Yeni mərhələ

 

Prezident İlham Əliyevlə Vladimir Zelenski arasındakı qarşılıqlı etimad Azərbaycan-Ukrayna əlaqələrinin inkişafında önəmli rol oynayacaq

 

Dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən Azərbaycan əksər dövlətlərlə münasibətlərini inkişaf etdirməkdədir. Tam müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur.

Bununla yanaşı, Azərbaycanın bir çox dövlətlərlə strateji tərəfdaşlıq, səmimi dostluq-qardaşlıq münasibətləri də mövcuddur. Onlardan biri də Ukraynadır. İki ölkəni və xalqları dostluq münasibətləri birləşdirir. Dekabrın 16-17-də bu ölkənin Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə aparılan danışıqlar, imzalanan sənədlər, keçirilən digər görüşlər də bu münasibətlərə müsbət impuls verdi.

 

27 illik uğurlu diplomatik münasibətlər

 

İki ölkə arasında diplomatik əlaqələr 31 yanvar 1992-ci ildə yaradılıb. 1996-cı ildə Ukraynanın ölkəmizdə, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılıb.

Münasibətlərin əsasını 16 mart 2000-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə və 22 may 2008-ci il tarixli dostluqstrateji tərəfdaşlıq haqqında bəyannamə təşkil edir. Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir.

BMT, AŞ, QDİƏT, GUAM, MDB və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycanla Ukrayna məsləhətləşmələr aparır və ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verir. Eyni zamanda iki ölkə terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə sahəsində fəal əməkdaşlıq edir.

Prezident İlham Əliyevin söylədiyi kimi, əlamətdar haldır ki, hələ 1918-1920-ci illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda fəaliyyət göstərən 16 xarici dövlətin diplomatik missiyaları arasında Ukraynanın da nümayəndəliyi olub.

 

İmzalanan sənədlər əlaqələrin daha da genişlənməsinə töhfəsini verəcək

 

Bu səfər zamanı iki ölkənin dövlət başçısı arasında mühüm görüş keçirildi, qarşılıqlı əlaqələr bir daha müzakirə olundu. Bəlli oldu ki, iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Bu səfər zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər isə əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcək.

İki ölkə arasında bir neçə yeni sənəd imzalandı. Bunlar Gəncə şəhəri və Odessa şəhəri arasında Niyyət Protokolu, Quba şəhəri ilə Truskavets şəhəri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müqavilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə Ukraynanın Dövlət Xüsusi Rabitə və Məlumatın Mühafizəsi Xidməti Administrasiyası arasında Bakı-Kiyev dövlətlərarası hökumət rabitə xəttinin təşkil edilməsi haqqında sazişlərdir.

Ümumiyyətlə, iki ölkə arasında indiyədək 130-dan çox sənəd imzalanıb. Ukrayna Prezidentinin bu səfəri zamanı imzalanan sazişlər və aparılan danışıqlar isə Azərbaycan və Ukrayna arasındakı münasibətlərə yeni təkan vermək üçün ortaq səy və siyasi iradənin olduğunu təsdiqlədi.

 

374 milyon dollarlıq sərmayə, 20 faiz artan ticarət dövriyyəsi

 

Dekabrın 17-də Bakıda keçirilən Azərbaycan-Ukrayna biznes forumunda isə iki ölkə arasında mövcud olan iqtisadi-ticari münasibətlərin daha da şaxələndirilməsi yolları müzakirə edildi.

Öncə onu qeyd edək ki, son statistik məlumata görə, Ukrayna iqtisadiyyatına Azərbaycanın sərmayələri 374 milyon dollar, Azərbaycan iqtisadiyyatına Ukrayna sərmayələri isə 25 milyon dollardır. Hazırda Azərbaycanda Ukrayna kapitallı 150-dən artıq şirkət fəaliyyət göstərir.

2018-ci ildə ölkəmizlə xarici ticarət dövriyyəsinin həcminə görə Ukrayna 10-cu yeri tutub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında Ukrayna ilə ticarət dövriyyəsi 20 faiz artıb.

Biznes forumda çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Ukraynada SOCAR-ın nümayəndəliyi fəaliyyət göstərir. Ukrayna ərazisində SOCAR-ın 62 yanacaqdoldurma məntəqəsi "SOCAR Energy Ukraine” şirkətinə aid 4 neft bazası mövcuddur.

2018-ci ildən Kiyevdə Azərbaycan Ticarət Evi fəaliyyət göstərir, dekabrın 17-də isə Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Bakıda "Ukrayna məhsullarıMərkəzi Kompleksi, dünən isə "Ukrayna Ticarət Ev”nin açılışı olub.

