Prezident İlham Əliyev: “Biz indi
Xəzərdə ən böyük donanmaya malikik”
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dekabrın 13-də "Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin
sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa
olunan ilk neft tankerinin istismara verilməsi və "Azərbaycan”
adlı gəmi-bərənin suya salınması mərasimində
iştirak edib.
AZƏRTAC xəbər verir ki,
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev
dövlətimizin başçısına tanker barədə
məlumat verdi.
Bildirildi ki, özünəməxsusluğu
ilə seçilən "Laçın” adlı ilk neft
tankeri Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında
yerli mütəxəssislər tərəfindən inşa
edilib.
Rauf Vəliyev:
Ümumiyyətlə,
Azərbaycan tarixində bu, bir ilkdir. Buna böyük ehtiyac var
idi. Özü də Azərbaycanda sıfırdan
inşa olunub.
Prezident İlham Əliyev:Bu, bir daha göstərir ki, nə qədər
düzgün qərar qəbul etmişik. Gəmiqayırma
zavodunun tikintisi doğrudan da böyük hadisədir. İndi bizə lazım olan bütün gəmilər
Azərbaycanda istehsal edilə bilər. Tarixdə
ilk dəfə, həm tanker, həm də ki, gəmi-bərə
tikilib.
Rauf Vəliyev: Cənab Prezident, tankerin
uzunluğu 141 metr, eni 16,9 metrdir. Gəminin ağırlığı 7875 tondur.
Prezident İlham
Əliyev: Bu
layihə burada işlənilib?
Rauf Vəliyev: Bəli, Volqa-Don MAX layihəsidir.
Volqa-Don çayından keçmək imkanı
olan və maksimum yükgötürmə qabiliyyətinə
malik tankerdir. Başqalarından fərqli
olaraq, 4-5 min tondan artıq yüklə ölçülərinə
görə bu kanaldan keçmək imkanına malikdir.
Prezident İlham
Əliyev:Volqa-Dondan adətən daha
kiçik gəmilər keçir. Bu da keçə
bilir?
Rauf Vəliyev:Bəli, maksimum 5600 ton yüklə
oradan keçmək imkanına malikdir.
Prezident İlham
Əliyev: Çox
yaxşı, bu tankerlərdən bizdə neçəsi
inşa edilib?
Rauf Vəliyev: Ümumiyyətlə, bizdə
20 tanker var. Sizin dəstəyinizlə
hazırda dördü sifariş olunub və inşa edilir.
Prezident İlham
Əliyev: Zavod
da işləyir. İş yerləri
açılıb. İndi zavodu
sifarişlərlə biz özümüz təmin edirik və
gəmilərin tikintisinin maliyyə yükünün əsas
hissəsini Xəzər Dəniz Gəmiçiliyi öz
üzərinə götürüb. Elədirmi?
Rauf Vəliyev: Bəli, 30 faizi dövlət
tərəfindən təmin olunur.
Prezident İlham
Əliyev: 30
faiz dövlət, 70 Gəmiçilik. Bu da onu
göstərir ki, Gəmiçilik indi gəlirlə işləyir
və əldə edilmiş gəlir kənara getmir, Azərbaycanda
qalır. Azərbaycanda tankerlər, bərələr
inşa edilir. Yəni, pul qalır ölkəmizdə.
Vaxt var idi ki, Xəzər Dəniz Gəmiçiliyi
dövlətdən dotasiya alırdı. Vergi
şəklində cəmi 1 milyon manat ödəyirdi. Amma sonra tədbirlər görüldü, o cümlədən
kadr islahatları aparıldı. İndi Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi gözəl standartlara
çatıbdır və beynəlxalq şirkət kimi fəaliyyət
göstərir.
Rauf Vəliyev: Çox sağ
olun, cənab Prezident, Sizin dəstəyinizlə.
Prezident İlham
Əliyev: Biz
indi Xəzərdə ən böyük donanmaya malikik, 200-dən
çox gəmimiz var və indi yeni gəmilər də
istismara verilir. Gəmilərin sayı artacaq.
