TÜRKPA-nın Azərbaycanda keçirilən IX plenar iclasında Qazaxıstan da yüksək səviyyədə təmsil olunur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Qazaxıstan Parlament Məclisinin Sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Nurlan Niqmatulin Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə Türk Şurasının üzv ölkələrinin prezidentlərinin birgə qərarı ilə Türk Şurasının fəxri sədri adının verilməsinə görə qazax xalqı adından səmimi minnətdarlığını bildirdi. Qonaq Bakıda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi.

Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevə və Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Görüşdə Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevlə Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında şəxsi dostluğun xalqlarımız arasında münasibətlərin inkişafında böyük rol oynadığı vurğulandı, Prezident İlham Əliyevin ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi işinə verdiyi töhfələr xüsusi qeyd olundu.

Söhbət zamanı Azərbaycanla Qazaxıstan arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, energetikaiqtisadi sahələrdə uğurla inkişaf etdiyi bildirildi, dövlət başçıları arasında görüşlərin bu münasibətlərin möhkəmləndirilməsi baxımından önəmi vurğulandı.

Görüşdə, həmçinin Azərbaycanda yaxşı investisiya mühitinin olduğu, ölkəmizin investisiyalar üçün cəlbediciliyinin beynəlxalq qurumlar tərəfindən də təsdiq edildiyi bildirildi.

Söhbət zamanı parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunuldu, TÜRKPA-nın Azərbaycanda keçirilən IX plenar iclasında Qazaxıstanın da yüksək səviyyədə təmsil olunduğubu tədbirin münasibətlərimizin inkişafına töhfə verdiyi qeyd edildi.

 

Azərbaycan.- 2019.- 19 dekabr.- S.2.