 

Hələ istifadə olunmamış çox böyük potensial var

 

"Bizim aramızda yaranan qarşılıqlı etimad, əminəm ki, Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli rol oynayacaq”. 90-dan çox Ukrayna, 100-dən artıq Azərbaycan şirkətinin iştirak etdiyi biznes forumda bu fikirləri səsləndirən cənab İlham Əliyev həm qeyd etdi ki, bu görüş biznes dairələri arasındakı əlaqələrə müsbət təsir göstərəcək.

Ancaq iki ölkə arasında iqtisadi sahədə istifadə olunmamış çox böyük potensial var. Ona görə bu il ticarət dövriyyəsinin artmasına baxmayaraq, mütləq rəqəmlər dövlət başçılarını qane etmir: "Xüsusilə Azərbaycanın Ukraynaya ixracı birtərəflidir, yəni bu, enerji daşıyıcıları əsasında formalaşır. Biz çox istərdik ki, Ukraynaya ixracımızı şaxələndirək bu məqsədlə bir neçə addım atılmışdır, o cümlədən keçən il Kiyevdə Azərbaycanın ticarət evi açılmışdır. Hesab edirəm ki, belə ticarət evlərinin sayı çox olmalıdır bu gün Bakıda Ukraynanın ticarət mərkəzi açılmışdır. Bu da çox gözəl hadisədir”.

 

Əməkdaşlıq üçün çox geniş imkanlar var

 

Prezidentlər arasında müzakirə olunan məsələlərdən biri nəqliyyatla bağlı idi. Çünki iki ölkə arasında bu sahədə əməkdaşlıq üçün çox geniş imkanlar var.

Cənab İlham Əliyev hesab edir ki, Azərbaycan Ukraynanın nəqliyyat infrastrukturunu ölkəmizin nəqliyyat infrastrukturu ilə birləşdirə vahid tarif siyasəti apara bilsə, iki dövlətin ərazisindən keçən yükdaşımaların həcmi kəskin artar.

Prezident Vladimir Zelenski isə Ukraynanın 400-dən çox müəssisəsinin özəlləşdirmə üçün hazır olduğunu deyərək vurğuladı ki, çoxlu infrastruktur layihələrini həyata keçirmək niyyətindədirlər. Hətta 16 min kilometr yol inşa etməyə hazırdırlar: "Biz bunun marağındayıq ki, Azərbaycan şirkətləri Ukraynada yollar tiksinlər. Bilirik ki, onlar başqa ölkələrdə uğurla işləyirlər. Hamıya məlumdur ki, Azərbaycanın "Bakcellmobil operatoru Ukrayna bazarına daxil olub onun investisiyaları 700 milyon dollara yaxındır. Ukrayna dövləti olaraq bizim vəzifəmiz bu investisiyaları qorumaqdır. Əlbəttə, bütün bunlar qarşılıqlı etimad səviyyəsində həyata keçirilir. Biz çox istəyirik ki, Azərbaycan Ukraynaya sərmayə yatırsın. Biz, həmçinin istəyirik ki, Ukrayna da Azərbaycanda təmsil olunsun. Bizim güclü iqtisadi münasibətlərimiz, həmçinin tarixi münasibətlərimiz var”.

Prezident, həmçinin dedi ki, SOCAR şirkəti ilə çox səmimi tərəfdaşlıq, dostluq münasibətləri mövcuddur. Ukrayna-Azərbaycan əməkdaşlığından söz düşəndə dərhal SOCAR xatırlanır. Ona görə bu əməkdaşlığın daha da genişlənməsi arzu olunur. Dövlət başçısının sözlərinə görə, Ukrayna hökuməti SOCAR şirkətinin köməyi ilə sərhədin ayrı-ayrı hissələrində xidmətlər təqdim edilməsi üzrə bütöv komplekslər tikib gələcəkdə bu fəaliyyəti genişləndirmək niyyətindədirlər.

Vladimir Zelenskinin Azərbaycana rəsmi səfəri Ukrayna-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişafının göstəricisidir. Ancaq dövlət başçıları arasında aparılan danışıqlardan, biznes forumda səslənən fikirlərdən bəlli oldu ki, hər iki tərəf iqtisadi-ticari münasibətlərin daha da inkişafının tərəfdarıdır. Çünki iki ölkə arasında ikitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün geniş potensial əlverişli imkanlar mövcuddur.

Əminliklə deyə bilərik ki, Vladimir Zelenskinin Ukrayna Prezidenti kimi Azərbaycana ilk səfəri, imzalanan yeni sazişlər razılaşmalar iki ölkənin siyasi-iqtisadi, sosial-mədəni münasibətlərini yeni inkişaf mərhələsinə yüksəldəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 19 dekabr.- S.1; 3.