TÜRKPA-nın IX plenar
iclasının iştirakçıları Ulu
Öndər Heydər Əliyevin məzarını və
Şəhidlər xiyabanını ziyarət ediblər
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Bakıda keçirilən IX plenar iclasının iştirakçıları dekabrın 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, sonra Şəhidlər xiyabanına gedən iclas iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Daha sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə əklil, şəhidlik kitabəsinin üstünə gül dəstələri qoyulub.
Azərbaycan.- 2019.- 19 dekabr.- S.2.