Prezident Vladimir Zelenski
GUAM-ın üzvü olan
ölkələrin nümayəndələri ilə görüşüb
Ukrayna Prezidenti Vladimir Zelenski 2019-cu ildə Demokratiya və İnkişaf uğrunda Təşkilatda – GUAM-da Ukraynanın sədrliyinin başa çatması ilə əlaqədar Gürcüstanın Baş Naziri Georgi Qaxariya, Moldova Respublikasının Baş Naziri İon Kiku və Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov ilə görüşüb.
AZƏRTAC Ukrayna Prezidenti ofisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezident Vladimir Zelenski Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın GUAM çərçivəsində əməkdaşlığının fəallaşmasını və hər il hökumət başçıları səviyyəsində iclas keçirilməsini alqışlayıb.
Vladimir Zelenski görüşdə çıxış edərək deyib: “Ukrayna, Azərbaycan, Gürcüstan və Moldova həm ortaq tarixlə, həm də gələcəyimizin inkişafına ümumi baxışla bağlıdır. Bizi regionda təhlükəsizlik və sabitlik, iqtisadi yüksəliş, investisiyaların artırılması, infrastrukturun inkişafı və vətəndaşlarımız arasında mədəni mübadilə səyləri birləşdirir”.
Ukrayna Prezidenti qeyd edib ki, çoxtərəfli dialoqun böyük potensialı var.
Görüş iştirakçıları Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı dəstəklənməsi siyasətinin dəyişməzliyini təsdiq ediblər.
Tərəflər bir sıra müştərək iqtisadi və infrastruktur layihələrini də müzakirə ediblər. Perspektivli, o cümlədən multimodal daşımaların həyata keçirilməsi üçün nəqliyyat marşrutları yaradılmasının vacibliyi vurğulanıb.
Prezident Vladimir Zelenski GUAM-ın üzvü olan ölkələrin vətəndaşları tərəfindən sərhədlərin keçilməsi prosedurlarının, o cümlədən ID-kartları formatında daxili pasportlardan istifadə olunmaqla sadələşdirilməsi prosesinin davam etdirilməsi təklifini də irəli sürüb.
GUAM
iştirakçıları Təşkilatın
potensialının artırılması, qurumun
populyarlaşdırılması və daxili
kommunikasiyasının yaxşılaşdırılması üçün konkret
addımlar atılmasının zəruriliyi barədə
razılığa gəliblər.
Azərbaycan.-
2019.-14 dekabr.- S.3.