Milli Məclisdə TÜRKPA-nın Hüquq
Məsələləri və beynəlxalq əlaqələr
komissiyasının iclası olub
Dekabrın 18-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komissiyanın iclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament nümayəndələri və ekspertlər iştirak ediblər.
Komissiyanın sədri İsmet Uçma iclası açaraq TÜRKPA-nın Bakıda keçirilən 9-cu plenar iclasına uğurlar arzulayıb. Qeyd edib ki, TÜRKPA yarandığı gündən etibarən çox səmərəli fəaliyyət göstərir. Qurumun ötən müddətdə keçirilən komissiya və plenar iclaslarının, müxtəlif mövzulara həsr olunmuş digər tədbirlərin ən böyük hədəfi qardaş ölkələrin parlamentləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir.
Sonra İsmet Uçma iclasın gündəliyinə daxil edilən məsələləri təqdim edib. Bildirilib ki, iclasda yenidən işlənmiş hüquqi sənədlər, o cümlədən TÜRKPA-nın Reqlamentı və Katibliyi haqqında Əsasnamə layihələri, TÜRKPA seçki müşahidəsi haqqında Əsasnamə, “Turizm haqqında” və “Qeyri-maddi mədəni irsin qorunması haqqında” model qanun layihələri müzakirəyə çıxarılacaq. Gündəlik maddələrlə səsə qoyularaq qəbul edilib.
Diqqətə çatdırılıb ki, TÜRKPA tarixində ilk dəfə olaraq model qanun layihələri hazırlanıb və bu, quruma üzv ölkələrin milli qanunvericilik aktlarının bir-birinə uyğunlaşdırılması baxımından çox önəmlidir.
Komissiya sədri Azərbaycanda 2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkilərinin müvəffəqiyyətlə keçəcəyinə inamını bildirib.
İclasda çıxış edən Milli Məclisin deputatı Cavanşir Feyziyev “Turizm haqqında” model qanun layihəsinin Azərbaycan tərəfindən hazırlandığını söyləyıb və sənəd barədə ətraflı məlumat verib. Bildirilib ki, turizm hər bir ölkənin inkişafı üçün əhəmiyyətli sahələrdən biridir. Ölkəmizdə də bu istiqamətdə zəruri addımlar atılır.
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” model qanun layihəsini təqdim edən Türkiyə Böyük Millət Məclisinin üzvü Yüksel Özkan sənəddə ehtiva olunan məsələlərin mahiyyəti barədə danışıb.
Müzakirələr zamanı çıxış edən Qazaxıstan parlamentinin üzvü, komissiyanın sədr müavini Nurlan Dulatbekov, Qırğızıstan Joqorku Keneşinin üzvü Ruslan Çoybekov, Azərbaycan Milli Məclisinin deputatı Hikmət Məmmədov model qanun layihələri barədə fikirlərini söyləyib, onların əhəmiyyətindən söhbət açıb, sənədlərdə əks olunmuş məsələlərin aktuallığını vurğulayıblar.
Komissiya sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü İsmet Uçma iclasın faydalı keçdiyini bildirib, komissiya üzvlərinə qurumun uğurlu fəaliyyətində göstərdikləri səylərə görə təşəkkür edib.
Azərbaycan.- 2019.- 19 dekabr.- S.2.