Prezident İlham Əliyevin və Prezident Vladimir Zelenskinin təkbətək görüşü

 

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynanın Prezidenti Vladimir Zelenskinin təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, Prezident Vladimir Zelenskini salamlayan Prezident İlham ƏLİYEV dedi:

 

-Hörmətli cənab Prezident, mən Sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Əminəm ki, səfəriniz uğurlu olacaq və Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcəkdir. Fürsətdən istifadə edərək, prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edirəm. Şadam ki, qələbədən bir neçə ay sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, onu göstərir ki, Siz Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına böyük diqqət göstərirsiniz. Bizbu münasibətlərə böyük diqqət göstəririk.

İkitərəfli gündəlik kifayət qədər genişdir. Bu gün həm siyasi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq, humanitar və digər sahələrdə əlaqələr müzakirə olunacaq. Əminəm ki, keçiriləcək danışıqlar və imzalanacaq sənədlər bizim əlaqələrimizi daha da möhkəmləndirəcək.

Bir daha xoş gəlmisiniz.

 

***

 

Ukrayna Prezidenti Vladimir ZELENSKİ dedi:

-Cənab Prezident, xoş sözlərinizə görə təşəkkür edirəm. Azərbaycana rəsmi səfərə dəvət edilməyimə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Səmimi demək istəyirəm ki, mən bundan əvvəl Azərbaycanda səfərdə olmuşam. Azərbaycana hər səfərimdən sonra mən Ukraynaya yeni hisslərlə, yeni emosiyalarla yeni dostlarla qayıdıram. Azərbaycan çox qonaqpərvər torpaqdır. Fürsətdən istifadə edərək, Sizi Ukraynaya rəsmi səfərə dəvət edirəm. Əmin edirəm ki, biz olduqca qonaqpərvər bir ölkəyik.

Ölkələrimiz arasında hazırda da olduqca möhkəm münasibətlər var. Əminəm ki, bu səfərin nəticəsi olaraq biz onu yeni mərhələyə qaldıra biləcəyik. Azərbaycana minnətdarlığımızı bildirmək istəyirik ki, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Xahiş edirəm biləsiniz ki, biz də, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünüsuverenliyini dəstəkləyirik.

 

Azərbaycan.- 2019.- 18 dekabr.- S.2.