Vətəndaş cəmiyyəti və hüquqi
dövlət quruculuğunda yerli özünüidarəetmə
orqanlarının rolu
23 dekabr bələdiyyə seçkiləri
günüdür
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bugünümüzə qədər keçən illər ərzində ölkəmizin böyük inkişaf yolu keçməsi dünya miqyasında qəbul olunan reallıqdır. 28 ildə qüdrətli ölkəyə çevrilən, dünyada öz mövqeyini cəsarətlə bildirən, hüquqi dövlət quran Azərbaycan hər bir vətəndaşın qarantına çevrilmişdir.
Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol bir daha göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət formalaşdırmaq mümkündür. Cəmiyyətdə hüquqların təminatçısı dövlətdir. Dövlət bu hüquqları təmin etməklə özünün həm də qoruduğu əsas dəyərləri göstərir. Azərbaycan da hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçdiyindən insan və vətəndaş hüquqları və azadlıqlarını təmin edir. Respublikamızın inkişaf tarixinə bir daha nəzər salsaq görərik ki, XX əsrin 70-ci illərindən ölkədə yüksələn sürətlə inkişaf edən sosial, iqtisadi, təhsil və mədəni quruculuq işləri başlamışdı. Dövlət müstəqilliyinin bərpa edilməsindən keçən qısa bir dövrdə vətəndaş cəmiyyəti, hüquqi dövlət və demokratik siyasi quruluşun bərqərar olması üçün bir sıra vacib tədbirlər həyata keçirilmişdir. Mühüm sənədlər qəbul edilmiş, öhdəliklərə imza atılmışdır. Əgər biz tarixi zaman ardıcıllığını özündə daşıyan sistemli inkişafın insan hüquqlarının əhatəli formada təmin olunmasına xidmət etməsini nəzərə alsaq, onda belə qənaətə gələ bilərik ki, müstəqil ölkəmizdə insan hüquqlarının inkişaf tarixi iki mərhələni - 1993-2003 və 2003-cü ildən sonrakı dövrləri əhatə edir. Bu iki mərhələni eyni məzmun və istiqamətdə məhz insan hüquqları üzrə normativ-hüquqi bazanın yaradılması tamamlamışdır.
Müasir dövrün ən çox işlədilən sözlərindən biri də "vətəndaş cəmiyyəti” ifadəsidir. Bu ifadənin hər hansı ölkə daxilində işlədilməsinin səviyyəsi dövlət hakimiyyətinin formasını müəyyən etmək üçün təsəvvürlər sistemi yaradır. Vətəndaş cəmiyyəti quruculuğundan söhbət gedirsə, demək demokratik dəyərlərin mövcudluğundan danışılır. İnkişaf nəticəsində əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət anlaşılır ki, bu da tərəqqidə daha yüksək pillədir.
Vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada əsas yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Humanizm prinsiplərinə, qanunlara və əxlaqa hörmət edilir.
İnsan hüquqları ideyası öz kökü etibarilə qədimlərə, antik dövrlərə gedib çıxsa da, bu ideyanın müasir fəlsəfi-siyasi əsasları XVII-XVIII əsrlərdə böyük maarifçilik dövründə formalaşmışdır. XVIII-XIX əsrlərdən başlayaraq "vətəndaş cəmiyyəti” anlayışı insanların digər birlik formalarından ayrıca öyrənilməyə başlanıb. Məlum olduğu kimi, bu cəmiyyətin gerçəkləşməsi üç tarixi mərhələdən keçib: XVI-XVII əsrləri əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyətinin siyasi, iqtisadi və ideoloji zəmini formalaşıb. XVIII-XIX əsrləri əhatə edən ikinci mərhələdə vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və liberal demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində inkişaf edib. Vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini əhatə edir. Bu dövrdə isə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrilib. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı və çoxpartiyalı sistem formalaşıb. Azərbaycanda da cəmiyyəti narahat edən problemləri aradan qaldırmaq, ictimai maraqları uzlaşdırmaq, mənəvi tələbatları ödəmək məqsədilə vətəndaşların müxtəlif ictimai birliklər yaratmaq ənənəsi tarixən mövcud olub. Ancaq etiraf edilməlidir ki, tarixin müxtəlif mərhələlərində hələ vətəndaş cəmiyyəti kimi tam formalaşmamış ictimai birliklər müxtəlif siyasi qüvvələrin təsiri altına asanlıqla düşə biliblər. Əksər vətəndaş cəmiyyətlərinin şəxsi maraqlara üstünlük vermələri onları ictimai-siyasi proseslərdən kənar qoymuş, yaxud barələrində xoşagəlməz fikirlər yaratmışdı.