Qeyd edək ki,
"Laçın” tankeri nəinki Xəzərdə neft və
neft məhsullarının daşınmasını, həmçinin
Volqa-Don və Volqa-Baltik kanalları ilə Xəzərdən
kənar hövzələrə də maye yüklərin
daşınmasını təmin edəcək. Yeni nəsil
tankerin inşası Azərbaycanın iqtisadi və sənaye
potensialının gücləndirilməsində mühüm
rol oynayan Bakı gəmiqayırma zavodunun növbəti
uğurudur. Hazırda zavodda "Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin
donanması üçün zəruri olan müxtəlif təyinatlı
gəmilərin inşası ilə bağlı
danışıqlar aparılır. Onların
arasında quru yük, konteyner daşıyan, kran,
yanğınsöndürən, yedək-təchizat, təchizat
və nəqliyyat gəmiləri vardır.
Prezident İlham Əliyev
"Laçın” tankerinin istismara verilməsini bildirən
düyməni basdı.
Prezident İlham
Əliyev: Zavodu
Azərbaycan özü sifarişlərlə təmin edəcək.
Ancaq çalışın, qonşu ölkələrə
də bu xidmətləri göstərə bilək ki, daha
çox pul qazanaq.
Rauf Vəliyev: İlk gəminin də
adını Siz qoydunuz, "Azərbaycan”.
Prezident İlham
Əliyev: Bəli,
adı da "Azərbaycan” olmalıdır. Bu
layihə harada hazırlanıb?
Rauf Vəliyev: Bu layihəni də Odessa Dəniz
Mühəndisliyi Bürosu hazırlayıb. Bizim
müəssisə onunla birgə işləyir. Bu, Xəzərdə ən çox avtomobil və TIR
götürən gəmi olacaq.
Prezident İlham
Əliyev: Bizdə
olan bərələrdən daha böyükdür?
Rauf Vəliyev: Bu, 56 vaqon
götürür, 50-də TIR götürəcək. Bunu çoxfunksiyalı etmişik. Yəni, vaqon və TIR-dan başqa, həm də 100 sərnişin.
Sonra Prezident İlham Əliyev
Bakı gəmiqayırma zavodunda inşa olunan ilk sərnişin,
avtomobil və dəmir yolu vaqonları daşıyan
"Ro-Pax” tipli "Azərbaycan” adlı gəmi-bərənin
suya salınması mərasimində iştirak etdi.
Məlumat verildi ki, gəmi-bərənin
gövdə hissəsinin inşası 100 faiz başa
çatıb.
Qalan tikinti və quraşdırma işləri gəmiqayırma
zavodunun yanalma körpüsündə davam etdiriləcək.
Nadir dizayna malik "Ro-Pax” tipli gəmi-bərə
yüksək texniki göstəricilərinə görə fərqlənir.
Prezident İlham Əliyev
"Azərbaycan” gəmi-bərəsinin suya
salınmasını bildirən düyəni basdı.
Hazırda Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi Xəzər dənizində yeganə
bərə operatorudur. Qurumun bərələri Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu üzrə yükdaşıma zəncirinin
mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və
Qərb sahillərindəki dəmir yollarını dəniz
üzərində birləşdirir, Azərbaycan ərazisindən
tranzit yüklərin daşınmasına, ölkənin əlverişli
coğrafi mövqeyi və tranzit potensialının
reallaşdırılmasına xidmət edir.
Prezident İlham Əliyev Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi və onun alyans tərəfdaşı
olan "Caspian Marine Services” tərəfindən alınan 5
platforma-təchizat gəmisinin istifadəyə verilməsi mərasimində
də iştirak etdi.
Məlumat verildi ki, "Xocalı”,
"Quba”, "Murovdağ”, "Savalan” və
"Şahdağ” adlarını daşıyan müasir
platforma-təchizat gəmiləri İtaliyanın bu sahədə
aparıcı gəmiqayırma zavodunda inşa edilib. Əsas təyinatı neft-qaz platformalarının təchizatı
olsa da, bu gəmilər seysmik və tədqiqat işləri,
sualtı əməliyyatlara dəstək, dəniz səthinin
neft və neft məhsullarından təmizlənməsi kimi əməliyyatları
da həyata keçirir.
Rauf Vəliyev: Cənab Prezident, son 20 ildə
öz tərəfdaşlarımızla bu tip 10 gəmi gətirmişik.
