İnsani dəyərlərə sadiqlik

 

Prezident İlham Əliyevin həyata keçirdiyi demokratikləşmə prosesi hüquqi, siyasi, iqtisadisosial olmaqla həyatın bütün sferalarını əhatə edir

 

Demokratik proseslərin və milli inkişafın ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi hər bir dövlətin ali vəzifəsidir. İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə layiqli həyat səviyyəsinin təmin olunması bir-birindən ayrılmaz, qarşılıqlı asılılıqda olan anlayışlardır.

Mütərəqqi hüquqi islahatların həyata keçirildiyi ölkələrdə iqtisadisosial rifahın daha yüksək səviyyədə təmin olunması əksər dövlətlərin təcrübəsində öz təsdiqini tapıb.

 

Dövlətin ali məqsədi

 

İnsan hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin də ali məqsədidir. Dövlət heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquqlarının qorunmasına təminat verir və insanların ictimai həyatda fəal iştirak etməsi üçün əlverişli şərait yaradır.

Hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səy göstərir. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, hüquqi, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoyaraq hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan verdi.

Mühüm normativ hüquqi aktlar və dövlət proqramları qəbul edilib, insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirildi.

1998-ci ildə Ulu Öndər tərəfindən imzalanan "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin edib.

 

Şərqdə ölüm cəzasını ləğv edən ilk ölkə

 

Azərbaycan Şərqdə ilk dəfə ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşüb. Yüksək humanizmin və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb.

Dahi liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilib. İnsan hüquqlarının qorunmasını və bu sahədə görülən tədbirlərin genişləndirilməsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq olunması haqqında” 2006-cı il 28 dekabr tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ölkəmizdə insan hüquq və azadlıqlarının davamlı inkişafına zəmin yaradıb.

Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. 2011-ci ildə təsdiq edilən Milli Fəaliyyət Proqramı ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini daha da artırıb.

2011-ci ildə isə Prezidentin imzaladığı sərəncamla ölkədə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Milli Fəaliyyət Proqramı hazırlanıb. İnsan hüquqları aylığı çərçivəsində bu proqramın müddəalarına əsaslanmaqla ölkəmizin bütün regionlarında dövlət qurumları, QHT və KİV, beynəlxalq təşkilatlar, icmalar tərəfindən insan hüquqlarının effektiv müdafiəsinə yeni mərhələ açan, əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunub.

 

Hər kəsə örnək olacaq vətəndaş məsuliyyəti

 

Ölkəmizdə dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstisnasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir.

Prezident İlham Əliyevin alimühüm demokratik keyfiyyətlərindən biri də məhz onun idarəçilikdə daim sosial ədalət, düzgünlükhumanist prinsiplərə istinad etməsidir. Yüksək daxili demokratizmi, hər kəsə örnək olacaq vətəndaşlıq məsuliyyəti ilə yeni mərhələdə insani dəyər və azadlıqlara sadiqlik nümayiş etdirən cənab İlham Əliyev Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirir.

Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündəki nitqində cənab İlham Əliyev bu məsələyə toxunaraq vurğulamışdır ki, Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri var: "Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququ verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur”.

Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində bir çox beynəlxalq sənədə tərəfdar çıxıb və bu sahədə öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib.

Təbii ki, görülən işlər və aparılan islahatlar, idarəetmənin təkmilləşməsi insanların öz hüquqlarını həyata keçirməsi üçün böyük imkanlar yaradır. Bu səbəbdən Azərbaycana beynəlxalq aləmin marağı daha da artır və ölkəmiz bir sıra beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması istiqamətində işlər davam etdirilir. Odur ki, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.

 

Humanizmə sadiqlik ənənəsi

 

Konstitusiyamızın ana xətti və mahiyyəti beynəlxalq normalara, əsas insan hüquq və azadlıqlarına uyğundur. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edirPrezident İlham Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu uğurla həyata keçirilir. Azərbaycan insan hüquq və əsas azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçib. 2002-ci, 2009-cu və 2016-cı illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklər edilməsi mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının daha səmərəli qorunmasına, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlib.

Qeyd edək ki, Azərbaycan Konstitusiyası dünyada ən mütərəqqi, insan hüquq və azadlıqlarına hörmət edən və onu təmin edən konstitusiyalardan biridir. Bu sənəddə 47-yə yaxın maddə insan hüquq və vətəndaş azadlıqlarının təminatına həsr olunub.

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra ölkəmizdə insanlıq və humanizm prinsiplərinə xidmət edən xeyirxah əməllərin çox şahidi olmuşuq. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizmə sadiqlik ənənəsi bu gündavam etdirilir. Prezident İlham Əliyev demək olar ki, ildə bir neçə dəfə "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamlar imzalayır. Dövlət başçısının humanizm prinsiplərinə əsaslanaraq imzaladığı əfv sərəncamları insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik prinsiplərin inkişafı, insan amilinə diqqətin yüksəldilməsi ideyasının dövlət siyasətində prioritet təşkil etdiyinin sübutudur.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan və böyük mənəvi-əxlaqi, siyasi məzmun daşıyan 11 amnistiya aktı, imzalanan 65 əfv sərəncamı ilə minlərlə insana bəxş edilən azadlıq həm Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, həm də beynəlxalq səviyyədə təqdir olunur.

Bir sözlə, Azərbaycan həm insan hüquqlarının yüksək səviyyədə qorunduğu, həm də milli-mənəvi dəyərlərə böyük önəm verildiyi unikal ölkələrdəndir. Dövlət haqq və ədalət, tolerantlıq prinsiplərinə söykənərək ölkəmizdə insan hüquqlarının təmin olunması istiqamətində davamlı olaraq strateji sənədlər qəbul edir. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait ölkədə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu təsdiqləyir.

Kimliyindən, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın dərd-səri, qayğıları, problemləri Prezident İlham Əliyevin diqqətində və nəzarətindədir. Vətəndaşlarla səmimi görüşlər keçirməsi, onların problemlərini dinləməsi və həll olunması üçün müvafiq göstərişlər verməsi, bağışlamaq böyüklüyü cənab İlham Əliyevin ölkə rəhbəri kimi hər zaman vətəndaşının yanında olduğunu, siyasətinin mərkəzində vətəndaşın dayandığını təsdiq edir. Bütün bunlar deməyə əsas verir ki, daim vətəndaşla birgə olmaq cənab İlham Əliyevin həyat amalına çevrilib.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 15 dekabr.- S.1-2.