Burada tarixə bir ekskurs etmək
yerinə düşər. Bizə elə gəlməsin
ki, yerli özünüidarə orqanları - bələdiyyələr
XX əsrin sonlarında formalaşmışdı. Bu təcrübə hələ XIX əsrdən, Azərbaycanın
çar Rusiyasının tərkibində olduğu illərdən
mövcud olmuşdur. Rusiyada təhkimçilik
islahatından sonra Cənubi Qafqazı kəndli hərəkatı
bürümüşdü. Çar
hökuməti vətəndaş cəmiyyəti, hüquqi
dövlət yaratmaq naminə yox, öz idarə sistemini tənzimləmək
və başlanan hərəkatı yatırmaq xatirinə
1870-ci illərdə obyektiv olaraq Azərbaycanda da bir sıra
islahatlar, o cümlədən şəhər islahatı da
keçirmişdi. Belə ki, 1870-ci il
iyulun 11-də çar şəhərlər haqqında yeni
"Əsasnamə”nin layihəsini təsdiq etmişdi. "Əsasnamə”yə görə şəhər
dumaları silksiz əvəz olunurdu. Duma üzvləri -
bələdiyyə üzvləri isə əmlak senzi əsasında
dörd il müddətində
seçilirdi. Duma (bələdiyyə)
seçkilərində vergi verən əhalinin hamısı
iştirak edə bilərdi. Şəhərdə
vergiləri verməyən fəhlələr, qulluqçular,
ziyalılar bələdiyyə üzvləri seçkilərində
iştirak edə bilməzdi. Şəhər
özünüidarəsinin başlıca vəzifəsi isə
təsərrüfat məsələləri - şəhərin
abadlaşdırılması, bazarların tikilməsi, yerli
ticarət, maarif, səhiyyəni himayə və s. ilə məhdudlaşdırılırdı.
Eyni zamanda, məhdud şəkildə "Şəhər
əsasnaməsi” 1874-cü ildə Bakı, Gəncə,
Şuşa, Nuxa, Naxçıvan və Ordubad şəhərlərinə
şamil edilmişdi. Göründüyü
kimi, o dövrdə məcburiyyətdən keçirilməsinə
icazə verilən bələdiyyə seçkiləri Azərbaycanın
bütün şəhərlərinə aid edilməmiş və
qəsdən keçirilməsi gecikdirilmişdir. Bələdiyyə
üzvlərinin hüquqlarının məhdudlaşdırılması
bir yana, seçkilərdə iştirak
silklər üzrə müəyyənləşdirilmiş, əhalinin
əsas hissəsi - ziyalılar və şəhərdə yaşayanlar
vətəndaş cəmiyyəti və hüquqi dövlətin
olmadığından seçkidən kənarda
qalmışlar.
Hazırda "vətəndaş
cəmiyyəti və hüquqi dövlət”in bərqərar
olduğu Azərbay-canda keçirilən seçkilərlə
çar Rusiyası dövründə aparılan bələdiyyə
seçkilərini müqayisə etməklə
görürük ki, ovaxtkı bələdiyyə seçkiləri
və onların fəaliyyətləri "vətəndaş
cəmiyyəti və hüquqi dövlət”in bərqərar
olmadığından asılılıq şəraitində
olmuşdur.
Belə müqayisələr
obyektiv olaraq göstərir ki, Azərbaycan müstəqillik
illərində demokratik cəmiyyət quruculuğu sahəsində
böyük inkişaf yolu keçmişdir. Aparılan
mütərəqqi islahatlar nəticəsində ölkəmizdə
demokratik və hüquqi dövlət qurulmuş,
xalqımızın xoşbəxt gələcəyi
üçün bütün təminatlar
yaradılmış, dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq
bərqərar olunmaqla, qanunun aliliyinə əsaslanan sivil vətəndaş
cəmiyyəti formalaşdırılmışdır. Bu gün Azərbaycan inkişaf etmiş ölkələr
arasında xüsusi yeri və böyük nüfuzu olan
dövlətdir.
