Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı
möhkəmləndirir
Dekabrın 13-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti ilə Meksika Xarici İşlər Nazirliyini təmsil edən Matias Romero İnstitutu arasında akademik-diplomatik əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, məqsədi əməkdaşlığa təkan vermək olan sənəd diplomatların formalaşdırılması üçün baza kimi çıxış edərək bununla da hər iki dövlət arasında əlaqələri daha da gücləndirəcək. Eyni zamanda, memorandum digər fəaliyyətlərlə yanaşı, hər iki ölkənin təklif etdiyi mədəni və akademik proqramlarda gənc diplomatların iştirakını, akademik-diplomatik təhsil üzrə məlumat və təcrübə mübadiləsini, bir ölkənin nümayəndələrinin digər ölkəyə səfərlər çərçivəsində qarşılıqlı maraq doğuran mövzulara dair konfransların təşkilini, akademik-diplomatik formalaşma sahəsində birgə proqramların hazırlanmasını, diplomatiya, xarici siyasət, beynəlxalq münasibətlər və əlaqəli mövzulara dair xüsusi nəşrlərin mübadiləsini asanlaşdıracaq.
Sənədi ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini imzalayıblar.
Fariz İsmayılzadə və
Rodriqo Labardini bu memorandumun diplomat nəsillərinin
formalaşdırılması, həmçinin akademik
və mədəni əməkdaşlığın
inkişafı vasitəsilə hər iki
ölkə arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsinə
töhfə verəcəyini və hər iki
dövlətin xarici siyasətini daha çox
tanımağa imkan yaradacağını
söyləyiblər.
Azərbaycan.-
2019.-14 dekabr.- S.5.