Şəki növbəti dəfə Prezident
Kuboku uğrunda
çövkən milli oyununa
evsahibliyi edir
Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən yaradılan və Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Milli Atüstü Oyunları Mərkəzində Prezident Kuboku uğrunda milli atüstü oyunlarının keçirilməsi artıq ənənə halını alıb. Oyunlar respublika ictimaiyyətində böyük marağa səbəb olmaqla xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə xidmət edir.
Dekabrın 13-də Respublika Milli Atüstü Oyunları Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar başlanıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlarda Şəki, Ağcabədi, Ağstafa və İsmayıllı Regional Mədəniyyət idarələrinin təmsilçiləri, həmçinin Bakı şəhərinin "Buta”, "Qala”, "Qarabağ”, "Köhlən”, "Murad”, "Omar”, "Polad” və "Sərhədçi” komandaları mübarizə aparırlar.
Dekabrın 14-də Prezident Kuboku uğrunda çövkən oyunu üzrə yarışların rəsmi açılış mərasimi olub. Tədbirdə Mədəniyyət Nazirliyinin, Atçılıq Federasiyasının, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, nazirliyin regional idarələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımızın yenidən sahib olduğu milli dəyərlər sırasında atüstü milli oyunlar ön cərgələrdə yer tutur. Son illər ölkəmizdə qədim tarixə malik atçılıq ənənələrinin bərpasına, atüstü milli oyunlarımızın qorunub saxlanılmasına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin fərmanı ilə 2006-cı ildə Şəki rayonunda yaradılan Respublika Atçılıq Turizm Mərkəzi (hazırda Respublika Milli Atüstü Oyunları Mərkəzi adlanır) xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə çox böyük töhfələr verir. Mərkəzin yaradılmasında əsas məqsəd milli atüstü oyunlara yeni həyat vermək, ölkəmizdə atçılıq turizmini təbliğ etmək, gənc nəsildə bu sahəyə maraq oyatmaqdır.
Vurğulanıb ki, UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2013-cü ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyununun təşkilatın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasının çox böyük əhəmiyyəti var. Çövkən oyununun bu siyahıya daxil edilməsi ölkəmizdə mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlərin, aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.
Musiqi kollektivinin çıxışından sonra komandalar cəngi sədaları altında tribunanın önündən keçərək meydana daxil olublar.
Sonra tamaşaçılar Şəki və "Qarabağ” komandaları arasında oyunu izləyiblər. Gərgin keçən qarşılaşmada Şəki rayonunun təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Bir gün əvvəl keçirilən qrup oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:
"Omar” - "Murad”
5:1, "Polad” - "Qarabağ”
8:1, "Buta” - "Köhlən”
3:0, "Sərhədçi” - "Qala” 4:1.
Qrup oyunları dekabrın 16-dək
davam edəcək. Yarımfinal və
final qarşılaşmaları dekabrın 22-24-də Bakıda,
Binə Atçılıq
Mərkəzində keçiriləcək.
Yarış qaliblərinə Mədəniyyət Nazirliyinin
diplomu və pul mükafatları təqdim ediləcək.
Azərbaycan.-
2019.- 15 dekabr.- S.8.