Ölkəmizdə vətəndaş
cəmiyyəti institutlarının keçdiyi inkişaf
yoluna nəzər saldıqda istər-istəməz XX əsrin
90-cı illərinin əvvəlləri yada düşür. Xalqımız
ovaxt milli dövlətçiliyini bərpa etsə də,
çoxlu mənəvi sarsıntılara məruz
qalmış, böhranlı, ağrılı-acılı və
faciəli günlər yaşamışdır. Azərbaycanın müasir, demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin
təşəkkülü, milli-mənəvi dəyərlərə
qayıdışı Ulu Öndərin adı ilə
bağlıdır. 1993-cü ilin yayında xalqın
çağırışı ilə hakimiyyətə
qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizi
xaos və hakimiyyətsizlik bəlasından xilas etmiş,
içtimai-siyasi sabitliyin təmin edilməsinə nail
olmuş, bütün sahələrdə əsaslı
islahatların aparılması üçün zəmin
hazırlamışdır.
Hüquqi dövlətin Azərbaycan
modeli ümumxalq səsverməsi yolu ilə 12 noyabr 1995-ci ildə
qəbul edilmiş müstəqil Azərbaycanın
Konstitusiyası ilə gerçəkləşmişdir. 5 bölmə, 12 fəsil və
158 maddəni özündə birləşdirən Azərbaycan
Respublikasının Konstitusiyası insan hüquq və
azadlıqlarına üstünlük verən ən demokratik
konstitusiyalardan biridir. Bu ali qanunun
bütöv bir fəslinin və 60-a yaxın maddəsinin məhz
insan hüquq və azadlıqları ilə bilavasitə
bağlılığı dövlətimizin hüquqi və
demokratik prinsipləri uca tutmasını təsdiq edir. Konstitusiyanın "Əsas insan hüquqları və
azadlıqları” adlanan və 48 maddədən ibarət olan
III fəsli insan hüquqları və azadlıqlarının
geniş dairəsini nəzərdə tutur.
Heydər Əliyevin müəllifi
olduğu yeni Konstitusiya dövlət quruculuğu sahəsində
fundamental islahatlara yol açdı. Bu mühüm tarixi əhəmiyyətə
malik sənəd ölkəmizdə insan, vətəndaş
hüquq və azadlıqlarına lazımi təminatlar
yaratdı və yüz illər boyu bəşəriyyətin əldə
etdiyi mütərəqqi dəyərləri özündə əks
etdirdi. Müstəqil Azərbaycanın Konstitusiyası
insan hüquq və azadlıqlarının təminatı,
demokratik vətəndaş cəmiyyəti quruculuğunu
dövlətin ali məqsədi kimi müəyyən
etdi. Konstitusiyanın "vətəndaş cəmiyyətinin
bərqərar edilməsinə nail olmaq” müddəası
ölkəmizin sivil gələcəyinə hesablanmış dövlət
sisteminin qurulmasından xəbər verirdi. Belə ki,
1993-cü ildə ölüm cəzası üzərində
moratorium qoyulmuş, 1995-ci ildə əfvetmə institutu bərpa
edilməklə əfv komissiyası yaradılmış, 10
fevral 1998-ci il tarixdə isə Şərqdə
ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası
tamamilə ləğv edilmişdi.
1996-cı ildə Hüquqi
İslahat Komissiyası yaradıldı. "Bələdiyyələrə
seçkilər haqqında”, "Bələdiyyələrin
statusu haqqında” qanunların qəbulu və 1999-cu ilin dekabr
ayında Azərbaycan Respublikasında ilk bələdiyyə
seçkilərinin keçirilməsi hüquqi dövlət
quruculuğunun inkişafında reallaşdırılan
uğurlu islahatların bariz göstəricisidir.