Amma onların hamısı bunun bir az
kiçik formasıdır.
Prezident İlham
Əliyev: Bu 5 gəmi
bizə kifayətdir?
Rauf Vəliyev: Hələ ki, bu günə
kifayətdir. Adətən bu tip gəmilər öncədən
uzunmüddətli kontraktlarla gətirilir. Sadəcə,
biz gələcək tələbatı və yaranmış vəziyyəti
nəzərə alaraq gətirdik və bu gün alınan gəmilərin
hamısı artıq kontraktdadır. Bunun 5-ni bu il gətirmişik, 4-nü isə keçən
il. İkisini isə ondan əvvəl. İki ilə gətirdiyimiz bu 11 gəminin
hamısı kontraktdadır.
Prezident İlham
Əliyev: Boş
dayanan gəmi yoxdur?
Rauf Vəliyev: Xeyr, yoxdur.
Prezident İlham Əliyev
"Xocalı”, "Quba”, "Murovdağ”, "Savalan” və
"Şahdağ” platforma-təchizat gəmilərinin istifadəyə
verilməsini bildirən düyməni basdı.
Rauf Vəliyev: Bayaq Sizə məruzə
etdiyim kimi, bu gəmilərdən təchizatla yanaşı, həm
də yanğından mühafizə işlərində istifadə
olunur. "Xocalı” və "Quba” gəmiləri
Xəzərdə bu tipli gəmilərin ən böyükləridir.
Prezident İlham
Əliyev: Bunlar
digər gəmilərdən fərqlənir?
Rauf Vəliyev: Bəli, bu gəmilər həcmcə
daha böyükdür. Şükürlər
olsun, gəmilərin 5-i də gəldi, 5-i də
kontraktdadır.
Prezident İlham
Əliyev: Çox
yaxşı. Heyət də formalaşıb?
Rauf Vəliyev: Bəli, heyət də 100
faiz azərbaycanlılardan formalaşıb. Ən
önəmlisi odur ki, adətən neft-qaz layihələrini
yerinə yetirmək üçün operator olan xarici şirkətlərlə
uzunmüddətli kontraktlar bağlanırdı. Bu gəmilər
bəzən 1 il müddətinə
sifariş olunurdu, lakin altı aydan sonra növbəti kontrakt
imzalamaq lazım gəlirdi, beləliklə, qalan 6 ayın pulu
xarici şirkətlərə ödənilirdi. Bizim
isə Dövlət Neft Şirkəti, BP, Total ilə
danışıqlarımız belə oldu ki, onlar bizə
öz proqnozlarını verirlər. Biz
çalışırıq ki, verilən proqnoz əsasında
burada gələcək layihələr üçün tələb
oluna biləcək sayda gəmi saxlayaq. Onlar
yalnız lazım olan dövrün pulunu ödəyirlər.
Prezident İlham
Əliyev: Çox
yaxşı, əlbəttə, bu, daha məntiqlidir.
Rauf Vəliyev: Bəli, çox sağ
olun.
Qeyd edək ki, sərt hava şəraitində
dənizdəki platformalara yan almadan yükləmə-boşaltma
əməliyyatını təhlükəsiz şəraitdə
yerinə yetirməyə imkan verən DP-2 sisteminə, eləcə
də dəniz obyektlərində yanğın zamanı hadisəyə
ilkin müdaxilə etməyə şərait yaradan FiFi-1 təsnifat
dərəcəsinə malik bu yeni gəmilər Xəzərdə
neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən
şirkətlərə xidmət göstərəcək.
Bu gün istismara verilən gəmilər
Xəzərdə aparıcı mövqeyimizin qorunub
saxlanılmasında, xarici sularda fəaliyyətin genişləndirilməsi
ilə bir bazardan asılılığın aradan
qaldırılmasında, Azərbaycan ərazisindən artan
tranzit yüklərin daşınmasında, dənizdə
neft-qaz layihələrinin uğurla icrasında mühüm əhəmiyyət
kəsb edir.
Həmçinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin
donanmasında gəmilərin sayının artması dənizçilər
üçün yeni iş yerlərinin açılması
baxımından da önəmlidir.
***
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-
2019.-14 dekabr.- S.1-2.