
1950-ci ildə ET Eroziya Stansiyasının bazasında
yaradılan ET Eroziya bölməsinə direktor təyin
edilmiş və 1970-ci ilə qədər bu elm müəssisəsinin
rəhbəri olmuşdur. Ekspedisiyalarda
aparılan elmi tədqiqatların nəticələrini dərindən
təhlil edərək elmi cəhətdən əsaslandırmış,
Azərbaycan ərazisində gedən su və külək
eroziyası məsələləri, yaranma səbəbləri,
onlara qarşı mübarizə tədbirləri haqqında
hesabatlar, tövsiyə və məqalələr
yazmışdır.
Kazım Ələkbərov
Böyük Qafqaz, Kiçik Qafqaz və Lənkəran-Astara
zonasında gedən eroziya proseslərini dərindən öyrənmək
məqsədilə ərazidəki bütün dağ
torpaqlarında minlərlə torpaq kəsimi qoymuş, eroziya
proseslərinin ekologiya ünsürləri ilə sıx əlaqəsini
elmi dəlillərlə sübut etmişdir. Aparılan
çoxillik elmi tədqiqatların nəticəsi olaraq "Azərbaycanda
torpaq eroziyası və onunla mübarizə” (1961), "Zahita
poçv ot grozii” (1967) adlı monoqrafiyalarını
yazmışdır.
Azərbaycanda ölkə
torpaqlarının eroziya xəritəsi ilk dəfə
Kazım Ələkbərovun gərgin əməyi nəticəsində
ərsəyə gəlmişdir. Bu dəyərli
kartoqrafiya materialları sonrakı nəsil
torpaqşünasların yetişməsində və eroziya
elminin inkişafında böyük rol oynamışdır.
Onun həmmüəllifliyi ilə
"Azərbaycan SSR-in torpaqları” monoqrafiyası
yazılmış, 1:500.000 miqyasında "Azərbaycan SSR-in
torpaqları”, 1:1.000.000 miqyasında "SSRİ-nin torpaq
eroziyası”, 1:200.000 miqyasında "Azərbaycan SSR-in səthi
meyillilik, eroziya bazisinin dərinliyi, ərazinin qobu, yarğan və
quru çay dərələri ilə parçalanması” xəritələri
hazırlanmışdır. Alim Azərbaycanın
bir çox regionlarının və rayonlarının müxtəlif
miqyaslarda torpaq eroziyası xəritələrini də tərtib
etmişdir.
1960-cı ildə Şəki rayonu Kişçay
çayı hövzəsində eroziya və sel
axınlarının öyrənilməsi üçün Azərbaycan
SSR EA SOPS-a kompleks ekspedisiyanın rəhbəri kimi torpaq
eroziyasının öyrənilməsi və onunla mübarizə
üzrə təcrübə mübadiləsi məqsədilə
Bolqarıstan Xalq Respublikasına ezam edilmişdir. Eroziya və sel axınlarına qarşı
mübarizə üzrə Ümumittifaq müşavirəsinin
təşkili üzrə təşkilat komitəsinin sədri
seçilmişdir.
1945-1955-ci illər ərzində
görkəmli torpaqşünas alim, professor S.S.Sobolevin elmi məsləhətçiliyi
ilə apardığı elmi-tədqiqat işlərinin yekunu
kimi "Azərbaycan SSR-də torpaq eroziyası və onunla
mübarizə” mövzusunda doktorluq işini 1958-ci ildə
SSRİ EA-nın V.V.Dokuçayev adına
Torpaqşünaslıq İnstitutunda müdafiə etmiş, kənd
təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi
almışdır. Kazım Ələkbərov
azərbaycanlılar arasında torpaqşünaslıq
ixtisası üzrə ilk elmlər doktorudur. 1960-cı ildə bu ixtisas üzrə ona professor elmi
adı verilmişdir. Azərbaycanın
torpaqşünaslıq elminə verdiyi töhfələr nəzərə
alınaraq, 1968-ci ildə Azərbaycan SSR Elmlər
Akademiyasının müxbir üzvü seçilmişdir.
Əmək fəaliyyətini
1970-1974-cü illərdə KTN-nin ET Əkinçilik
İnstitutunun direktoru, 1974-1987-ci illərdə Azərbaycan SSR
EA-nın Coğrafiya İnstitutunun "Təbiəti
mühafizə və təbii ehtiyatlardan səmərəli
istifadə” şöbəsinin müdiri vəzifələrində
davam etdirmişdir. Kazım Ələkbərov
birinci çağırış Bakı şəhəri Nərimanov
rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.
Torpaqşünaslıq və aqrokimya üzrə
terminoloji lüğətin tərtib olunmasında iştirak
etmişdir. Azərbaycan SSR Kənd Təsərrüfatı
Nazirliyinin elmi-texniki Şurasının və Volqoqrad şəhərində
"Ölkənin bozqır və meşə-bozqır
rayonlarında müdafiəedici meşələrin
salınması” problemi üzrə koordinasiya Sovetinin,
Ümumittifaq Kənd Təsərrüfatı Elmlər
Akademiyasının Rəyasət Heyətində torpaqların
eroziyadan müdafiəsi problemləri üzrə
Şuranın, Moskva şəhəri Torpaq ehtiyatları
Dövlət İnstitutunun torpaqların eroziyadan mühafizəsi
üzrə Problem Şurasının, "Azərbaycanın təbii-iqtisadi
zonaları üzrə kənd təsərrüfatının
aparılması üzrə elmi-əsaslandırılmış
sistemin işlənilməsi” problemi üzrə Elmi
Şuranın üzvü seçilmişdir. Bundan əlavə,
Kazım Ələkbərov uzun illər Azərbaycan SSR Elmlər
Akademiyasının Coğrafiya İnstitutunun,
Torpaqşünaslıq və Aqrokimya institutlarının elmi
şuralarının üzvü, Elmi Tədqiqat Eroziya bölməsinin
elmi şurasının sədri olmuşdur.