Bələdiyyələrin
hüquqi statusu ilə bağlı əsas müddəalar Azərbaycan
Respublikasının Konstitusiyasında öz əksini
tapmışdır. Konstitusiya ilə yanaşı, yerli
özünüidarəni birbaşa tənzimləyən
iyirmiyə yaxın qanun qəbul edilmişdir. Bunlardan
"Bələdiyyələrin statusu haqqında”, "Bələdiyyənin
nümunəvi nizamnaməsinin təsdiq edilməsi
haqqında”, "Bələdiyyə qulluğu haqqında”,
"Bələdiyyə torpaqlarının idarə edilməsi
haqqında”, "Yerli (bələdiyyə) vergilər və
ödənişlər haqqında”, "Yerli rəy sorğusu
haqqında” sənədləri, "Bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması
qaydaları haqqında Əsasnamə”ni qeyd etmək olar.
Azərbaycan Respublikası
Konstitusiyasının dördüncü bölməsi
"Yerli özünüidarəetmə”, IX fəsli isə
"Bələdiyyələr” adlanır ki, burada yerli
özünüidarəetmənin təşkili, bələdiyyələrin
statusu, səlahiyyətləri haqqında Konstitusiya qanunu təsbit
edilmişdir.
2001-ci il
yanvarın 17-də dövlətimiz Avropa Şurasının
tamhüquqlu üzvlüyünə qəbul olunmuşdur.
2001-ci il dekabrın 25-də Azərbaycan
Respublikasının Milli Məclisi "İnsan
hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya
etmişdir.
Heydər Əliyev dövlətçilik
təliminə uyğun olaraq milli mənafenin, dövlətçilik
maraqlarının üstün tutulması Azərbaycan
Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin
təməl prinsipini təşkil edir. Azərbaycan Prezidentinin 7
dekabr 2011-ci il tarixli sərəncamı ilə
təsdiq olunmuş "Azərbaycan Respublikasında insan
hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”
insan və vətəndaş hüquqlarının müdafiəsi
sahəsində aparılan ardıcıl və məqsədyönlü
siyasətin parlaq nümunəsidir. Azərbaycan
Prezidentinin siyasətinin mərkəzində insan amili durur.
Dövlət siyasəti vətəndaşın
sosial rifahının, təhlükəsiz
yaşayışının təmin edilməsinə xidmət
edir.
Bələdiyyələrin fəaliyyət
göstərdiyi 20 illik dövrü nəzərdən
keçirərkən aydın olur ki, yerli özünüidarəetmə
işinin qurulmasında, uğur əldə edilməsində və
vətəndaş cəmiyyəti və hüquqi dövlət
quruculuğunda yerli özünüidarəetmə
orqanlarının rolunun təmin edilməsində bir sıra
mühüm şərtlər var. Belə ki, keçən
dövrdə bələdiyyə üzvlərinin və bələdiyyə
qulluqçularının peşəkarlıq səviyyəsi
artmışdır. 20 illik fəaliyyətin nəticəsi
olaraq yerli özünüidarəetmə sistemində təcrübəli
və peşəkar kadr heyəti formalaşmışdır.
Bələdiyyə üzvlərinin təhsil səviyyəsi
əvvəlki illərlə müqayisədə xeyli yüksəlmişdir.
2004-cü ildə keçirilmiş bələdiyyə
seçkilərində ali təhsillilərin sayı 7563 nəfər
olmaqla 34 faiz təşkil edirdisə, 2014-cü ildə
keçirilmiş son bələdiyyə seçkilərində
seçilmiş ali təhsilli bələdiyyə üzvlərinin
sayı 13434 nəfər olmaqla, 89,8 faiz təşkil
etmişdir. 2004-cü ildə bələdiyyə sədrlərinin
yalnız 44 faizini ali təhsilli şəxslər
təşkil edirdisə, hazırda rəsmi məlumata görə
bütün bələdiyyə sədrləri ali təhsillidir.
Bələdiyyə üzvləri
yaş fərqinə görə də gəncləşmişdir. Son dövrlər
dövlət qurumlarında müşahidə olunan gəncləşmə
siyasəti, gənclərin dövlət idarəçiliyində
önə çıxarılması və yüksək
postlara təyin edilmə prosesi yerli özünüidarəetmə
sistemində də gənclərin aktivliyinə səbəb
olmuşdur. Belə ki, respublika üzrə 2004-cü ildə
keçirilmiş bələdiyyə seçkilərində
seçilmiş gənc bələdiyyə üzvlərinin
sayı 500 nəfər olaraq, 2 faiz təşkil etmişdirsə,
2009-cu ildə bu rəqəm artaraq 4303 nəfər - 27,6 faiz
olmuşdur. 2014-cü ildə keçirilmiş bələdiyyə
seçkilərində isə seçilmiş gənclərin
sayı artaraq 5450 nəfər olmaqla 36,42
faizə kimi yüksəlmişdir. Ən
yaxşı hal olaraq bələdiyyə üzvləri
arasında qadınların sayında artım olmuşdur.
