İkitərəfli münasibətlərin möhkəmlənməsində
parlamentlərarası əməkdaşlığın rolu mühümdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Görüşdə bu yaxınlarda TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin tarixi hadisə olduğu vurğulandı və bu, Türkiyə-Azərbaycan birliyinin növbəti nümayişi kimi dəyərləndirildi. Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji sahələrində uğurlu nəticələr verdiyi bildirildi, dövlət başçıları arasında mütəmadi görüşlərin bu əlaqələrin genişləndirilməsi işinə xüsusi töhfə verdiyi qeyd olundu.
Söhbət zamanı ikitərəfli münasibətlərimizin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın rolu vurğulandı.
Görüşdə, həmçinin TÜRKPA-nın IX plenar iclasının əhəmiyyətinə toxunuldu, Azərbaycanın Türk Şurasına uğurla rəhbərlik etməsinin və təşkilata dünyada marağın getdikcə artmasının önəmi qeyd olundu, bu qurum çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu bildirildi.
Azərbaycan.- 2019.- 19 dekabr.- S.1.