“Qarabağ aşıq mühiti” monoqrafiyası işıq üzü görüb
Filologiya elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Folklor kafedrasının müəllimi, "Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi Almara Nəbiyevanın "Qarabağ aşıq mühiti” adlı monoqrafiyası işıq üzü görüb.
Kitabda Azərbaycanın ayrı-ayrı aşıq mühitlərinin, o cümlədən Qarabağ aşıq mühitinin diferensial şəkildə öyrənilməsi yeni-yeni folklor faktlarını üzə çıxarır və Azərbaycan aşıq sənətinin bütövlükdə dəyərləndirilməsi işini asanlaşdırır. Monoqrafiyada aşıq sənətinin əsas mühitlərindən olan Qarabağ aşıq mühitinin ustad aşıqları və el şairləri haqqında maraqlı məlumatlar verilib, onlar tədqiqata cəlb olunub və araşdırılıb.
Araşdırmanın obyekti müasir dövr aşıq yaradıcılığının Qarabağ mühitidir. Klassik Qarabağ aşıqları barəsində xeyli araşdırmalar aparılsa da, bu folklor ocağı indiyə qədər bütünlükdə konkret monoqrafik tədqiqat obyekti olmayıb. Odur ki, elmi işin predmeti Qarabağ aşıq mühitinin folklor və ədəbiyyat tariximizdəki səviyyəsinin müəyyənləşdirilməsindən, onun müasir nümayəndələrinin yaradıcılığının müqayisə və paralellər əsasında filoloji yöndən araşdırılmasından, sənətkarlıq və ifaçılıq məsələlərinin öyrənilməsindən, klassik ənənənin bu mühitin sənətkarlarının yaradıcılığında tutduğu yeri və mühitin özünəməxsus sənətkarlıq xüsusiyyətlərini araşdırmaqdan ibarətdir.
Kitabda müasir dövr aşıq yaradıcılığının Qarabağ mühiti əsasında təhlili gələcəkdə regionlar aspektindən aparılacaq tədqiqatların araşdırma prinsiplərinə cavab verən mülahizələr baxımından nümunə sayıla bilər.
Qarabağ folklorunun araşdırılmasında müstəsna rolu olan bu monoqrafiyanın redaktoru filologiya üzrə elmlər doktoru, professor Səhər Orucovadır. Rəyçiləri Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya üzrə elmlər doktoru Məhərrəm Qasımlı və professor Nizami Xəlilovdur. Kitabın ali məktəblərdə filoloji təhsildə vəsait kimi istifadə edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, "Qarabağ aşıq mühiti” Almara Nəbiyevanın işıq üzü görmüş sayca beşinci kitabıdır. O, 50-dən artıq elmi məqalənin müəllifidir.
X.MURADLI
Azərbaycan.-
2019.-15 dekabr.- S.6.