“Azərbaycanda ərzaq və kənd təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” mövzusunda milli seminar keçirilmişdir

 

17 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki və maliyyə dəstəyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində ərzaq və kənd təsərrüfatı sahəsində özəl sektorun rolunu əks etdirən seminar təşkil edilmişdir.

"Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-in yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” layihəsi çərçivəsində təşkil edilmiş tədbirdə dövlət müəssisələri, beynəlxalq təşkilatlar, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri daxil olmaqla 180 nəfər iştirak etmişdir.

Seminarı giriş sözü ilə açan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev seminar iştirakçılarını salamlayaraq qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və iqtisadi islahatlar nəticəsində Azərbaycanda sahibkarlığın inkişafı, xüsusən də dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atılır.

Ölkədə qeyri-neft sektorunun, regionların inkişaf səviyyəsinin artan dinamikası Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş milli sahibkarlığın formalaşmasının bariz nümunəsidir.

Məruzəçi seminar iştirakçılarının diqqətinə çatdırdı ki, 12-13 noyabr 2019-cu il tarixdə Hindistanın Dehli şəhərində keçirilmiş Kənd Təsərrüfatının Maliyyələşdirilməsi üzrə VI Dünya Konqresində Davamlı İnkişaf Məqsədlərinin vacibliyini bir daha təsdiqləyərək, konqresdə 2030-cu ilədək aclıq təhlükəsini aradan qaldırmaq üçün kənd təsərrüfatına maliyyə yardımları təşəbbüslərinə dəstək verilməsi məsələsi müzakirə olundu. Dünya konqresində qeyd edilib ki, kənd yerlərində yoxsulluğun aradan qaldırılması və kənd təsərrüfatında məşğulluğun davamlı inkişafını təmin etmək məqsədilə kənd təsərrüfatının maliyyələşməsi ilə məşğul olan banklar, bank olmayan kredit təşkilatları, mikro-maliyyə və digər təşkilatların rolu artırılmalı, habelə onlar üçün müvafiq şərait yaradılmalıdır.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti qeyd etdi ki, iqtisadiyyatın şaxələndirilməsi və neft amilindən asılılığın aradan qaldırılması ilə bağlı tədbirlər sırasında kənd təsərrüfatı mühüm yer tutur. Bu il iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz artmışdır. Əlavə dəyərin 6,2 faizi məhz kənd təsərrüfatının payına düşür. 2019-cu ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının faktiki qiymətlərlə dəyəri 6.9 milyard manat təşkil etmişdir. 2019-cu ilin 10 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulu ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artmışdır.

Hazırda Azərbaycanda özəl sektorun ÜDM-də payı 84 faizə çatmışdır. Respublikada məşğul əhalinin 76 faizi özəl sektorda çalışır.

M.Musayev bildirdi ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində 14 komissiya fəaliyyət göstərir. Bunlardan biriAqrar inkişaf komissiyasıdır. Bu komissiyada aqrar sektorun müxtəlif istiqamətləri, sahibkarların qarşılaşdığı çətinliklər, mövcud qanunvericiliklə bağlı təşəbbüslər müzakirə olunaraq hökumətə təqdim edilir.

Dayanıqlı inkişaflayiqli əməyin təmin olunması Beynəlxalq Əmək Təşkilatı ilə konfederasiya arasında əməkdaşlığın prioritet sahəsini təşkil edir. Layiqli əmək üzrə ölkə proqramında əksini tapan prioritetlər üzrə sahibkarların vəzifə və öhdəlikləri təşviq edilir, bu sahəyə töhfə verilməsinə çalışılır.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, seminar "2030-cu il Dayanıqlı İnkişaf Gündəliyi” haqqında məlumatlılığı artırmaq və Azərbaycanda DİM-in tətbiq edilməsinin rolu və cəlb edilməsi üzrə dövlət və özəl sektor arasında müzakirəni asanlaşdırmaq məqsədi daşıyır.

Kənd təsərrüfatı sahəsi Azərbaycanda, xüsusilə kənd yerlərində iqtisadi artımın və dayanıqlı inkişafın sürətləndirilməsində mühüm rol oynayır. Bu sahə neft sənayesi və inşaat sektorundan sonra ölkədə üçüncü ən böyük sektordur.

O, bildirdi ki, DİM-in özəl sektorun biznes modellərinə inteqrasiyası və dayanıqlı inkişaf üzrə hesabatla bağlı məlumatları və bölgədəki ən yaxşı təcrübələr, eləcə də iqlim dəyişikliyinə və ölkə tərəfindən müəyyən edilmiş töhfələrə xüsusi diqqət yetirməklə ümumi maraq dairələrində milli özəl sektorun iştirakını səfərbər etməyin yollarının müzakirəsi üzrə məlumat mübadiləsinə ehtiyac vardır.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çıxış edərək qeyd etdi ki, əhalinin sağlamlığına, qidasu təhlükəsizliyinə qlobal iqlim dəyişikliyinin təsirləri artıq özünü göstərir. BMT-nin "2030-cu il Dayanıqlı İnkişaf Gündəliyi”ndə duran məsələlərin həyata keçirilməsi nəticəsində iqlim dəyişikliyinə nəzarət edilməsi zərurəti yaranıb. Dayanıqlı inkişafa sərmayə qoyuluşları iqlimin davamlılığını gücləndirməklə iqlim dəyişikliyinin qarşısını almağa kömək edir. İqlim dəyişikliyinə qarşı tədbirlər görmədən dayanıqlı inkişafa nail olmaq mümkün deyil. Ona görə də DİM-in bir qismi iqlim dəyişikliyinə təkan verən əsas səbəblərin aradan qaldırılmasına yönəlmişdir.

Daha sonra Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxış edərək, ölkədə ərzaq təhlükəsizliyinin artırılmasına səbəb olan dayanıqlı qida və kənd təsərrüfatını təmin etmək, qida və kənd təsərrüfatı istehsalı sistemlərinin məhsuldarlığını artırmaq, kənd təsərrüfatı istehsalını şaxələndirmək istiqamətində Azərbaycan hökumətinin səylərini dəstəklədiklərini bildirdi. Qeyd olundu ki, qida sektoru ümumi istehsalın 32 faizini təmin edən qeyri-neft sənayesinin əhəmiyyətli bir hissəsini tutur.

Seminarda Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi Melek Çakmak və digər məsul şəxslər çıxış etdilər.

Daha sonra seminar panellərdə 4 sessiya ilə işini davam etdirdi.

Sessiyalarda müasir dövr üçün perspektiv olan məsələlər müzakirə edildi. 1-ci sessiyada "2030-cu il gündəliyi, Ərzaq və Kənd Təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsində özəl sektorun rolu”, 2-ci sessiyada "Biznes fəaliyyətində DİM-in yerinə yetirilməsini dəstəkləyən potensialın inkişafı”, 3-cü sessiyada "Özəl sektor və DİM, region üzrə təcrübələr”, 4-cü paneldə "Birgə maraq doğuran sahələrdə milli özəl sektorun iştirakının səfərbər edilməsi, iqlim dəyişikliyi və müəyyən edilmiş milli töhfələrə baxış” kimi mövzuların ətrafında müzakirələr aparıldı.

Həmin gün sessiyalardakı müzakirələrdən sonra seminar öz işini başa çatdırdı.

 

Azərbaycan.- 2019.- 18 dekabr.- S.7.