“Study UK Alumni
Awards 2019”un qaliblərinin
adları açıqlanıb
Britaniya Şurası
(British Council) və Böyük
Britaniyanın Azərbaycandakı
səfirliyi “Study UK Alumni Awards 2019”un qaliblərinin adlarını açıqlayıb.
AZƏRTAC xəbər
verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Qaliblər üç
nominasiya (Peşəkar
nailiyyət; Sahibkarlıq
mükafatı; Sosial təsir mükafatı) üzrə iş adamı, sahibkar və ictimai xadim kimi əldə
etdikləri mühüm
nailiyyətlər, eləcə
də Böyük Britaniya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın gücləndirilməsinə verdikləri
mühüm töhfələr
nəzərə alınmaqla
"şort-list"ə düşən
10 namizəd arasından
seçilib.
Britaniyanın Azərbaycandakı səfiri
Ceyms Şarp tədbirdə çıxış
edərək deyib ki, “Study UK” məzun mükafatlarının finalçılarını
seçmək çox
çətin idi. “Azərbaycanda Böyük
Britaniyada təhsil almış və əldə etdikləri bilik və bacarıqlardan
ölkələrinin inkişafını
dəstəkləmək üçün
istifadə edən bir çox istedadlı insan var. Onların hamısını
alqışlayır və
hər birinə böyük uğurlar arzulayıram”, - deyə o qeyd edib.
"British Council" təşkilatının
Azərbaycan üzrə
direktoru Samr Şah çıxışında
bildirib ki, bu ilin finalçıları
yalnız Britaniya məzunlarının müxtəlifliyinin
və onların göstərdikləri səylərin
deyil, həm də Birləşmiş Krallığın təhsil
sisteminin dünyanı
dəyişən gücünün
dəlilidir.
Təhsil naziri Ceyhun Bayramov
bildirib ki, azərbaycanlı tələbələrin
dünyanın ən yüksək səviyyəli
təhsil müəssisələrində
təhsil almaları qürurvericidir. Bu, Böyük
Britaniya və Azərbaycan arasında əlaqələrin daha da inkişafına töhfə verir. Bu gün Azərbaycanda
təhsilə böyük
dövlət qayğısı
var. Bu qayğıdan yararlanan
gənclərimiz gələcəkdə
ölkəmizin daha da inkişafına öz töhfələrini
verəcəklər.
Dövlət İmtahan
Mərkəzinin Direktorlar
Şurasının sədri
Məleykə Abbaszadə
gənclərimizin dünyanın
ən qabaqcıl ölkələrinin ali təhsil müəssisələrində təhsil almalarının
sevindirici olduğunu deyib.
BP-nin Azərbaycan, Gürcüstan
və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qalibləri təbrik edib, gələcək fəaliyyətlərində
onlara uğurlar arzulayıb.
Bu nüfuzlu beynəlxalq mükafat Britaniyanın ali
təhsil imkanlarını
və ölkənin bütün dünyadakı
məzunlarının nailiyyətlərini
qeyd etmək üçün nəzərdə
tutulub. Təqdim edildiyi beşinci ildə bu mükafatı
əldə etmək üçün 100-dən çox
ölkədən olan
və Birləşmiş
Krallığın 120-dən artıq ali
təhsil müəssisəsini
təmsil edən
1200-dən çox Britaniya
məzununun ərizəsi
daxil olub.
"Study UK Alumni Awards"un hər kateqoriya üzrə qalibi 3000 funt sterlinq (6700 manat) məbləğində mükafat
əldə edəcək.
Onlar bu vəsaiti
öz seçimləri əsasında
peşəkar inkişaf imkanlarına sərf
edəcəklər.
Azərbaycan.-
2019.- 15 dekabr.- S.3.