Qadınların ölkənin ictimai-siyasi həyatında
iştirakında və mühüm dövlət orqanlarına
irəli çəkilmə hallarıında ötən illərlə
müqayisədə yüksək göstəricilik
müşahidə edilmişdir. Cinsi
ayrı-seçkilik olmadan kişilərlə bərabər
hüquqlu vətəndaş olmasına dövlət idarəçiliyində
və ümumiyyətlə, ictimai-siyasi sahədə
qadınların atkivliyinə Azərbaycan Respublikasının
Konstitusiyasının 25-ci maddəsinin II bəndinə əsasən
təminat verilmişdir. Ölkənin
ictimai-siyasi həyatında qadınların fəallığının
artması bələdiyyə sistemində də
özünü göstərmişdir. Bələdiyyə
üzvü seçilmiş qadınların sayı ilk
seçkilərlə müqayisədə 6 dəfə artaraq
5236 nəfər olmuşdur. Bu isə bələdiyyə
üzvlərinin sırasında qadınların payının
4 faizdən yüksələrək 35 faiz təşkil etməsi
deməkdir. Bütün bu göstərilən
şərtlər vətəndaş cəmiyyəti və
hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə
orqanlarının rolunun artmasını şərtləndirən
amillər olmuşdur.
Bu ilin dekabr ayında
keçiriləcək yeni bələdiyyə seçkiləri
ərəfəsində olduğumuzu nəzərə alaraq bəzi
fikirlərimi də bildirmək istərdim. Bəzən bələdiyyə
üzvləri öz fəaliyyətlərində gözləmə
və yaxud müşahidəçi qismində iştirak edən
kimi görünürlər. Yaxşı
olar ki, onlar təşəbbüskar olsunlar və fəallıqlarını
artırsınlar. Görüşlər
keçirsinlər. Bu görüşlərə
"Vətəndaş cəmiyyəti və hüquqi dövlət
quruculuğu”ndan danışmaq üçün
tanınmış mütəxəssislər, ziyalılar,
hüquqşünaslar, hüquq mühafizə
orqanlarının nümayəndələri dəvət
olunsa, daha faydalı olardı.
Respublikada aparılan hərtərəfli
quruculuq işləri və yerli özünüidarəetmə
orqanlarının fəaliyyəti göstərir ki, əsası
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və
ölkə rəhbəri İlham Əliyev tərəfindən
uğurla davam etdirilən islahatlar və quruculuq işləri
respublikanın bütün regionlarını əhatə etməkdədir. Azərbaycanda
inteqrasiya prosesinin gücləndiyi, hüququn müasir
inkişafı və keçirilən islahatların məntiqi
davamı kimi, Konstitutsiya islahatlarının aparılması zərurətə
çevrilmişdir. Məhz bu zərurətdən
qaynaqlanaraq 2002, 2009 və 2016-cı illərdə referendum
keçirilməklə Konstitusiyamıza əlavələr və
dəyişikliklər edilmişdir.
Azərbaycan hazırda
Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə
inkişaf edir və qarşıya qoyulan hədəflərə
doğru inamla irəliləyir. Ölkə rəhbərinin
xalqın intellektual potensialının, təhsilinin, elminin, mədəniyyətinin
inkişafı naminə imzaladığı silsilə fərmanlar,
sərəncamlar və bugünkü uğurlar bizə əsas
verir deyək ki, Azərbaycanda vətəndaş cəmiyyəti
və hüquqi dövlət quruculuğunda yerli
özünüidarəetmə orqanlarının rolu əvəzsizdir.
Şikar QASIMOV,
Azərbaycan
Texniki Universitetinin
kafedra müdiri, professor
Azərbaycan.-
2019.-15 dekabr.- S.5.