Dövlət hər zaman vətəndaşının
yanındadır
İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd və vəzifələrdən biri qazanılan sosial-iqtisadi uğurların daha da sürətləndirilməsi və miqyasının genişlənməsidir. Bu sahədə prioritetlərdən biri də regionların davamlı yüksəlişidir. Təsadüfi deyil ki, indi hansı rayona, hətta ucqar kəndlərə belə baş çəksən, quruculuq işlərinin şahidi olarsan. Bu günlərdə Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri göstərdi ki, regionları əhatə edən inkişaf prosesləri, abadlıq və quruculuq işləri davamlı və sistemlidır.
Bir ildə 4 səfər
Ölkənin bütün rayonları kimi, Şamaxıda da son illərdə möhtəşəm iqtisadi, sosial və infrastruktur layihələri həyata keçirilib. Regionların sosial iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bu rayonun da yüksəlişi təmin edilib.
Belə ki, dövlət proqramlarının icrası nəticəsində Şamaxıda bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Müalicə-Diaqnostika Mərkəzi, şəhər İncəsənət Təhsil Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 48 mənzilli 3 yaşayış binası inşa edilib, Olimpiya Mərkəzi, rayon Mərkəzi Xəstəxanası, Cümə Məscidi, Nəsirəddin Tusi adına Astrofizika Rəsədxanası, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq-Gənclər Şahmat Məktəbi, rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, 44 ümumtəhsil müəssisəsi istifadəyə verilib. Şəhərin içməli su təchizatı sistemi yenidən qurulub, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, iri istehsal müəssisələri yaradılıb, on minlərlə yeni iş yeri açılıb. Bundan başqa, turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilib, ən müasir tələblərə cavab verən turizm mərkəzləri yaradılıb, Dəmirçi kəndində müasir turizm infrastrukturu, Arxeologiya Muzeyi, 620 hektar sahədə Şamaxı Safari Parkı yaradılıb. İsmayıllının Lahıc qəsəbəsini Şamaxı rayonu ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun istifadəyə verilməsi isə bölgənin turizm imkanlarını daha da gücləndirib.
Bu, dövlət başçısının il ərzində Şamaxıya sayca üçüncü səfəri idi. Məlum olduğu kimi, bu il fevralın 5-də və 6-da baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunda fərdi evlər qəzalı vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilmiş, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilmişdir.
Fevralın 7-də Prezident İlham Əliyev zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Dövlət başçısı elə yerindəcə əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Şamaxı şəhərində sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dövlətin zəlzələnin nəticələrinin aradan qaldırılmasını öz üzərinə götürdüyünü və bütün qəzalı evlərin qısa müddət ərzində ya bərpa ediləcəyini, ya da yenidən tikiləcəyini bildirmişdi.
Martın 7-də Şamaxıya səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni inşa edilmiş evlərlə, o cümlədən Saray nənənin evi ilə tanış oldular, sakinlərlə söhbət etdilər. Bu ilin sentyabrında isə Birinci vitse-prezident Mehriban Əliyeva zəlzələ baş verən rayonlara, o cümlədən Şamaxıya səfər etmişdi. Səfərin məqsədi ilk növbədə ötən müddətdə zəlzələ bölgəsində görülmüş işlərlə tanışlıq idi.
Bütövlükdə bu səfərlərin hər biri çox xoş və mühüm təəssüratlarla əlamətdar oldu. Ən əsası isə odur ki, bu səfərlərin hər biri regionların inkişafının, xüsusən zəlzələnin nəticələrinin aradan qaldırılmasının ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində olduğunu göstərdi.
Bütün regionlar
ölkə rəhbərliyinin diqqət və
qayğısı ilə əhatə olunub
Prezident İlham Əliyevin Şamaxı rayonuna dekabrın 5-6-da etdiyi səfər bir daha göstərdi ki, regionların infrastrukturunun müasir standartlara uyğun qurulması, rayonların iqtisadi potensialından səmərəli istifadə edilməsi və turizmin inkişafı dövlət siyasətinin prioritetlərindən biridir. Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 101-117-ci kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışı təsdiq edir ki, ölkənin yol-nəqliyyat infrastrukturunda aparılan işlər davamlı xarakter daşıyır.
Dövlət başçısının Şamaxıda açılışında iştirak etdiyi "ASAN Həyat” kompleksi isə Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşa xidmət göstərəcək. Bu mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək.
Təbii ki, Prezidentin Şamaxı səfərində əsas məqsədlərindən biri zəlzələ bölgəsində görülən işlərlə tanış olmaq idi. Budəfəki səfər zamanı dövlət başçısı zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış oldu. Şamaxı sakini Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanan Prezident Azərbaycan dövlətinin hər zaman vətəndaşının yanında olduğunu bəyan etdi: "Mən bu il üçüncü dəfədir ki, Şamaxıdayam. Birinci dəfə o bədbəxt hadisə ilə əlaqədar gəlmişdim, fevral ayında, zəlzələ baş verəndən sonra. Müvafiq təlimatlar verildi. Bütün qüvvələr səfərbər olundu. İkinci dəfə mart ayında gəlmişdim. Artıq birinci evlərin tikintisini də qeyd etdik. Göstəriş verdim ki, maksimum çalışmalıyıq ilin sonuna qədər bütün evlər tikilsin. Şadam ki, buna nail olmuşuq. Bu da əslində misli görünməmiş məsələdir. Çünki 10 ay ərzində bütün fərdi evlər tikildi, təmir olundu. İndi düzdür, bəzilərinin tikintisi davam edir. Hündürmərtəbəli, 174 mənzilli üç bina, o cümlədən bu bina. Təkcə Şamaxı rayonunda yox, Ağsuda, İsmayıllıda da böyük işlər görülübdür. Bütün bunları biz dövlətin vəsaiti hesabına etdik. Bir daha göstərdik ki, Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır”.
Zəlzələdən sonra təkcə Şamaxı rayonu üzrə 580 fərdi ev, 44, 20 və 110 mənzildən ibarət hündürmərtəbəli üç bina tikilib. 1175 evdə isə bərpa işləri aparılıb ki, onların da hamısı yenidən tikilmiş evlərə bərabərdir.
Xatırladaq ki, zəlzələnin fəsadlarının aradan qaldırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Fondun "Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, zəlzələdən dərhal sonra təbii fəlakətdən zərərçəkən ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar. Dövlət xətti ilə görülən işlərdən başqa Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxı, eləcə də, İsmayıllı və Ağsu rayonlarında sakinlər üçün fərdi evlər tikilib.
Dekabrın 6-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar. Bu türbənin ətrafında görülən bərpa işləri ölkə rəhbərliyinin milli-mənəvi dəyərlərə, tarixi abidələrə yüksək ehtiramının növbəti göstəricisidir.
İlham Əliyevin Şamaxıya növbəti səfəri xoş və mühüm təəssüratlarla əlamətdar oldu. Dekabrın 6-da Mehriban Əliyevanın təşəbbüsü ilə Şamaxıda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə kampaniyasının başlanması isə ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Bütövlükdə Şamaxının timsalında vətəndaşlar bir daha bütün regionların ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu gördülər.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.- 15 dekabr.- S.1-2.