O, "SSRİ-nin Dövlət torpaq
xəritəsinin”, "Azərbaycanın Dövlət torpaq xəritəsinin”,
"Azərbaycanın torpaq-eroziya xəritəsinin” müəlliflərindən
biri idi.
Kazım Ələkbərov
bir sıra mühüm beynəlxalq tədbirlərin
iştirakçısı olmuş, Azərbaycanda
torpaqların eroziyası sahəsində aparılmış
elmi-tədqiqatlar barədə sanballı məruzələrlə
çıxış etmişdir. 1961-1963-cü illərdə Moskva
şəhərində "Torpaqların su və külək
eroziyasına qarşı mübarizəsi üzrə əsas
qaydalar”ın tərtibi üzrə keçirilən
müşavirədə, Xarkov şəhərində SSRİ
torpaqşünaslarının II qurultayında, Daşkənd
şəhərində "SSRİ-də torpaqların dağ
eroziyası və sel axınlarına qarşı mübarizə”
üzrə müşavirədə, 1964-1967-ci illərdə
Bolqarıstan Xalq Respublikasında eroziyaya qarşı
mübarizə üzrə milli müşavirədə, Tartu
şəhərində SSRİ torpaqşünaslarının
III qurultayında, Batumi şəhərində torpaq
eroziyasına qarşı mübarizə üzrə beynəlxalq
müşavirədə, Kişinyov şəhərində
zonal müşavirədə, 1968-ci ildə Aşqabad şəhərində
"Orta Asiya və Qazaxıstanın səhra ərazilərinin
kompleks şəkildə öyrənilməsi və istifadə
olunması” mövzusunda ümumittifaq elmi konfransda məruzələrlə
çıxış etmişdir.
Genetik torpaqşünaslıq, torpaq
eroziyasının bütün sahələri, təbiəti
mühafizə problemləri, eroziyaya qarşı mübarizə
tədbirləri, torpaqların mühafizəsi, su
çatışmazlığı və ətraf mühitin
ekoloji tarazlığının pozulması şəraitində
kənd təsərrüfatı və meliorasıyanın
inkişafı problemləri, torpaqların eroziyadan və səhralaşmadan
qorunması, torpaqların münbitliyinin mühafizəsi,
qlobal iqlim dəyişmələri şəraitində torpaq və
su ehtiyatlarının qorunması və idarə olunması
istiqamətində tədqiqatların aparılması və bu
şəraitdə kənd təsərrüfatının
inkişafı məsələlərinin həlli professor
Kazım Ələkbərovun apardığı elmi-tədqiqatların
əsas istiqamətləri idi.
Onun elmi rəhbərliyi ilə
torpaqşünaslıq və torpaq eroziyası üzrə 25
namizədlik, elmi məsləhətçiliyi ilə isə
bir doktorluq dissertasiyası müdafiə edilmişdir. O, beş
doktorluq işinin məsləhətçisi, 100-ə yaxın
elmi əsərin, o cümlədən iki monoqrafiyanın, səkkiz
kitabın, iki kitabçanın, on xəritənin müəllifidir.
İyirmi bir elmi əsəri xaricdə çap
olunmuşdur.
Qayğıkeş insan olan
Kazım müəllimin mənim də elm sahəsinə gəlməyimdə
mühüm rolu olmuşdur. V.Lenin adına Azərbaycan
Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən
sonra akademik Həsən Əliyevin tövsiyəsi ilə ilk əmək
fəaliyyətimə professor Kazım Ələkbərovun
uzun müddət direktor işlədiyi ET Eroziya bölməsində
başladım. 1980-1985-ci illərdə Azərbaycan Respublikasının
1:200.000 miqyasında relyefin plastikası xəritəsini tərtib
edərkən Kazım müəllim mənə yaxından
kömək göstərdi. Xəritənin ərsəyə
gəlməsində onun əvəzolunmaz təkliflərinin
böyük rolu olmuşdur.
Təvazökar və
qayğıkeş insan kimi tanıdığımız
Kazım Ələkbərovun elmdəki xidmətləri Azərbaycan
dövləti tərəfindən yüksək qiymətləndirilərək
"Şərəf nişanı”, "Qırmızı əmək
bayrağı” ordenləri, "Rəşadətə görə”,
"Əmək veteranı” medalları ilə təltif
olunmuşdur.
İnsan ömrü sonsuz
deyil. Bu dünyada hərənin bir ömür payı var.
Ancaq, nə yaxşı ki, insan ömrünün dəyəri,
uzunluğu yalnız yaşanmış illərin sayı ilə
ölçülmür. Öz faydalı
işləri, xeyirxah əməlləri ilə yaddaşlara
köçənlər heç vaxt unudulmurlar. Kazım Ələkbərovun da keçdiyi mənalı
ömür yolu xatirələrdə yaşayır. Onun elmi fəaliyyəti bu gün də
çoxları üçün nümunə sayılır.
Qərib
MƏMMƏDOV,
AMEA-nın aqrar məsələlər
üzrə
müşaviri, akademik
Azərbaycan.- 2019.- 13 dekabr.- S.7.